İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ABŞ üçün lazımsız bloka çevrilib? – Yeni PROSES

406 21.01.2026 13:27 Siyasət A A

"The Washington Post" qəzetinin öz mənbələrinə istinadən yazdığına görə, Pentaqon rəhbərliyi ABŞ Silahlı Qüvvələrinin təxminən 30 NATO mexanizmində iştirakını azaltmağı planlaşdırır. Bu, Tramp administrasiyasının ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün atdığı yeni addım kimi qiymətləndirilir.

Bəs bu addım NATO-nun ABŞ üçün əhəmiyyətinin, alyansın rolunun Vaşinqton üçün azalmasının daha bir göstəricisi sayıla bilərmi?

Deputat Aydın Hüseynov Musavat.com-a bildirib ki, son illər ABŞ-ın NATO-ya münasibəti ilə bağlı səslənən bəyanatlar və atılan addımlar alyansın Vaşinqton üçün əvvəlki əhəmiyyətini itirdiyi barədə müzakirələri gücləndirib. Xüsusilə Prezident Donald Trampın NATO-nu “köhnəlmiş struktur” adlandırması, alyansa üzv olan Avropa ölkələrinin müdafiə xərclərinə görə tənqid edilməsi “NATO ABŞ üçün artıq əvvəlki qədər vacib deyilmi?” kimi sualları aktuallaşdırıb:

“NATO uzun illər ABŞ-nin qlobal strategiyasında əsas dayaq sütunlarından biri olub. Alyans Vaşinqtona Avropa təhlükəsizliyi üzərində liderlik, Rusiyanın hərbi-siyasi təsirinin balanslaşdırılması, qlobal miqyasda legitim hərbi mövcudluq imkanı verib. “Soyuq müharibə” dövründə Sovet İttifaqına qarşı yaradılan NATO sonrakı mərhələdə də ABŞ üçün Avropada təsir aləti rolunu qoruyub. Son dövrlər isə ABŞ-nin alyansdan narazı olduğu ən yüksək səviyyədə tez-tez bəyan edilir. Vaşinqtonun NATO-ya münasibətindəki dəyişiklik alyansdan imtina istəyi deyil, daha çox yük bölgüsü ilə bağlı narazılıqdır. ABŞ uzun illərdir bildirir ki, NATO üzvlərinin əksəriyyəti müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirmir, Alyansın əsas maliyyə və hərbi yükü ABŞ-nin üzərində qalır, NATO müasir çağırışlara uyğunlaşmaqda ləngiyir. Bu yanaşma ABŞ-nin NATO-nu zəiflətmək deyil, onu öz maraqlarına uyğun yenidən formatlamaq niyyətindən xəbər verir. İlk baxışda NATO ABŞ üçün ikinci plana keçmiş kimi görünə bilər. Lakin bu, Alyansın əhəmiyyətinin azalması yox, ABŞ-nin Avropadan daha çox məsuliyyət və özünütəmin gözləməsi anlamına gəlir”.

Deputat hesab edir ki, NATO-nun ABŞ üçün əhəmiyyəti yox, funksiyası dəyişir:

“Mövcud geosiyasi reallıqlar göstərir ki, NATO-nun ABŞ üçün strateji əhəmiyyəti azalmayıb, lakin Vaşinqton Alyansdan daha çox məsuliyyət paylaşımı tələb edir. ABŞ-nin NATO-dan uzaqlaşacağı və bloku tərk edəcəyi barədə iddiaların reallaşacağı gözlənilmir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR