İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə xalqı, nə Pezeşkianı, nə Trampı, nə də... Şeyx Nizamini eşitməyən adı “Rəşid” olanlar

1846 06.01.2026 14:29 Yazarlar A A

İranın dini lideri Əli Xaməneinin etirazçıları hədələməsi aksiyaları səngitmədi, əksinə, alovlandırdı. Üstəlik, təhlükəsizlik qüvvələri dəyənəkləri bir kənara qoyub, etirazçıları pulemyot atəşinə tutmağa başladılar. Sosial-iqtisadi problemlərdən cana doyub, ayağa qalxan insanlara qarşı ən sərt üsullardan istifadə olunur. Əslində ən doğrusunu prezident Məsud Pezeşkian söyləmişdi, etirazlara qalxan insanlarla danışmağa çağırış etmişdi. Xamənei etirazçılarla dialoqun mümkün olduğunu desə də, “iğtişaşçı”larla bunun mümkün olmadığını söylədi, “Onlar yerində oturdulmalıdırlar!”-dedi. “Nəticə” ortada: qətlə yetirilənlərin sayı 20-ni keçib, yaralılar, həbs olunanlar minlərlədir. Həbsə atılanların “cəsus” damğası ilə dar ağacına çəkiləcəyi də şübhəsizdir. Dini lider ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi üçün plan hazırlandığını deyib.

İran İnsan haqları Təşkilatının son hesabatında bildirilib ki, ölkədəki qeyri-fars xalqların və etnik qrupların hüquqlarının pozulması ilə bağlı 262 fakt sənədləşdirilib və təsdiqini tapıb. “Bu müddət ərzində qeyri-fars xalqların 302 fəalı milli mənsubiyyət və bu sahədəki fəaliyyətləri üçün həbs edilib, 186 iş məhkəmə qərarı olmadan həyata keçirilib və qeyri-fars xalqların nümayəndələrindən daha 273 nəfər naməlum və ya açıqlanmayan ittihamlarla həbs edilib. Eyni halda çox sayda fəal təhlükəsizlik orqanlarına çağırılıb, dindirilib və təzyiqlərə məruz qalıb”,- hesabatda əlavə olunub. (Gunaz.tv)

Üstəlik, 2025-ci ildə milli zəmində fəaliyyətə görə həbs olunanların sayı 2024-cü illə müqayisədə 15% artıb. Yaxşı, indi bütün bunların günahı kimdədir, Amerikada, İsraildə?!

Digər tərəfdən, Hazırda ölkə vətəndaşlarının 92%-9 hakim iqtisadi şəraitdən narazıdır. Bunu hətta İrandakı islahatçı qanada yaxın “Həm mihən” qəzeti yazıb. Mətbu nəşr İran Parlamentinin Araşdırmaları Mərkəzinin hesabatına istinadən son illər yoxsulların sayının artıdığını, hər 3 nəfərdən birinin mütləq yoxsul olduöunu, əziyyət çəkdiyini yazıb. Günah bu dəfə kimdədir? Öz xalqı ağır durumda olan ölkə təkcə 2025-ci ildə Hizbullaha 1 milyard dollar yollayırsa, Trampdır günahkar, ya Netanyahu? Hələ digər proksi qüvvələrə nələr yollayıblar...

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə İran milli valyutasının ən sürətlə dəyər itirən üç ölkədən biri olduğunu açıqlayıb. Belə ki, ilin əvvəlində 100 dollar dəyərində olan vətəndaş əmanətləri ilin sonunda real olaraq 69 dollara enib. Diqqət edin, İran bu göstərici ilə yalnız Venesuela və daha bir ölkədən geri qalır. “Venesualadan sonra İran”mövzusu elə-belə yaranmayıb. Çıxış yolu iddia olunduğu kimi, dini liderin Rusiyaya, ya başqa ölkəyə qaçışı deyil, ölkədə normal atmosfer yaradılması lazımdır. Həm də İranda ciddi şəkildə təbəqələşmənin olması, ölkənin varlı-kasıba bölünməsi də etirazları alovlandırır. Bu tərəfdən də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Netanyahunun İranda baş verən etirazlara dəstəyini İranın milli birliyini pozmağa yönəlmiş cəhd kimi qiymətləndirib. Xarici düşmən axtarmaq ən asan, amma artıq xalqı inandırmaq üçün ciddi vasitə deyil.

Böyük Azərbaycan şairi Nizami Gəncəvi hələ 12-ci əsrdə yazırdı:

Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara”.

Gəlin, görək İran rəhbərliyi öz xalqının işinə yaramağı, onun səsini dinləyib, tədbirlər görməyi, problemləri həll edib, xalqın işinə yaramağı hədəfləyibmi?

Daha nə qədər eyni şeylərdən danışmaq, günahkarı xaricdə axtarmaq olar?

Hadisələrin ilk günlərində ABŞ prezidenti Donald Tramp demişdi ki, əgər İslam Respublikası hakimiyyəti əvvəlki dövrlərdə olduğu kimi, etirazçıların öldürülməsinə başlayarsa, ABŞ buna çox sərt cavab verəcək, etirazçılara atəş açıldıqda isə Vaşinqton onları qorumaq üçün müdaxilə edəcək. Ondan əvvəl Tramp İran hökumətini etirazçılara qarşı zor tətb etməməyə çağırmışdı. Ağ Ev sahibinin çağırışı eşidilmədi, üstəlik, etirazçılar öldürülür. İsrailin baş naziri Benyamin Netanyahu da İran xalqını müdafiə bəyanatı yayıb. Maraqlısı budur ki, İrana qarşı növbəti hücumun anonsu verilməsindən sonraya təsadüf etdi etirazlar. Əslində belə bir həssas durumda hakimiyyət xalqına doğru addım atıb onu dinləməli, xarici düşmənə qarşı vahid cəbhədən mübarizə aparmağa çalışmalıdır. Amma İran rəhbərliyi bu məsələdə də “fərqlənir”.

Artıq mülki sakinlərin də əllərində silah görünür, ölkədə İraq, Suriyadakı hadisələr yaşana, vətəndaş müharibəsi başlaya bilər. Dini lider və ətrafı isə ölkə daxilində “əcinnə ovu”nu axtarmağa üstünlük verir. Həm də İrana qarşı xarici müdaxilə təhlükəsindən xalqı qorxutmaqdan ötrü istifadəyə üstünlük verilir. Təsəvvür edin, ölkə əhalisi deyir içməyə suyumuz yoxdur, fəlakət içərisindəyik, mühafizəkarlar deyirlər “sus, nakəs, sən sionistlərin əlaltısı, Amerikanın cəsususan!”

İran Prezidenti Məsud Pezeşkian deyib ki, xalqla birbaşa qarşılıqlı əlaqə qurmaq, vətəndaşların narahatlıqlarını, tələblərini və tənqidlərini dinləmək, eyni zamanda ictimai rəyi inandırmağa çalışmaq psixoloji və sosial təzyiqlərin azalmasına təsir göstərə bilər. Ölkəsini və xalqını gerçəkdən ağ günə çıxartmağa çalışan Pezeşkian haqlı olaraq bildirib ki, narazı kəsimlərə qarşı güc tətbiqi müsbət nəticə vermir və cəmiyyəti zorakılıq və yanlış üsullarla sakitləşdirmək mümkün deyil. Amma onu eşidirlərmi? Təbii ki, yox. Necə ki, İrana qarşı 12 günlük müharibədən aylar öncə ABŞ ilə dialoqa getməyin zəruriliyi barədə təkliflərini geri itələmişdilər. Sonra nələr oldu, bütün dünya gördü, biriləri bunkerlərdən çıxmağa cürət eləmədi. İndi də xalqla danışığa zərurət görməyənlər başlarını qaldırıb Venesuelada yaşananlara, Uqa Çavesin heykəlinin küçələrdə sürütlənməsinə baxsınlar. Yeri gəlmişkən, elə aksiyalar zamanı İranın dini liderinə qarşı sərt şüarların səslənməsi, ölkədə dəyərli hesab olunan ünvanlara od vurulması bənzər halın hər an baş verə biləcəyi ehtimalını yaradır.

Azərbaycan türklərinin hələlik bu hadisələrdə məsafə saxlaması da müzakirə olunan mövzulardandır. Səbəbi sadədir, azərbaycanlılar növbəti dəfə qurbanlıq olmaq istəmirlər. Ötən əsrdə 4 dəfə inqilab edib, hər dəfə də saysız – hesabsız qurbanlar verən soydaşlarımız İran İslam İnqilabında flaqmana çevrilsələr də, onlara ana dilində təhsil almaq hüququ belə, çox görüldü. Həm də ona görə kənardadırlar ki, meydanda Məsud Pezeşkian var, Azərbaycan türklərinin seçdiyi prezident. Bu ərəfədə onu istefaya yollamaq üçün mühafizəkarlar çox çalışırlar, yersiz olaraq hətta ailə üzvlərini belə, hədəfə alırlar. Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı müsbət fikirlərini, “günahl başqa yerdə yox, özümüzdə axtaraq”, etirafını həzm edə bilməyənlər ona qarşı çox qəzəblidirlər.

Elə bu yazını hazırlayarkən xəbər yayıldı ki, Məsud bəy Pezeşkian “İslam Şuralarının Mövqeyi və Xalqın Konstitusiyada İştirakı” mövzusunda keçirilən konfransda çıxışı zamanı səslənən tənqidləri dinlədikdən sonra haqlı mövqeyini bir daha bəyan edib: “Siz danışdınız, tənqid etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda, siz də qulaq asın. Dediklərimə üzünü turşutmaq lazım deyil”. Həm də onu tənqid edənlərə, ancaq dinləmək istəməyənlərə Azərbaycan türkcəsində cavab verib: “Adını qoydum Rəşid – birini de, birini eşit”. Azərbaycan dilində deyilməsi sadə məsələ deyil: “Mən sizdənəm, sizinləyəm”, deməkdir. Bu, əslində seçdikləri insana qarşı kütləvi etirazlara qalxmayan Azərbaycan türklərinə diplomatik təşəkkürdür. Heç kimi eşitmək istəyən İran hakimi-mütləqlərə isə diplomatik qaydada olduqca vacib xəbərdarlıq edilib.

İrandakı radikal qanad, külli-ixtiyar sahibləri nə xalqı eşidir, nə Pezeşkianı, nə Trampı, nə Netanyahunu, nə də Şeyx Nizamini...Adı “Rəşid” olan “nüvə aşiqləri”...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR