İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllim, həkim distant işləyə bilərmi? Yeni iş modeli gündəmdə

672 10.12.2025 17:09 Gündəm A A

"Məsafədən işlə bağlı məsələ çox vacibdir. Hazırda Avropada 45 milyondan çox insan məsafədən əmək müqaviləsi ilə çalışır".

Modern.az bildirir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin plenar iclasında deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu sahədə də əmək hüquqları və mexanizmlərin dəqiqləşdirilməsi vacibdir:

"Bəzi ölkələr məsafədən işi konkret sektorlarla məhdudlaşdırır. Çünki əmək hüquqları, təhlükəsizlik, əmək şəraiti kimi məsələlər məsafədən işləyənlər üçün çətinləşir. Mən təklif edirəm ki, Azərbaycanda da məsafədən iş yalnız müəyyən sektorlar üzrə tətbiq edilsin. Əmək hüquqları tam qorunmaqla, şəffaf mexanizmlər qurulmaqla həyata keçirilsin. Məsafədən işləyənlərin hüquqlarının qorunması, onlara nəzarət mexanizmləri hazırda kifayət qədər zəifdir".

Azərbaycanda hansı sahələr bu modelə daha uyğun sayılır? Məsafədən işləyənlərin əmək hüquqlarının qorunması üçün hansı əlavə mexanizmlər yaradılmalıdır? Əmək müqavilələrinin məsafədən icrasına keçid işəgötürən-işçi münasibətlərinə hansı riskləri yarada bilər?

NATİQ CEFERLİ.jpg (27 KB)

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"Bu distant iş yerləri ilə bağlı pandemiyada müəyyən məşq oldu, yəni həm bütün dünyada, həm də Azərbaycanda. Biznes sahəsində distant iş çətindir. Bu sahədə yalnız İT sektoru, yəni internet üzərində iş görülən sahələrdə distant çalışma mümkündür. Lakin dövlət işlərində, büdcə təşkilatlarında distant işin tətbiqi real deyil. Məsələn, distant müəllim və yaxud distant həkim, distant polis necə ola bilər? Yəni distant iş daha çox biznesə aid edilə bilən bir məsələdir.

Bundan başqa, dövlət işlərində, nazirliklərdə və digər dövlət idarələrində hər hansı arayışların verilməsi, sənədlərə baxılması kimi proseslər həyata keçirilirsə, bunun distant qaydada olub-olmamasına yalnız həmin dövlət qurumu qərar verə bilər".

İqtisadçı qeyd edib ki, qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var:

"Lakin bu dəyişikliklər elə olmalıdır ki, distant işə önəm verən iş adamlarına və biznes strukturlarına müəyyən vergi güzəştləri tətbiq edilsin. Çünki onların marağının olması üçün stimullar lazımdır. Yəni bu tipli dəyişikliklərə həqiqətən də ehtiyac var".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR