Dünyanın ən böyük qida nəhənglərindən biri olan “Nestle”nin körpə və azyaşlı uşaqlar üçün istehsal etdiyi bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırması valideynlər arasında ciddi narahatlıq yaradıb. Səbəb isə son dərəcə təhlükəli hesab olunan bir faktor — istehsal prosesi zamanı məhsulların Bacillus cereus bakteriyasının hasil etdiyi sereulid toksini ilə çirklənməsi ehtimalıdır. Bu toksin adi bakterial çirklənmədən fərqli olaraq, istiliyə davamlıdır və məhsul sonradan sterilizasiya edilsə belə, təhlükə aradan qalxmır. Sereulid xüsusilə körpələr və azyaşlı uşaqlar üçün risklidir: qusma, kəskin zəhərlənmə, qaraciyər zədələnməsi və ağır hallarda həyati təhlükə yarada bilər.

Artıq Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və digər ticarət nişanları altında buraxılan müəyyən partiyalar rəsmi şəkildə dövriyyədən çıxarılıb. Bu qərar təsadüfi yoxlama nəticəsi deyil, birbaşa istehsal zəncirində aşkarlanan risklə bağlıdır.Məsələni Azərbaycan üçün aktuallaşdıran əsas məqam isə budur: “Nestle” məhsulları ölkəmizdə geniş şəkildə satılır, xüsusilə də süni qidalanan körpələrin əksəriyyəti məhz bu markaların məhsullarından istifadə edir. Valideynlərin böyük hissəsi bu məhsullara etibar edir və onları təhlükəsiz hesab edir.
Qida mütəxəssisi Məhsəti Hüseynovanın “Bakı-Xəbər”ə verdiyi açıqlama isə vəziyyətin ciddiliyini bir daha vurğulayır. O bildirir ki, hər bir ana istifadə etdiyi məhsulun partiya nömrəsini mütləq yoxlamalıdır.
Burada əsas sual yaranır: Azərbaycan bazarında satılan məhsullar bu partiyalara daxildirmi?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələ ilə bağlı rəsmi açıqlama yayaraq bildirib ki, dünya ölkələri üzrə geri çağırılmış 123 məhsul partiyasının heç biri Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib. Agentliyin məlumatında qeyd olunur: “Ehtiyat tədbiri olaraq ‘Nestle’ şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış pediatr Aytən İsmayılzadə isə valideynləri panikaya qapılmamağa çağırıb. Onun sözlərinə görə, AQTA tərəfindən təhlükə olmadığının bildirilməsi valideynlər üçün əsas istinad nöqtəsi olmalıdır.
Pediatr diqqəti daha dərin və sistemli bir problemə yönəldib — körpələrin süni qidalarla bəslənməsinin artıq adi hal almasına:
“Anaların süni qidalara üstünlük verməsi təkcə ana marağı məsələsi deyil. Bu, səhiyyə sisteminin və dövlət siyasətinin də maraq dairəsində olmalıdır. Çünki söhbət birbaşa genefonddan gedir. Dövlət üçün, millət üçün bu məsələ strateji əhəmiyyət daşıyır. Ananı isə ilk növbədə uşağın sağlamlığı düşündürür. Ona görə də maarifləndirmə ilə yanaşı, bu məsələ tələb və qayda şəklində tənzimlənməlidir ki, analar mümkün qədər körpələrinə ana südü versinlər”.

Aytən İsmayılzadə bildirib ki, problem təkcə anaların seçimi ilə bağlı deyil. Onun sözlərinə görə, bəzən doğum evlərində körpələrə ana südü verilmədən süni qidaya başlanılır, poliklinikalarda isə həkimlər ana südü azalan kimi dərhal süni qidaya keçidi tövsiyə edir, lakin südün artırılması yolları barədə kifayət qədər dəstək göstərilmir:
“Bəzən anaları qorxudurlar ki, uşağın sarılığı var, ana südü kifayət etmir və s. Nəticədə heç bir əsaslı tədbir görülmədən süni qidaya keçid edilir. Halbuki bu məsələlər qanun çərçivəsində tənzimlənməlidir”.
Pediatrın fikrincə, hazırda qanunvericilikdə əsas tələb yalnız süni qidaların reklamının qadağan olunması ilə məhdudlaşır. Halbuki daha ciddi mexanizmlər tətbiq edilməlidir:
“Əgər yersiz şəkildə süni qidaya keçid halları aşkarlanarsa, buna görə məsuliyyət olmalıdır. O zaman bu qədər asan şəkildə süni qidaya yönləndirmə baş verməz. Doğum evlərində donor süd bankları olmalıdır, amma bu da yoxdur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib ki, körpə qidaları həssas qidalardır, onlar mütləq yoxlanılmalıdır: “Azərbaycanda körpə qidalarına getdikcə tələbat artır. Azərbaycanda ana südü ilə əmizdirmə faizi ildən-ilə aşağı düşür. Mərkəzi Avropa ölkələrindən də xeyli geri qalır. Belə bir şəraitdə Azərbaycana hər cür məhsul gətirilə bilər. Çox vacib məsələdir ki, həmin geri çağırılan partiya müəyyən olunsun və bütün ictimaiyyətə bildirilsin”.

Qurum sədri təəssüflə qeyd edib ki, Azərbaycanda məhsulların geri çağırılması mexanizmi demək olar ki, yox dərəcəsindədir:
“Hətta bəzi ölkələrdə məhsul alıcıdan geri çağırılır, məsələn Sinqapurda. Çünki kartla ödəniş olunur və bilinir ki, hansı ailəyə hansı məhsul gedib və bu zaman məhsulun geri çağırılması ilə bağlı tədbirlər görülür. Təəssüf ki, bu, Azərbaycanda yoxdur. Mütləq AQTA bu partiyanı müəyyən etməli, dəqiqləşdirməli və mağazalardan yığışdırılmalıdır. Çox təəssüf ki, illər boyu bu kimi hadisələr ölkəmizdə yaxşı təqib olunmur, izlənilmir”.
Xalidə Gəray
Musavat.com






