Azərbaycan Milli Məclisi elektron siqaretlərin qadağan olunması haqqında qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, maye halda buxarlanan elektron siqaretlərin idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilir. Bu addım bəzi gənclər arasında narazılıq doğurub, çünki bəziləri elektron siqaretin daha zərərsiz olduğunu düşünür. Lakin məktəb yaşlı yeniyetmələr arasında istifadənin artması, hətta məktəblərin sanitar qovşaqlarında qızlar və oğlanların gizli istifadənin müşahidə olunması qanunun zəruriliyini bir daha göstərir.
Qeyd edək ki, bir çox ölkələrdə də elektron siqaretlər qadağan edilib. Tam qadağa tətbiq olunan ölkələr arasında Argentina, Braziliya, Hindistan, İran, Sinqapur, Tailand, Şimali Koreya və digər ölkələr var. Digər ölkələrdə sərt tənzimləmələr mövcuddur; məsələn, Belçikada birdəfəlik elektron siqaretlərin satışı qadağan edilib. Qadağalar bəzi hallarda yalnız satışa, bəzən isə idxal və istifadəyə də şamil olunur.
Milli Məclisdə müzakirəyə çıxarılan müvafiq qanunlara dəyişiklik layihəsinə əsasən, bu məhsulların xüsusi təsnifatı da verilir. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida, tütün, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Bir sözlə, elektron siqaret kimi təsnif edilən məhsullar tam qadağan edilir.

Fərid Müseyibov
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İlk öncə onu qeyd edək ki, artıq bir çox ölkələrdə elektron siqaretlər ya tam qadağan edilir, ya da istifadəsinə görə tətbiq olunan cərimələr xeyli artırılır. Bir sıra Avropa ölkələrində, xüsusilə İspaniyada insanların olduğu ictimai yerlərdə siqaret çəkənlər üçün cərimələr bizim pulla hesabladıqda 2000 manatdan artıqdır.
Təbii ki, son zamanlar bu tendensiya daha çox elektron siqaretlərə yönəlib. İnsanlar düşünürlər ki, elektron siqaretdən istifadə adi siqaretin qəbulunu azaldacaq. Amma nəzərə almırlar ki, elektron siqaretlərin tərkibində 4000-dən artıq zərərli maddə var. Bu maddələr ağız boşluğu, qida borusu, mədə və xüsusilə də ağız-dil xərçənginin yaranmasında əsas səbəblərdən biridir”.
Həkim qeyd edir ki, bu problem təkcə kişilər arasında deyil, xanımlar arasında da çox sürətlə yayılır: “Son zamanlar qadınlar həm elektron siqaretlərdən, həm də veyplərdən daha aktiv istifadə etməyə başlayıblar. Veyplər isə xüsusilə qadınlar üçün daha təhlükəlidir. Məlum olduğu kimi, hormonal tarazlığı pozduğu üçün qadınlarda süd vəzi və yumurtalıq xərçənginin, eləcə də ağız-dil xərçənginin həm sürətlə yayılmasına, həm də erkən yaranmasına səbəb olur. Məhz buna görə də hesab edirəm ki, elektron siqaretlərin ölkəmizdə qadağan olunması çox düzgün və təqdirəlayiq təşəbbüsdür və bunu alqışlamaq lazımdır”.
Afaq Mirayiq,
Musavat.com






