Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə canlı yayımda çıxış edərək Azərbaycan benzininin idxalının ölkə daxilində illərlə mövcud olmuş yanacaq monopoliyalarını faktiki olaraq bazardan kənarlaşdırdığını bildirib.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, artıq indi qonşu ölkədən gətirilən yanacaq hesabına Ermənistan bazarında qiymətlər orta hesabla 15 faiz aşağı düşüb.
Baş nazir ticarət əlaqələrinə qarşı çıxanların narahatlığını “yersiz” adlandırıb. Onun sözlərinə görə, bu qüvvələr iddia edirlər ki, guya Ermənistan Azərbaycan iqtisadiyyatını, dolayısı ilə də onun ordusunu maliyyələşdirir və gələcəkdə bu, yeni hərbi qarşıdurmaya yol aça bilər. Paşinyan bu arqumentləri qəti şəkildə rədd edib.
Eyni zamanda, baş nazir diqqətə çatdırıb ki, Azərbaycanın özündə də əks iddialar səslənir və guya Ermənistan həmin benzinlə tanklarını və digər hərbi texnikasını yanacaqla təmin edəcək. Paşinyan bildirib ki, hər iki tərəfin bu yanaşmaları reallığı əks etdirmir.
Onun sözlərinə görə, hazırda tərəflər arasında sülh mövcuddur və bu sülh gələcəkdə “institusional relslərə” oturdulacaq. Baş nazir hesab edir ki, iqtisadi əməkdaşlıq regionda gərginliyin azalmasına və bazar mexanizmlərinin sağlamlaşmasına xidmət edir.
Musavat.com






