Daxilində hər an kiçik dövlətlərin yaranacağından narahat olan imperiyapərəst dövlət yenə iş başındadır; amma bu cəhdlər heç bir nəticə verməyəcək
“Kreml son bir neçə ildə Azərbaycanda "talış" və “ləzgi” adlanan kartları ardıcıl, lakin uğursuz şəkildə oynamağa çalışır. Bu cəhdlər Rusiya Federasiyası daxilində baş verən hadisələrdən tutmuş, dövlətin nəzarətində olan KİV-lərdə “azlıqların problemləri” ritorikasının süni şəkildə qurulmasına qədər müxtəlif formalarda həyata keçirilib".
Bu barədə Minval.az saytı yazır. Bildirilir ki, bu strategiya yeni deyil. O, etnik mənsubiyyətin dövlətə qarşı təsir vasitəsi kimi istifadə oluna biləcəyi ilə bağlı köhnəlmiş anlayışa əsaslanır. “Bugünlərdə Rusiyanın birbaşa və ya dolayısı ilə Kremlin himayəsində olan radikal dairələr Azərbaycanda qondarma "Talış-ləzgi məsələsi"nə həsr olunmuş ayrıca hesabat dərc ediblər. Sənəddə talışları və ləzgiləri sistemli şəkildə əzilən azlıqlar kimi, Azərbaycanın millətlərarası münasibətlər siyasətini isə “qəsdən assimilyasiya və repressiv siyasət” kimi qələmə verməyə cəhd edilir ki, bu da guya daxili qeyri-sabitlik üçün ilkin şərtlər yaradır. Müəlliflər etnik faktoru açıq şəkildə “Bakıya siyasi təsirin potensial aləti” kimi təqdim edirlər. Qarabağdakı Vətən müharibəsi bundan əvvəl də Azərbaycana qarşı bu cür çirkin oyunlara tutarlı cavab oldu. Azərbaycanda yaşayan müxtəlif millətlər dövlətə sədaqətini döyüş meydanında göstərdi.
Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycana təsir imkanlarını itirən Rusiya yenidən “etnik kart” üzərindən oyunlara başlamağa cəhd edərsə, bu, Moskvanın özü üçün perspektiv vəd etmir. Əvvəla ona görə ki, Azərbaycanı müstəqilliyinin ilk illərində şimal və cənubdan parçalamaq cəhdləri oldu, hətta radikal terror təşkilatları Azərbaycanı qana da buladı. Amma nəticə olaraq nə cənubdan, nə də şimaldan milli zamin üzərindən qarşıdurma yaratmaq cəhdləri puç oldu. İndi əgər Rusiyadakı bəzi dairələr bu cür ağılsız siyasətə dəstək verəcəklərsə, onlara dövlətin cavabı ağır olacaq. O səbəbdən ümid edək ki, Rusiya rəhbərliyi Azərbaycana qarşı bu cür separatçı cəhdlərin qarşısını özü alacaq...

Azər Badamov
Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, həmin dairələr Azərbaycanın “dəmir yumruğunu” həzm edə bilmir: “Azərbaycanın yerləşdiyi coğrafiya və təbii resurslarla zəngin olması həmişə xarici dairələrin maraq dairəsində olub. Məhz ona görə də güclü müstəqil Azərbaycan dövlətinin yaranmaması üçün müxtəlif cəhdlər olmuş və bu cəhdlər bu gün də davam etməkdədir. Belə ki, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. O cümlədən müstəqilliyimizin ilk illərində də eyni ssenarilər təkrar olundu. Xarici dairələrin əsas məqsədi Azərbaycanı daxildən parçalamaq, zəiflətmək və torpaqların bir hissəsini də Ermənistana vermək olub. Amma Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, azərbaycançılıq ideologiyasının ümumxalq ideologiyasına çevrilməsi ölkədə yaşayan bütün xalqları, onların dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bir və bütöv etdi. 2020-ci ildə də ölkədə yaşayan xalqlar arasında nifaq salmaq istəklərini yenidən təkrar etməyə cəhd etdilər. Amma Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışı Azərbaycanı bir daha bir və bütöv etdi və Dəmir Yumruğa çevirdi. Təbii ki, düşmənlərin bu cəhdi də boşa çıxdı. Ölkədə yaranmış sarsılmaz milli birlik və həmrəylik sayəsində Dəmir Yumruq düşmənin başını əzdi, 30 il erməni tapdağı altında olan ərazilər azad edildi. Azərbaycanın bu gün öz ərazilərinin bütövlüyünü təmin etməsi və beynəlxalq platformalarda müstəqil və qətiyyətli mövqeyini sərgiləməsi yenə də həmin dairə tərəfindən həzm edilə bilmir. Ona görə də yenidən etnik-milli kartı ortaya atmağa çalışırlar. Rusiyada radikal dairələrin Azərbaycanda qondarma “Talış-ləzgi məsələsi”nə həsr olunmuş ayrıca hesabat dərc edilməsi də ölkəmizdə xalqlar arasında narazılıq salmağa və dövlətimizin daxildən zəiflədilməsinə hədəflənmiş addımdır. Amma onlar bilsinlər ki, Azərbaycanda milli zəmində fikir ayrılıqları heç vaxt olmayıb. Ölkədə yaşayan bütün xalqların hüquq və azadlıqları konstitusiya ilə qorunur. Xarici cəhdlər isə ancaq onların niyyətlərinin ifadəsi olaraq görünür. Belə cəhdlər xalqımızı daha mübariz, bir və bütöv edir".

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, Rusiya Azərbaycana qarşı milli azlıqlar üzərindən hər hansı bir çirkinlik edərsə, bunun nəticələri Kreml üçün ağır olacaq: “Moskvanın qırmızı beyin mərkəzləri anlamalıdır ki, Rusiya özü çoxmillətli ölkədir və son vaxtlar qeyri-ruslara qarşı orada qəddarlıq, etnik nifrət nümayiş olunur. Tacik kökənli məktəblinin bir neçə gün bundan öncə qəddarcasına qətli bunun əyani təzahürüdür. Azərbaycanlılara, özbəklərə, gürcülərə və qırğızlara qarşı da Rusiyada bu cür hallar artıb. Amma Rusiya anlamalıdır ki, Azərbaycanda tarix boyu hansısa milli azlığa qarşı etnik nifrət olmayıb. Azərbaycan burada yaşayan hər kəsin vahid vətənidir. Beş il öncəki 44 günlük Vətən savaşı da bunu sübut etdi. Amma Rusiyada belə deyil. Çeçenlərə, dağıstanlılara, tatarlara və digər xalqlara qarşı ruslar hər zaman qəddarlıq nümayiş etdiriblər. Ukrayna ilə savaşda xeyli qan itirən Rusiya Azərbaycanı yanında görmədiyi üçün çirkin yollara baş vurmağa cəhd edir. Fəqət, bu dəfə də alınmayacaq. Rusiya hazırda Ukrayna savaşında imperiya gücünü itirməklə məşğuldur. Amma bu müharibənin sonunda qırmızı imperiyanı böyük fəlakətlər gözləyir. Pyotr Rusiyasının yerində kiçik Putin knyazlıqları qalacaq və bu ölkədəki hər millət özünün müstəqilliyini elan edəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






