Qarşıdakı 6 ay Ermənistan baş naziri Nikol Paşinyan üçün çox ağır keçəcək. Gələn ilin iyununda ölkədə parlament seçkiləri keçiriləcək.
Erməni baş naziri devirmək üçün rəqibləri indidən hərəkətə keçiblər. Xüsusilə, Nikol bu il avqustun 8-də Azərbaycanla paraflanma sənədini imzaladıqdan sonra revanşistlər fürsət əldə ediblər. “Qarabağ klanı” bu fürsətdən maksimum yararlanıb, Paşinyanın erməni ictimaiyyəti arasında “xəyanətkar lider” obrazını yaratmağa çalışırlar.
Baş nazir də bütün bunlara tutarlı faktlarla cavab verməkdədir. O, "Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin Sənədləri"ni dərc edib. Həmin açıqlanmış 13 sənəddə 1992-2020-ci illər arasında beynəlxalq təşkilatçıların və vasitəçi dövlətlərin iştirakı ilə aparılmış danışıqlar və müzakirə edilmiş həll variantları yer alır. Görünən odur ki, Ermənistan hakimiyyəti Qarabağ kartından yararlanmağa çalışan siyasi rəqiblərini elə həmin kartla vurmaq qərarına gəlib.

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a fikirlərini bölüşdü: “Paşinyanın Qarabağ danışıqlarına dair sənədləri ictimaiyyətləşdirməsi rəqiblərini susdurmaq məqsədi daşısa da, bu, diplomatiya baxımdan etik deyil. Danışıqların digər tərəfi Azərbaycandır və bu məsələ Bakı ilə də razılaşdırılmalıdır. Digər tərəfdən, danışıqlarda vasitəçi kimi iştirak edən tərəflərin də mövqeləri nəzərə alınmalıdır. Çünki məxfi sənədlərin açılması vasitəçilərin məqsədlərini də ortaya çıxarır.
Hərçənd, məxfilikdən çıxarılacaq istənilən sənəd mahiyyət etibarilə Azərbaycanın mövqelərinə təsir edə bilməyəcək, çünki rəsmi Bakı torpaqların azad edilməsi prinsipindən heç vaxt əl çəkmədi və nəticədə buna nail oldu. Azərbaycanın hədəfi əvvəldən ərazi bütövlüyümüzün bərpası olub və bu prinsipdən heç vaxt geri çəkilməyib. Danışıqlar prosesində müxtəlif təkliflərin müzakirə edilməsi isə şərtlərə uyğun diplomatiyanın yürüdülməsindən qaynaqlanırdı. Misal üçün, bəhs olunan Ki-Uest danışıqlarında Qarabağın statusuna qarşı Mehridən yolun verilməsi müzakirə edilirdi. Lakin sonda Azərbaycan bundan imtina etdi. Bu gün Qarabağı azad etməklə yanaşı, Mehridən istədiyimiz yolu da çəkirik. Danışıqların sonrakı mərhələsində Azərbaycan “mərhələli həll” planı ilə razılaşsa da, ərazi bütövlüyü və suverenliyimizin bərpası əsas hədəf olaraq qalırdı. Sərkisyanın aprel müharibəsindən sonra dedikləri də bunu təsdiq edir. Əslində bütün danışıqlar prosesində Azərbaycan ərazi bütövlüyü və suverenliyimizin bərpa edilməsi şərtlərini yetişdirmək xəttini izləyib. Sonda buna nail olduq. Bu baxımdan, danışıqların aparıldığı dövrdə nələrin müzakirə edildiyi artıq Azərbaycan cəmiyyəti üçün o qədər də maraqlı deyil”.
Cavanşir ABBASLI
Musavat.com






