İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Moskvaya GEDİR - İLGİNC DETALLAR

1076 31.03.2026 18:30 Siyasət A A

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilib ki, danışıqlar zamanı Putin və Paşinyan bir çox məsələni, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

Bəzi ekspertlər hesab edirlər ki, Paşinyan Kremlin seçkiöncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edəcəyinə əmindir. O, məhz bunun qarşısını almaq üçün Moskvaya yola düşür.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidovun fikrincə, Paşinyanın Moskvaya səfərinin arxasında bir neçə vacib məsələ var.

SULTAN.jpg (217 KB)

Ekspert Musavat.com-a şərhində bildirib ki, Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri Rusiya ilə Avropa İttifaqı arasında ciddi geosiyasi konfrontasiya alətinə çevrilib:

“Bir tərəfdən Avropa İttifaqı çalışır ki, Ermənistanda Paşinyan hakimiyyətə gəlsin. Bu səbəbdən dekabrda “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” qəbul edildi. Həmin razılaşmada Aİ-nin Ermənistana 15 milyon avro vəsait ayıracağı bəyan edildi. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da vurğulayıb ki, bu vəsait Rusiyanın Ermənistana mümkün hibrid hücumlarının qarşısını almaq məqsədilə verilir. Fikrimcə, may ayında Ermənistanda keçiriləcək ilk Ermənistan-Aİ sammiti, o cümlədən Avropa Siyasi Birliyinin sammiti Paşinyanın mövqeyini daha da möhkəmləndirməyə yönəlib. Digər tərəfdən, Rusiya əks qüvvələrin dəstəkçisidir. Rusiya istəyir ki, postsovet ölkələri inteqrasiya proseslərinə onun rəhbərliyi altında daxil olsun. Paşinyanın isə bununla bağlı fərqli yanaşmaları olub. Bu baxımdan Rusiyanın Ermənistana hibrid hücumları intensiv xarakter almaqdadır. Rusiya bu və ya digər şəkildə Ermənistanda anti-Paşinyan narrativlərinin yayılmasına təsir göstərməkdədir.

Yeri gəlmişkən, Moldovada da eyni ssenari işə salınmışdı, Aİ Maya Sandunu dəstəklədi və nəticədə o qalib gəldi. Ermənistanın isə Rusiya üçün strateji əhəmiyyəti daha böyükdür: Ermənistan NATO ölkəsi Türkiyə ilə həmsərhəddir, Ermənistanda Rusiyanın bazası var, Ermənistan dəmiryolları Rusiya şirkəti tərəfindən idarə olunur və s. Bütün bu amillər Rusiyanın Ermənistanda təsir imkanlarını saxlamaq niyyətinin olduğuna işarədir. Paşinyan Moskva görüşündə Kremlin bölgədəki təsirinin neytrallaşdırılması istiqamətində danışıqlar aparacaq. Ancaq aydın məsələdir ki, bu, danışıqlarla həll olunacaq mövzu deyil. Çünki Rusiyanın bölgədə geosiyasi maraqları var. Bu maraqlar heç bir halda ABŞ və Aİ-nin bölgədə möhkəmlənməsinə xidmət etmir”.

Sultan Zahidov vurğulayıb ki, Ermənistan dəmiryolları 2008-ci ildən “Cənubi Qafqaz Dəmir Yolları”nın nəzarətindədir:

“Paşinyan istəyir ki, Türkiyə ilə sərhəddə yerləşən dəmiryollarının bir hissəsi bu şirkət tərəfindən təmir olunsun. Amma görünən odur ki, Rusiya siyasi səbəblərə görə buna icazə vermək istəmir. Paşinyan TRIPP dəhlizinin açılması ilə Ermənistan-Türkiyə sərhədlərinə doğru gedən kommunikasiya xətlərinin açılmasına istəklidir. Bunun üçün də həmin hissədəki dəmiryollarında bərpa işləri görülməlidir. Paşinyan prosesin sürətlənməsini istəyir. O, ehtiyac olarsa, Rusiyanın konsessiya hüququnun Rusiyanın da narazılıq etməyəcəyi Qazaxıstan, Qətər kimi ölkələrə verilməsi təklifini irəli sürmüşdü. Bir neçə gün öncə Putinlə bu məsələ ətrafında telefon danışığı olub. Bu isə Moskvanın narazı qaldığı məqamlardan biridir. Yüksək ehtimalla Paşinyan Moskvada alternativ təkliflər irəli sürəcək. Rusiyanın isə müsbət cavab verəcəyi real deyil. Ən azı seçkilərə qədər bundan siyasi təzyiq aləti kimi istifadə etmək istəyəcək”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR