Yerli avtomobil sənayesinin dəstəklənməsi üçün də müvafiq güzəştli vergi rejimi tətbiq ediləcək. Təklif olunan dəyişiklikdə balıqçılıq (balıq kürüsünün istehsalı istisna olmaqla) kənd təsərrüfatı məhsullarının istehsalına aid edilməklə aqrar sahəyə verilən güzəştlər balıqçılığa da şamil olunacaq.
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisdəki müzakirələr zamanı komitə sədri Azər Əmiraslanov bildirib.

Komitə sədri əlavə edib ki, media sahəsinə dəstəyin davam etdirilməsi məqsədi ilə növbəti 3 il ərzində də media subyektlərinə verilmiş vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur:
“Layihədə rezident fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəliri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təkliflər sırasındadır. Bu, bir tərəfdən xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən də xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana köçürülməsi üçün əlavə stimullar yaradacaq.
Kirayə bazarı üzrə “ağarmaya” və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahələrinin kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi təklif olunur”.
A.Əmiraslanov bildirib ki, nağdsız əməliyyatların stimullaşdırılması və kölgəyə qaçışı azaltmaq məqsədilə ictimai iaşə fəaliyyəti sahəsinə ƏDV və sadələşdirilmiş vergi üzrə güzəştlərin verilməsi nəzərdə tutulur:
“Yəni ƏDV qeydiyyat öhdəliyi yaradan 200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması təklif edilir. Bununla da ƏDV qeydiyyat həddinin maksimum 400 min manata çatdırılması nağdsız dövriyyəni stimullaşdırır və kiçik biznes üçün vergi yükünü azaldır.
ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyədən çıxılması, habelə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nağdsız dövriyyə üzrə vergi dərəcəsinin 8%-dən 6%-ə endirilməsi təklif olunur.
Kölgə iqtisadiyyatının miqyasının böyük olduğu fəaliyyət sahələrində dövriyyələrin şəffaflaşdırılması, nağdsız əməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşların birbaşa iştirakını təmin etmək məqsədilə “ƏDV gerial” mexanizminin tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Hazırda yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır. Artıq eyni güzəştin orqanomineral gübrələr üçün də tətbiqi təklif edilir”.
Komitə sədri qeyd edib ki, 2025-ci ildən etibarən dövlət-özəl tərəfdaşlıq layihələri çərçivəsində fəaliyyət göstərən özəl tərəfdaşlara və layihə şirkətlərinə gəlir, mənfəət, torpaq və əmlak vergiləri, həmçinin idxalda ƏDV və gömrük güzəştləri verilib:
“İndi isə layihənin üçüncü tərəfi hesab olunan dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçılara idxalda ƏDV və gömrük güzəştlərinin şamil edilməsi təklif olunur.
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklə bağlı layihədə ƏDV-dən azadolmalarda olduğu kimi Naxçıvan Muxtar Respublikasında sənaye və texnologiyalar parklarının rezidentləri və investisiya təşviqi sənədi almış şəxslər tərəfindən idxal olunan mallar üzrə, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın, dövlət-özəl tərəfdaşlığı layihələri üzrə texnika və avadanlıq, ölkədə istehsal olunan yük avtomobillərinin ehtiyat hissələrinin idxalı üzrə gömrük rüsumlarından azadolma təklif olunur”.
E.Paşasoy,
Musavat.com






