İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhsəti Gəncəvi kimə və nəyə görə hədəf seçildi?

2255 10.12.2025 10:48 Gündəm A A

Sabiq nazirin qızının qadağan olunmuş filmi ətrafında qalmaqal səngimir 

Artıq bir neçə gündür ki, “Məhsəti” filmi ətrafında yaranmış qalmaqal və gərgin ictimai müzakirələr səngimək bilmir. Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Bədii Şura filmin Bakı Beynəlxalq Film Festivalında nümayişinə rəsmi şəkildə qadağa qoyduqdan sonra mövzu daha da böyüyərək ölkə miqyasında geniş rezonans doğurub. 

Qadağa sərt, qəti və birmənalı şəkildə elan edilib. Nazirliyin açıqlamasında bildirilir ki, film dünya ədəbiyyatının parlaq simalarından biri olan Məhsəti Gəncəvini aşağılamaqla, onu “pejorativ, əxlaqsız qadın obrazı” kimi təqdim etməklə həm tarixi həqiqətləri təhrif edir, həm də milli-mədəni dəyərlərə açıq hörmətsizlik nümayiş etdirir.

Bu mövzu ətrafında sosial şəbəkələrdə, mədəniyyət cameəsində və ictimai dairələrdə ciddi müzakirələr gedir. Cəmiyyətin əksəriyyəti bu cür təqdimatı “ədəbiyyata qarşı qaralama kampaniyası”, “Azərbaycan mədəni irsinin nüfuzuna zərbə” və “şairənin xatirəsinin təhqiri” kimi qiymətləndirir. Bir çox ziyalılar, tarixçilər, filoloqlar və sənət adamları bildirirlər ki, tarixi şəxsiyyətləri ədəbi uydurmalarla təhrif etmək azad yaradıcılıq deyil, milli yaddaşa müdaxilədir.

Kütləvi narazılığı artıran nüanslardan biri isə filmin müəllifi Suad Qarayevanın keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin qızı olmasıdır. Artıq bir qrup ziyalı və mədəniyyət nümayəndəsi filmin rejissoru Suad Qarayevanı məhkəməyə verməyə hazırlaşır. Qeyd edilir ki, hadisənin hüquqi, mənəvi və siyasi tərəfləri var və bu məsələ təkcə bir filmdən ibarət deyil.

Bu qalmaqal fonunda bir daha sual aktuallaşır: Məhsəti Gəncəvi kimdir? Biz onu necə tanıyırıq və Azərbaycan mədəniyyətində onun yeri nədir?

Məlumata görə, Məhsəti Gəncəvi 1089-cu ildə Gəncədə anadan olub və yalnız Azərbaycan deyil, bütövlükdə Şərq ədəbiyyatının ilk qadın şairələrindən biri kimi qəbul edilir. O, rübai janrının inkişafında xüsusi rolu olan nadir qadın söz ustalarındandır. Tarixi mənbələrdə o, həm də musiqiçi, bəstəkar və şahmatçı kimi təsvir edilir. Bu faktlar onu dövrünün intellektual qadın elitasına daxil edən mühüm göstəricilərdir.

2013-cü ildə UNESCO şairənin 900 illik yubileyinin dünya miqyasında qeyd olunması barədə qərar verib. Bu, Məhsətinin təkcə Azərbaycan deyil, qlobal mədəniyyət üçün də əhəmiyyətini təsdiqləyir. 2016-cı il oktyabrın 7-də Fransanın Konyak şəhərində ona abidə ucaldılıb və həmin tarixdən etibarən Fransanın müxtəlif şəhərlərində Məhsətiyə həsr olunan silsilə tədbirlər keçirilib. Onun həyatı haqqında məlumatların mühüm hissəsi XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından, həmçinin Bakıda, İstanbulda və Londonda saxlanılan orta əsr əlyazmalarından əldə edilir. Bu mənbələr göstərir ki, Məhsəti yalnız bədii yaradıcılığı ilə deyil, həm də intellektual duruşu ilə dövrünü aşan bir qadın olub.

Mənbələrdəki məlumatlara əsasən şairə Gəncənin məşhur Xarabat məhəlləsində yaşayıb. İlk təhsilini burada alıb, musiqi, poeziya və elmlə məşğul olub. Həmçinin bir müddət Səlcuq Sultanı Səncərin sarayında məclislərdə iştirak edib. Deyilənə görə, onun məşhur “Məhsəti” təxəllüsü də məhz sultanla dialoqundan yaranıb. Rəvayətə görə,  şairə özünü sarayda hamıdan kiçik və görünməz adlandıranda, Sultan ona farsca “To meh-həsti” - “Sən hamıdan böyüksən” deyib. Bu ifadə zamanla “Məhsəti”yə çevrilib.

Şairənin yaradıcılığına gəldikdə, rübailərində sevgi, məhəbbət, qadın hüquqlarının müdafiəsi, cəmiyyətin haqsızlıqlarına etiraz və insanın daxili azadlıq duyğusu əsas xətt kimi keçir. O, Şərq poeziyasında qadın duyğusunun təmiz, cəsarətli və səmimi ifadəsinə yeni nəfəs gətirib.

1957-ci ildə şairənin 200-dən çox şeirini bir araya gətirən ilk divanı tərtib edilib. Alman alim Frits Meyer 1963-cü ildə yazdığı “Gözəl Məhsəti” monoqrafiyasında şairənin 257 rübaisini və şeir parçalarını toplamışdır. Onun əsərləri Azərbaycan, ingilis, italyan, alman və fransız dillərinə tərcümə olunaraq beynəlxalq ədəbiyyat mühitində məşhurluq qazanıb.

Onu da qeyd edək ki, 1980-ci ildə Gəncədə Məhsəti Gəncəvinin heykəli ucaldılıb. 2014-cü ildə isə Gəncədə onun adını daşıyan “Məhsəti Gəncəvi Mərkəzi” fəaliyyətə başlayıb və burada şairənin yaradıcılığı, irsi və şəxsiyyəti ilə bağlı unikal eksponatlar nümayiş etdirilir.

Millət vəkili, filologiya elmləri doktoru, akademik Rafael Hüseynov Məhsəti Gəncəvinin irsinin tədqiqatçısı olaraq bir neçə kitab çap edib. 2010-cu ildə “Ay xanım - Məhsəti Gəncəvi” adlı kitabı R.Hüseynovun uzun illər apardığı araşdırmaların məhsuludur.

“Məhsəti Gəncəvi necə varsa” kitabında isə şairənin həyatı, səyahətləri, əqidəsi , yaradıcılıgı haqqında kifayət qədər məlumatlar yer alıb.

Rafael Hüseynov Məhsəti Gəncəvi ilə bağlı qalmaqala bu cür cavab verib: “Köhnə və sınanmış həqiqətdir - "Axar su murdar götürməz". Doqquz əsrdir ki, Məhsəti və onun söz dünyası bizimlədir, saf mənəviyyat çayı kimi Şərqin ruhundan axıb keçir. Müasirlərinin müqəddəs hesab etdikləri, sayğı ilə “şeyx”, “mövlana”, “həkim” adlandırdıqları, tarixdə ədalətli münsiflər kimi qalan zirvə şəxsiyyətlərin “pak”, “üstün mənəviyyat və zəka sahibi”, “zahiri və batini gözəlliklərin məcmusu” saydıqları Məhsəti Gəncəviyə mahiyyəti bulaşıqların çirkab atması 9 əsrdən bəri axıb gələn saflıq çayına neylər? Əlbəttə ki, o möhtəşəm çayı əsla bulaya bilməz, yalnız ürək bulandırar. Ürəyinizi bulandıran nələrinsə millətə zərəri olduğunu sezincə isə heç vaxt laqeyd qalmaq olmaz! Millətin, əsrlərin sınağından keçərək dəyərə çevrilmiş şəxsiyyətlər və onların irsi yalnız sərvətimiz deyil, milli namusumuzdur. Hansı qeyrətli vətəndaş namusuna kəc baxılmasına susar? Susarsan, yenə edərlər. Susdurarsan, yerlərini anlayar və sonra qımıldanmağa cürət etməzlər. Müzəffər xalq adını başacan daşımaq istəyiriksə, gərək belə barışmaz, bizə qarşı haqsızlıqlara və həqarətlərə səbretməz olaq!"

Yazını hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR