Cənubi Afrikada güclü leysan yağışları vəhşi təbiət üçün ağır sınağa çevrilib.
Musavat.com xəbər verir ki, sel nəticəsində Komati çayı Kruger Milli Parkı ərazisində məcrasından çıxaraq ölümcül axına çevrilib.
Adətən qurumuş çay yatağı kimi görünən ərazidən keçməyə çalışan fil sürüsünün balası güclü axının təsiri ilə tarazlığını itirib və bir neçə dəfə suyun altına düşüb. Həmin anlarda ana fil ildırım sürəti ilə reaksiya verib: nəhəng bədəni ilə balasına sipər çəkib, xortumu ilə onu axının içindən çıxararaq sahilə doğru itələyib. Kadrlarda ana instinktinin selə necə qalib gəldiyi aydın şəkildə görünür.
Kruger Milli Parkında “narıncı” təhlükə səviyyəsi elan olunub. Cənubi Afrika Respublikası hakimiyyəti ölkə üzrə milli fəlakət rejimi tətbiq edib. Parkın infrastrukturu ciddi ziyan görüb, bir neçə körpü tamamilə su altında qalıb. Lower Sabie və Crocodile Bridge düşərgələrində olan turistlər helikopterlərlə təxliyə olunub.
Hazırda park ərazisində qalan vəhşi heyvanlar təbiətin amansız şərtləri ilə təkbaşına mübarizə aparır. Bir çoxu ya tənha vəziyyətdə qalıb, ya da ətrafı su ilə əhatələnmiş kiçik torpaq sahələrində qruplar halında sağ qalmağa çalışır.
Musavat.com






