“2025-ci ilin sonuna olan statistikaya görə, ölkə üzrə ümumilikdə 1 772 nəfər hemofiliyalı xəstə qeydiyyata alınıb”.
Musavat.com xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
“Son illərdə hemofiliya sahəsində ən vacib yeniliklərdən biri innovativ dərman vasitələrinin təminata daxil edilməsidir. Bu baxımdan “Emicizumab” xüsusi qeyd olunmalıdır. Dünyada hemofiliyanın profilaktik müalicəsində inqilabi hesab olunan bu preparat klassik faktor əvəzedici müalicədən fərqli olaraq, laxtalanma mexanizmini davamlı şəkildə dəstəkləyir, istifadəsi rahatdır və qanaxma tezliyini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb”, - o bildirib.
TƏBİB sədri deyib ki, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və xəstəliklə mübarizə tədbirləri üzrə reyestrdə 2707 nəfər xəstə qeydiyyata alınıb. Tibb elminin inkişafı və müasir müalicə yanaşmalarının genişlənməsi nəticəsində dağınıq skleroz xəstələrinin daha effektiv müalicəsi üçün yeni nəsil preparatlara ehtiyac yaranır və bu tələbat dövlət proqramı çərçivəsində təmin olunur:
“Proqram çərçivəsində dağınıq sklerozun müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələri və digər dərman preparatları xəstələrə təqdim olunur”.
Vüqar Qurbanovun sözlərinə görə, 2025-ci ildən etibarən kistoz fibroz xəstələrinin tibbi təminatında əlavə bir yenilik həyata keçirilib:
"Belə ki, mukovissidoz xəstələrində qidalı maddələrin sorulmasında olan defisiti kompensasiya etmək məqsədilə balanslaşdırılmış tibbi enteral qida məhsullarının təminatına başlanıb”.
O bildirib ki, kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikaları vasitəsilə həyata keçirilir:
“Ölkə üzrə 77 nəfər kistoz fibroz xəstəsi qeydiyyatdadır ki, onlardan 70 nəfəri 18 yaşa qədər uşaqlar, 7 nəfəri isə 18 yaşdan yuxarı şəxslərdir.
2025-ci ilədək ölkədə bütün kistoz fibroz xəstələrinin, o cümlədən 18 yaşdan yuxarı şəxslərin dərman təminatı Respublika Pediatriya Mərkəzi tərəfindən həyata keçirilirdi. Bu isə xüsusilə regionlarda yaşayan xəstələr üçün uzun məsafə qət etmək, vaxt itkisi və əlavə çətinliklər yaradırdı. 2025-ci ildən başlayaraq yeni yanaşma tətbiq edilir. Belə ki, 18 yaşdan yuxarı kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikaları vasitəsilə həyata keçirilir. Bu dəyişiklik xəstələrə daha əlçatan, operativ və rahat tibbi xidmət göstərilməsinə imkan yaradıb.
TƏBİB-in tabeliyindəki 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində və Respublika Dəri-Zöhrəvi Mərkəzində ümumilikdə 849 nəfər ixtioz, 103 nəfər isə bullyoz epidermoliz xəstəsi dispanser qeydiyyatındadır. 2025-ci ildən etibarən icbari tibbi sığorta tərəfindən ixtioz və bullyoz epidermoliz xəstəliklərinin dərman, sarğı və baxım materialları ilə təminatına başlanıb. Yaraların sağalma müddətinin qısalmasına, ağrı və infeksiya riskinin azalmasına, eyni zamanda gündəlik həyat keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verən kifayət qədər dəyəri yüksək olan “Filsuvez” preparatının tətbiqinə başlanılıb”.
Afaq Mirayiq,
Musavat.com






