İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankdan bədbin PROQNOZ – Azərbaycanda bahalaşma...

2425 03.04.2026 14:26 İqtisadiyyat A A

“Baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Lakin son meyllərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir”.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edilib ki, faiz dəhlizinin parametrlərinə dair ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur.

“Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə-maliyyə bazarlarında qiymət və indeks dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft və qazın təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. Daxili risk faktorları arasında təklif-xərc amilləri mühüm olaraq qalır”, - deyə AMB bəyan edib.

Bundan başqa, qurum xatırladıb ki, hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5,7 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 %, ödənişli xidmətlər üzrə 5,7 %, qeyri-qida məhsulları üzrə isə 3,7 % təşkil edib. İllik baza inflyasiya 5,6 % olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a şərhində deyib ki, regionda baş verən hadisələr birmənalı şəkildə qlobal bazarlara təsir göstərir:

“Bu kontekstdə qiymət artımları qaçılmazdır. Çünki enerji daşıyıcılarının qiymətinin artması, eyni zamanda, münaqişə səbəbindən risklərin formalaşması logistik xərcləri artırır. Risklərin sığortalanmasının daha yuxarı qiymətlərə başa gəlməsi, ən əsası isə neftin qiymətinin kəskin artması birmənalı şəkildə inflyasiyanı gücləndirən əsas amildir.

Beynəlxalq maliyyə təsisatlarının hesablamalarına görə, neftin qiymətinin hər 10 faiz artımı qlobal inflyasiyaya 0,5 faiz bəndi təsir edir, yəni yüksəldir. Bir müddət öncə isə Dünya Bakı tərəfindən bu 0.4 faiz bəndi kimi göstərildi. Bu səbəbdən də qeyd edilməlidir ki, bir ay öncə 70 dollara satılan neftin bu gün 2 dəfə artıbsa, bu, ən azı 5 faiz bəndi yüksək deməkdir. Başqa sözlə, əgər qlobal inflyasiya 2.5 faiz proqnozlaşdırılırdısa, ilin sonuna qədər neftin qiyməti artmağa davam etsə, orta statistika 140 dollar olarsa, o zaman bu, 100 faizlik artım deməkdir. Deməli, qlobal səviyyədə inflyasiya 7.5 faiz olacaq. Bu isə çox böyük rəqəm deməkdir. Rəqəmin bu həddə çatacağını, neftin qiymətinin illik ortalama 140 dollara çatacağını düşünmürəm. Bu, müəyyən zaman kəsiyini əhatə edir”.

Ekspert vurğulayıb ki, Azərbaycan idxaldan böyük ölçüdə asılı olduğu üçün qlobal inflyasiya ölkəmizə də təsir edir:

“Hökumətin antiinflyasiya tədbirləri, logistik məsələlər, daxili bazarın çəkisi kimi amillərə görə qlobal bazarlarda baş verən inflyasiya bizə tam şəkildə ötürülmür. Hesab edirəm ki, il ərzində neftin qiyməti 90-100 dollar arasında formalaşacaq. Fikrimcə, ümumi kontekstdə hesabladıqda bu 30 faizə qədər artım deməkdir, başqa sözlə, 1.5 faiz bəndi deməkdir. Yəni, AMB tərəfindən 2026-cı ildə proqnoz edilən 5.5 faiz bəndi inflyasiyanın 7 faizə çatması real görünür”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR