Xəbər verildiyi kimi, Ukrayna Lvov vilayətinə yüksək sürətli ballistik “Oreşnik” raketinin zərbəsindən sonra BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib. Rusiya Müdafiə Nazirliyi zərbəni guya Putinin iqamətgahına dron hücumuna “cavab tədbiri” kimi qiymətləndirib. Müstəqil mənbələr isə həmin hücumun faktiki baş vermədiyini qeyd edirlər.
Musavat.com xarici agentliklərə istinadən həmin raketlə bağlı maraqlı məlumatları diqqətə çatdırır.
“Oreşnik” haqqında nə məlumdur?
“Oreşnik” raketi barədə ilk məlumat 2024-cü ilin noyabrında, Dnepr şəhərindəki “Yujmaş” zavoduna endirilən zərbədən sonra Putinin çıxışında səsləndirilib. Bu sistem orta mənzilli ballistik raket kateqoriyasına daxildir (təxminən 5 min km-ə qədər). Bu tip raketlərin istehsalı və yerləşdirilməsi 1988–2019-cu illərdə Rusiya ilə ABŞ arasında qüvvədə olan INF müqaviləsiylə qadağan edilmişdi.
Rusiya iddia edir ki, “Oreşnik” nüvə başlığı da daşıya bilir. Lakin Ukraynaya qarşı tətbiqdən istifadə zamanı qondarma “kinetik” başlıqdan istifadə olunub - bu başlıqda klassik partlayıcı yoxdur, zərbə təsiri yalnız yüksək sürət və kinetik enerji hesabına yaranır.
Texnologiya nə dərəcədə effektivdir?
Putinin sözlərinə görə, “Oreşnik”in döyüş blokları hədəfi saniyədə 2,5–3 km sürətlə vurur və təsir gücü baxımından “kiçik nüvə yükləri ilə müqayisə oluna bilər”. Lakin bu iddia təsdiqini tapmayıb: Qərb ekspertlərinin qiymətləndirməsinə görə, 2024-cü ildə Yujmaş zavoduna endirilən zərbə ciddi struktur dağıntıları ilə nəticələnməyib.
Kinetik zərbə texnologiyası ABŞ və İsrailin raketdən müdafiə sistemlərində mövcuddur, lakin orada məqsəd raketi havada məhv etməkdir. Yerüstü obyektlərə qarşı bu metodun tətbiqi ilk dəfədir müşahidə olunur və effektivliyi barədə rəy yoxdur.
“Oreşnik”i vurmaq mümkündürmü?
Nəzəri olaraq mümkündür. ABŞ və İsrailin müasir HHM sistemləri ballistik raketlərin döyüş bloklarını ələ keçirə bilir. Bunun üçün “Patriot” sisteminin son modifikasiyaları uyğundur. Ukrayna artıq “Kinzal” tipli aeroballistik raketləri bu sistemlə vurmağa nail olmuşdu. “Oreşnik”ə gəlincə, iki zərbənin heç biri ələ keçirilməyib. Bunun səbəbi həm “Patriot”un həmin istiqamətlərdə yerləşməməsi, həm də raketin tutma baxımından daha mürəkkəb hədəf olması ola bilər.
Rusiya neçə ədəd “Oreşnik”ə malikdir və harada yerləşdirilir?
Putin noyabr ayında sistemin seriyalı istehsalına başlandığını elan edib. Dekabrın sonunda isə “Oreşnik” kompleksinin Belarus ərazisində döyüş növbətçiliyinə cəlb olunduğu açıqlanıb. Bununla belə, raketin buraxılış qurğusu hələ də ictimaiyyətə göstərilməyib - Müdafiə Nazirliyinin yaydığı videolarda yalnız servis maşınları görünür.
Hər iki tətbiq zamanı raketlərin Həştərxan vilayətində yerləşən Kapustin Yar poliqonundan buraxıldığı qeyd olunur.
Musavat.com






