Dələduzluqda ittiham olunan Qədim Ədilovun cinayət işi üzrə zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova və şura üzvlərinə, ədliyyə naziri Fərid Əhmədova rəsmi müraciət ediblər.
Musavat.com xəbər verir ki, zərərçəkmişlər Qədim Ədilovun cinayət işi üzrə məhkəmə prosesinin bilərəkdən uzadıldığını, vəkil Ramin Qocayevin məqsədli hərəkətləri nəticəsində ədalətin bərqərar olmasının əngəlləndiyini yazırlar.
Zərərçəkmişlərin müraciətində qeyd olunur ki, Qədim Ədilov illər öncə müxtəlif vədlərlə onların böyük məbləğdə vəsaitini ələ keçirib, daha sonra cəzadan yayınmaq məqsədi ilə ölkədən qaçıb. Buna görə də “İnterpol” xətti ilə axtarışa verilib. Onun xaricdən ekstradisiya olunaraq ölkəmizə gətirilməsindən sonra Baş Prokurorluqda istintaq aparılıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin istintaqdan məhkəməyə qədər olan bütün mərhələlərdə müxtəlif bəhanələr, uzatmalar və gecikdirmələr bu işin ədalətli həllini mümkünsüz hala gətirməkdədir.
Müraciət müəllifləri yazır:
“İstintaq dövründən bu yana vəkil Ramin Qocayev hər dəfə müxtəlif səbəblərlə prosesi ləngidir. Məhkəmə iclasları ayda cəmi bir dəfə keçirilir, çox vaxt isə vəkilin “başqa prosesi var” bəhanəsi ilə iclas təxirə salınır. Biz zərərçəkmişlər olaraq işdən icazə alırıq, uzaq rayonlardan gəlirik və yalnız zala girəndə öyrənirik ki, iclas yenə təxirə salınıb”.
Zərərçəkmişlər həmçinin iddia edirlər ki, Qədim Ədilov özü də bu vəziyyətdən yararlanaraq prosesi uzatmağa maraqlıdır:
“O, açıq şəkildə bildirir ki, mənim hüquqlarımı yalnız Ramin Qocayev qoruya bilər. Bu isə açıq-aşkar ədalətin ləngidilməsi deməkdir”.
Zərərçəkmişlər Məhkəmə-Hüquq Şurasından kömək istəyir. Məhkəmə-Hüquq Şurasından iki konkret xahişləri var:
“Vəkil Ramin Qocayevin prosesdə iştirakı məhkəmənin gedişini əngəllədiyi üçün onun dövlət tərəfindən təyin ediləcək başqa vəkillə əvəz edilməsi; məhkəmə iclaslarının ayda bir dəfə deyil, heç olmasa üç dəfə keçirilməsi barədə göstəriş verilməsi”.
Məhkəmə araşdırmalarının uzadılması zərərçəkmişlərin səbrini tükəndirib. Qədim Ədilovun cinayət işi 10 ildən artıqdır ki, sürünməkdədir. Bir dələduzluq işi niyə bu qədər uzanır? Niyə məhkəmə vəkilin “başqa prosesi var” deməsini hər dəfə əsas kimi qəbul edir? Nəhayət, kimlər Qədim Ədilovu bu qədər inadla qorumağa çalışır?
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






