“Paşinyan anlayır ki, keçmişin iddiaları regiona yalnız faciə gətirib”-baş nazirin jestinə Bakıdan reaksiya
Son illərdə Ermənistan rəhbərliyinin ritorikasında ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Dünən isə baş nazir Nikol Paşinyanın Ermənistan xəritəsi formasında hazırlanmış tortu kəsməkdən imtina etməsi bir çox mətləblərin üstünü açdı. Revanşist yanaşmadan uzaqlaşmaq cəhdləri və regionda yeni reallıqlar fonunda bu jest müxtəlif siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Paşinyan bununla hansı mesajı verməyə çalışdı? Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyəyə qarşı köhnə ərazi iddialarından uzaqlaşır? Bu addım regionda sülh prosesinə təsir göstərə bilərmi?
Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, bəzən siyasətdə ən böyük mesajlar tribunadan deyil, kiçik bir jestdən verilir: “Ermənistan xəritəsi məsələsi bu ölkədə uzun illər sadəcə coğrafi anlayış olmayıb. Bu xəritələr illərlə revanşist düşüncənin, “böyük Ermənistan” ideologiyasının və qonşu ölkələrə qarşı gizli-açıq ərazi iddialarının simvoluna çevrilmişdi. Ermənistan cəmiyyətində müəyyən siyasi dairələr bu cür simvollar vasitəsilə həm Azərbaycana, həm də Türkiyəyə qarşı tarixi iddiaları diri saxlamağa çalışırdı. Məktəb dərsliklərindən tutmuş bəzi siyasi çıxışlara qədər uzanan bu xətt regionda sülhün qarşısında duran əsas maneələrdən biri idi. Məhz buna görə Paşinyanın həmin tortu kəsməkdən imtina etməsi sıradan jest sayıla bilməz. O, yaxşı anlayırdı ki, Ermənistan xəritəsi ətrafında atılacaq istənilən addım dərhal siyasi yozumlara səbəb olacaq. Əgər o tortu kəssəydi, bu, bir tərəfdən Ermənistan daxilində radikal qüvvələr tərəfindən “tarixi xəritənin müdafiəsi” kimi təqdim ediləcəkdi, digər tərəfdən isə region ölkələrində yenidən ərazi iddialarının simvolik nümayişi kimi qəbul oluna bilərdi. Paşinyan isə görünür, məhz bu mesajdan yayınmağa çalışdı”.
Deputat son illərdə Ermənistan rəhbərinin ritorikasında müəyyən dəyişikliklərin olmasını təsadüfi saymır: “44 günlük müharibədən sonra regionda yaranan yeni reallıq Ermənistan siyasətini seçim qarşısında qoydu. Ya keçmişin mifləri ilə yaşamaq, ya da reallığı qəbul edib regionda davamlı sülhə doğru addım atmaq. Paşinyanın müxtəlif çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü tanımağa dair mesajlar verməsi, kommunikasiyaların açılması ilə bağlı danışması və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair siqnallar göndərməsi bu siyasi transformasiyanın elementləri kimi görünür".
E. Akimova hesab edir ki, Paşinyan bu prosesi son dərəcə həssaslıqla aparır: "Ermənistan daxilində hələ də revanşist düşüncədən əl çəkməyən güclü siyasi qruplar mövcuddur. Keçmiş hakimiyyət təmsilçiləri, radikal millətçi dairələr və xaricdəki bəzi erməni diaspor təşkilatları Paşinyanın daha realist siyasət yürütməsini “təslimçilik” kimi təqdim etməyə çalışırlar. Buna görə də Ermənistan baş naziri hər addımında həm daxili auditoriyanı sakitləşdirməyə, həm də beynəlxalq ictimaiyyətə fərqli mesaj verməyə çalışır. Tortun kəsilməməsi də məhz bu siyasi psixologiyanın nəticəsi idi. Bu addım bir tərəfdən Ermənistan daxilindəki radikal qüvvələrə “mən yeni münaqişə ritorikasını qızışdırmaq istəmirəm” mesajı idi. Digər tərəfdən isə Azərbaycan və Türkiyəyə yönəlmiş incə siyasi siqnal idi: Ermənistan əvvəlki maksimalist yanaşmadan müəyyən qədər uzaqlaşmağa çalışır. Əlbəttə, təkcə bir jestlə böyük siyasi nəticələr çıxarmaq düzgün olmazdı. Siyasətdə əsas olan simvollardan daha çox real addımlardır. Amma diplomatiyada simvolların da xüsusi çəkisi var. Bəzən bir baxış, bir cümlə və ya bir imtina bütöv siyasi mövqeyi ifadə edə bilir".
Müsahibimizə görə, Cənubi Qafqaz tarixinin ən həssas mərhələlərindən birini yaşayır: "Region ya uzun illərin düşmənçilik yükündən qurtulacaq, ya da köhnə stereotiplərin əsirinə çevriləcək. Paşinyanın həmin tortu kəsməməsi bəlkə də kiçik hadisə idi. Amma bu kiçik detal böyük bir həqiqəti göstərdi. Ermənistan hakimiyyəti artıq anlayır ki, xəritələrlə oynamaq, keçmişin iddiaları ilə yaşamaq region xalqlarına yalnız faciə gətirib. İndi isə qarşıda başqa yol var, reallığı qəbul edib gələcəyə baxmaq yolu”.
Cavanşir ABBASLI
Musavat.com






