ABŞ, İsrail – İran müharibəsinin 5-ci günüdür. Bu gün də İsrail Tehran boyunca onlarla hərbi hədəfi vurub. Bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.
ABŞ-də mənzillənən İnsan Haqları Fəalları Xəbər Agentliyi bəyan edib ki, 28 fevraldan bəri İranda 1097 mülki şəxs öldürülüb. Onlardan 181-i 10 yaşadək uşaqlardır.
İran isə körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirməkdə davam edir...
Müharibənin 5-ci günündə, hazırkı vəziyyətdə artıq qalib tərəfdən danışmaq mümkünmü? Ümumiyyətlə, bu müharibənin qalibi varmı, olacaqmı?

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, hazırkı vəziyyətdə İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatının 5-ci günündə konkret olaraq qalib tərəfi müəyyən etmək mümkün deyil: “Müharibə hələ davam edir və hər iki tərəf həm döyüş, həm də strateji hədəflər baxımından müxtəlif uğur və itkilər yaşamaqdadır. Hər hansı qalibdən danışmaq hələ real deyil, çünki vəziyyət aydın şəkildə müəyyənləşməyib və qarşıdurma sona çatmayıb.
İsrail-ABŞ birgə hava zərbələri ilə İranın çoxsaylı şəhərlərini və hərbi infrastrukturu hədəfə alır, İranın hava məkanına nəzarət etdiklərini iddia edirlər. İran buna cavab olaraq İsrailə və ABŞ-ın regiondakı bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir. Seyid Əli Xameneinin ölüdürlməsi ilə dərhal İranda hər şeyin dəyişəcəyini gözləyənlərin yanıldıqları bu beş gündə təsdiqləndi.
Sivillər və hərbiçilər hər iki tərəfdə ölür, İrana endirilən zərbələr nəticəsində İran daxilində yüzlərlə insan həyatını itirib. Konflikt regiona yayıla, digər ölkələrin hava məkanına təsir göstərə, enerji infrastrukturuna zərər verə bilər deyə beynəlxalq narahatlıq yaradıb”.
Politoloqa görə, hazırda bu müharibənin qalibi yoxdur: “Müharibə davam edir, son mərhələyə çatmayıb, danışıqlar və ya bitmə əlamətləri də yoxdur. Hər iki tərəf güc və itki verərək, həm hücum edir, həm də müdafiə olunur. Məqsədlərə hələ çatılmayıb”.
Etibar Seyidağa,
Musavat.com






