Alyans müttəfiqlərinə enerji asılılığını aradan qaldırmaqda əhəmiyyətli dəstəyinə görə Azərbaycana minnətdardır; dəniz limanının təhlükəsizliyi və vacib infrastrukturun qorunması müzakirələri Rusiyadan yeni təhdid gözləntilərini aktuallaşdırıb
Bu həftə Azərbaycana səfər edən NATO baş katibinin müavini Radmila Şekerinşka Azərbaycanın Avropanı Rusiyadan enerji asılılığından necə xilas etdiyindən də bəhs edib.
“Azərbaycan NATO müttəfiqlərinə əvvəlki enerji asılılığının aradan qaldırılmasında çox faydalı, qətiyyətli və əhəmiyyətli dəstək göstərib. Rusiyadan enerji təchizatından imtina etməklə, onları Azərbaycandan təchizatla əvəz edə biliblər. Bu, əsas əhəmiyyət kəsb edən enerji təchizatımızın təhlükəsizliyini təmin edib. Bu addımlar çox hörmətlə qarşılanır və qiymətləndirilir”, - deyə NATO rəsmisi bəyan edib. O deyib ki, bu, Azərbaycana etibarlı enerji mənbəyi və etibarlı tərəfdaşımız kimi nüfuzunu bir daha vurğulamağa imkan verir. Bundan sonra dedikləri isə daha çox maraq doğurub. “Məhz buna görə də minaların təmizlənməsinə dəstək, dəniz limanının təhlükəsizliyi və vacib infrastrukturun qorunması kimi məsələləri müzakirə edirik. Bütün bunlar gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır və mən inanıram ki, bu tərəfdaşlıq həm Azərbaycan, həm də NATO üçün faydalı olacaq”, - deyə o, AZƏRTAC-a verdiyi müsahibədə qeyd edib.
Qeyd edək ki, 2026-cı ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Azərbaycan Respublikası arasındakı strateji dialoq həlledici mərhələyə qədəm qoyub. Qlobal güc mərkəzləri arasındakı rəqabətin kəskinləşdiyi dövrdə Cənubi Qafqaz regionu Avro-Atlantik məkanın təhlükəsizlik arxitekturasının ayrılmaz komponenti kimi çıxış edir. Rəsmi Bakının yürütdüyü çoxvektorlu, milli maraqlara söykənən və müstəqil xarici siyasət kursu Qərb institutları tərəfindən yüksək qiymətləndirilir. Alyans rəsmilərinin ritorikası, diplomatik təmasların intensivliyi onu deməyə əsas verir ki, Azərbaycan artıq regionun şəriksiz lideri və etibarlı təhlükəsizlik tərəfdaşı statusunu tam şəkildə təsbit edib.
Bu strateji yaxınlaşmanın ən bariz nümunəsi kimi, 2026-cı ilin yanvar ayında NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana reallaşan rəsmi səfərini xüsusi qeyd etmək zəruridir. Sözügedən səfər, sadəcə, protokol xarakteri daşımır, əksinə, tərəflər arasındakı münasibətlərin dərinliyini və gündəliyin zənginliyini nümayiş etdirir. Səfər çərçivəsində Radmila Şekerinskanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla keçirdiyi görüşlər siyasi dialoqun miqyasını göstərən mühüm indikatorlardır.
Enerji təhlükəsizliyi faktoru NATO-Azərbaycan münasibətlərinin əsas sütununu təşkil edən həlledici məsələlərdən sayılır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji xəritəsinin yenidən cızılması prosesində rəsmi Bakı lider rolunu oynayır. Avropa İttifaqı və NATO üzvü olan dövlətlərin enerji təchizatında yaranan boşluqların doldurulmasında Azərbaycan qazının və gələcəkdə “Yaşıl Enerji” dəhlizi vasitəsilə ixrac ediləcək elektrik enerjisinin rolu danılmazdır. Xəzər dənizinin dibi ilə Qara dənizə, oradan isə Avropaya uzanacaq elektrik kabeli layihəsi Alyansın enerji təhlükəsizliyi doktrinası ilə tam uzlaşır.
Deputat Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Avropanın enerji təminatında rolunu artırır və bu da NATO-ya üzv olan Qərb dövlətləri üçün mühüm amildir: “Çünki Avropa Rusiyadan enerji asılılığını minimuma endirir. Biz bilməliyik ki, bundan sonra Rusiya öz neft-qaz məhsullarını Avropaya əvvəlki həcmdə sata bilməyəcək. Avropa Komissiyasının qəbul etdiyi qərarlar kritik addımlardır və Qərblə Rusiyanın "körpüləri uzunmüddətli yandırılır". Bu da hər iki tərəfi alternativlər axtarmağa məcbur edir. Rusiya Çin, Hindistan, Vyetnam, Şimali Koreya bazarına çıxır, Avropa isə Azərbaycan, Türkmənistan və digər ölkələrlə əməkdaşlığı gücləndirir. Enerji təminatı isə təhlükəsizlik məsələsidir. Ona görə NATO üçün böyük əhəmiyyətə malikdir. Odur ki, belə bir proksi savaş və iqtisadi rəqabət mühitində Azərbaycanın enerji mallarını alan Qərb, həm də bizə siyasi dəstəyini verməlidir".
Deputat Azərbaycanın Türkiyə kimi NATO üzvü olan müttəfiqini qeyd edərək, Rusiyanın getdikcə zəiflədiyini və təhdid etməklə hər hansı nəticə qazanmayacağını düşünür: “Bizim üçün Şuşa Bəyannaməsi var və istənilən xarici təhdidə qarşı birgə mübarizəni ehtiva edir. Ona görə NATO bizə qarantiya olmaya bilər, özümüz kifayət qədər ağıllı siyasət yürüdürük. Cənab Prezident son müsahibəsində deyib ki, bizə risklər daxildən yox, xaricdən ola bilər. Bu da regional əməkdaşlıq imkanlarını dağıdıb bölgədə qeyri-sabitlik yaratmaq istəyənlərin arzusudur. Ancaq Azərbaycan və Türkiyə Cənubi Qafqazın sabitlik arxitekturasını qurur. Bu da NATO üçün mühüm haldır. Alyans maraqlıdır ki, Rusiya regionda qala bilməsin”.
Professor Qabil Hüseynlinin fikrincə, Azərbaycan NATO üzvü olmasa da, üzv ölkələrlə tərəfdaşlıq əlaqələrini gücləndirir. Onun sözlərinə görə, rəsmi Bakının Ukraynaya humanitar yardımı da yüksək qiymətləndirilir. Ancaq politoloq hesab etmir ki, bu addımlar Rusiya əleyhinə yönəlib və Azərbaycan strateji seçim edib: “Bizim öz müstəqil siyasətimiz var və milli maraqlara söykənir. Əgər bu maraqlara Avropadan zərər olacaqsa, ona da həmişə etirazımızı bildirmişik. Bəzən qonşu ölkələr Azərbaycanı İsrail, yaxud NATO ilə əməkdaşlıqda ittiham edirlər. Amma zaman göstərir ki, bu əlaqələr heç zaman qonşu dövlətlərin əleyhinə yönəlməyib. Əgər Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynamağa başlayıbsa, bunun günahını Rusiya özündə axtarmalıdır. Yəni işğalçı müharibə həyata keçirməsəydi, bu gün ”Şimal axını-1" və “Şimal axını-2" layihələri sürətlə reallaşacaqdı, nəticədə Qərbin Rusiyadan enerji asılılığı qalacaqdı. Ona görə də yaranmış reallıqda NATO da Azərbaycanın bu dəstəyini dəyərləndirməli və azad olunmuş ərazilərin bərpasında köməyini artırmalıdır”.
Q.Hüseynliyə görə, ərazilərin minalardan təmizlənməsi, sərhəddə mühafizənin gücləndirilməsi üçün müasir texniki avadanlıqların verilməsi və digər istiqamətlərdə Azərbaycana dəstək verilə bilər: “Bu gün işğalın vurduğu zərərin aradan qalxması üçün daxili resurslardan istifadə olunur. NATO ölkələri postmüharibə dövründə Ukrayna şəhərlərinin bərpası öhdəliyini götürübsə, ilk növbədə Azərbaycan şəhərlərinin də qurulmasında dəstək verməlidirlər. Çünki Ukrayna kimi biz də işğala məruz qalmışdıq. İndi Avropanın enerji təminatında Azərbaycanın rolu vurğulanırsa, alyans da öz üzərinə düşən missiyanı yerinə yetirməlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






