Yelisey sarayında strateji vəzifələrə təyinat dalğası başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron 2027-ci ilin mayında keçiriləcək prezident seçkiləri ərəfəsində mümkün sağçı hakimiyyət ssenarisinin qarşısını almaq üçün öz müttəfiqlərini strateji postlara yerləşdirməyə çalışır.
Saytın mənbələrinə görə, Makron gələcəkdə hakimiyyətə gələ biləcək sağ yönümlü prezidentin siyasi kursunu məhdudlaşdırmaq məqsədilə kadr dəyişikliklərini sürətləndirib. Mənbələrdən biri bildirib ki, prezident “yaxınlaşan təhlükədən narahatdır və öz mövqelərini möhkəmləndirmək istəyir. Bütün məsələlər 2027-ci il seçkilərinə qədər həll olunacaq”.
Məlumata görə, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Byurkarın dəyişdirilməsi də daxil olmaqla bir sıra təyinatlar məhz bu strategiyanın tərkib hissəsidir. Məqsəd kifayət qədər nüfuzlu şəxsləri əsas vəzifələrə gətirərək sağçı “Milli Birlik” partiyasının mümkün mübahisəli təşəbbüslərinə qarşı institusional balans yaratmaqdır. Bu təşəbbüslər arasında Parisin NATO-nun birləşmiş komandanlıq strukturundan çıxması kimi radikal addımların da adı çəkilir.
Dəyişikliklərin Fransa Xarici İşlər Nazirliyini də əhatə edəcəyi bildirilir. Yaxın aylarda Vaşinqton, London, Berlin və Kiyev də daxil olmaqla 60-dan çox diplomatik nümayəndəlikdə yeni səfirlərin təyin olunacağı gözlənilir.
Bu addımlar Makronun siyasi karyerasının son mərhələsində “tarixə iz qoymaq” cəhdindən daha çox sağçı “Milli Birlik”in mümkün hakimiyyəti fonunda dövlət institutlarını qorumaq məqsədi daşıyır.
Son sorğular göstərir ki, “Milli Birlik”in parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci il prezident seçkilərində potensial namizədlər arasında ön sıralardadır və partiyanın digər lideri Jordan Bardella ilə reytinq yarışındadır.
Fransada qarşıdakı iki il həm daxili siyasi balans, həm də Avropanın gələcək istiqaməti baxımından həlledici mərhələ kimi qiymətləndirilir.
Musavat.com






