Erməni baş nazir vaxtaşırı referendum məsələsini yada salmaqla nə demək istəyir?
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması 2026-cı ilə qaldı. Təəssüf ki, başa çatmaqda olan ildə də rəsmi İrəvan Bakının əsas tələb-şərtini reallaşdıra bilmədi. Ermənistan Konstitusiyası hələ də Qarabağı öz ərazisi sayır.
Noyabrın 22-də baş nazir Nikol Paşinyan növbəti dəfə yeni konstitusiyanın vacibliyindən danışıb. Siyasi elita ilə qapalı görüşdə o bildirib ki, daxili legitimliyin gücləndirilməsini fundamental məsələ hesab edir və bu, yeni konstitusiyanın qəbulunda öz əksini tapmalıdır.
Hökumət rəsmiləri qarşısında çıxışında beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü müdafiə etmək hüququ və yeni konstitusiyanın qəbulunun zəruriliyindən danışan Paşinyan bildirib: “Silah və avadanlıq əldə etmək, müdafiə texnologiyalarına çıxış imkanları artır. Daxili legitimliyimizin gücləndirilməsini fundamental məsələ hesab edirəm və bu, yeni konstitusiyanın qəbulunda öz əksini tapmalıdır”.
Onun sözlərinə görə, konstitusiya dövlətin uzunmüddətli inkişafı üçün zəruri “aerodinamikanı” təmin etməlidir və məhz buna görə yeni konstitusiyanın qəbuluna dair referendumun 2026-cı ilin parlament seçkilərindən sonra keçirilməsi vacibdir. Paşinyan hesab edir ki, bu, bütün siyasi qüvvələrə seçki kampaniyası zamanı konstitusiya məsələlərinə dair mövqelərini və yanaşmalarını təqdim etmək imkanı verəcək. Seçkilərin nəticələrinə əsasən xalqın etimadını qazanmış siyasi qüvvələrin mövqeyi isə konstitusiyanın son layihəsinin hazırlanmasında həlledici olacaq.
Ermənistan baş naziri vaxtaşırı referendum məsələsini yada salmaqla nə demək istəyir? Paşinyan Bakının haqlı tələbi barədə niyə söz açmır? Ermənistan rəhbərliyi bu tələb də nəzərə alınmaqla, konstitusiya problemini uğurla həll edə biləcəkmi? Zaman nə dərəcədə onun xeyrinə işləyir? Yeni konstitusiyanın tərəfdarlarının getdikcə artdığını söyləmək olarmı?

Günay Ağamalı
Deputat Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında istənilən halda zamanın Azərbaycanın lehinə işlədiyini qeyd edib: “Paşinyanın hər dəfə konstitusiya məsələsini qabartması, referendumun vacibliyini vurğulaması əslində daxili auditoriyanı sakitləşdirmək və seçkiqabağı baş verə biləcək mənfi situasiyaları nəzarətdə saxlamaq cəhdidir. Hazırda Ermənistanda siyasi mühit olduqca mürəkkəbdir. Hakimiyyətlə müxalifət və kilsə arasında ziddiyyətlər artmaqdadır. Bu kontekstdə Paşinyan kilsə və müxalifətin arqumentlərini və manipuliyativ mənbələrini məhdudlaşırmağa çalışır ki, seçkilərdə üstünlük qazana bilsin. Aydındır ki, Ermənistan Konstitusiyasında hələ də Qarabağın "Ermənistan torpağı" kimi göstərilməsi sülhün qarşısındakı əsas və fundamental maneədir. Rəsmi Bakı bu faktı məhz əsas şərt kimi irəli sürür. Çünki qeyd edilən dəyişikliklər olmadığı müddətdcə hər hansı bir sülh müqaviləsinin legitimliyi sual altına düşür. Paşinyan hər dəfə yeni konstitusiyaya ehtiyacdan danışsa da, onun bu açıqlamalarında Azərbaycanın haqlı tələbini, yəni konstitusiyadan işğalçı iddiaların çıxarılmasını eşitmirik. Bu isə böyük ölçüdə məhz radikal müxalifəti və onlara havadarlıq edən qüvvələri, revanşist ideyaları neytrallaşdırmaq məqsədindən irəli gəlir. Halbuki erməni cəmiyyəti birdəfəlik olaraq dərk etməlidir ki, regionda təhlükəsizliyin və davamlı sülhün yeganə yolu revanşizm deyil, reallığı qəbul etməkdən keçir. Cənab Prezident İlham Əliyevin yaratdığı yeni geosiyasi reallıq ortadadır".
Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad edib və regionda sülhün şərtlərini də özü müəyyən edir: “Ermənistan bu reallığı tam qəbul etməyənə qədər heç bir sülh sazişindən danışmaq mümkün olmayacaq. Unutmaq olmaz ki, konstitusiya dəyişmədiyi müddətdə Ermənistan beynəlxalq hüquqa uyğun davranmış sayılmır, sülh sazişinin imzalanması mümkün olmur, regionda dayanıqlı təhlükəsizlik mühiti formalaşmır. Bütün hallarda zaman artıq Azərbaycanın lehinə işləyir. Azərbaycanın güclü dövləti, güclü ordusu və güclü lideri var. Regionda yeni siyasi nizam məhz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və bu gün möhtərəm Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi dövlətçilik xəttinin nəticəsidir. Ermənistan nə qədər tez bu reallığı qəbul edərsə, bir o qədər tez sülh və əməkdaşlıq imkanı əldə edə bilər. Əks halda, məsuliyyət yalnız və yalnız rəsmi İrəvanın üzərində qalacaq”.

Mübariz Göyüşlü
Siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Paşinyanın konstitusiya ilə bağlı dəyişiklik etmək cəhdlərinin uğurla nəticələnəcəyinə inanır: “Azərbaycanın tələbini yerinə yetirəcəyi təqdirdə proseslər müsbət şəkildə yekunlaşacaq. Bu, Azərbaycanın qəti tələbidir. Paşinyan, onun ətrafı, tərəfdarları və ümumiyyətlə, erməni xalqı bilməlidir ki, Azərbaycan bu tələbdən geri dönməyəcək. Təəssüf edirəm ki, Paşinyan bu məsələni 2026-cı ilə qədər uzatdı. Biz gözləyirdik ki, o, bu il konstitusiyada dəyişiklik edərək məsələni həll etsin. Ermənistan Konstitusiyasında və ona bağlı əsas sənədlərdə Qarabağın Ermənistana məxsus olması ilə bağlı maddələr aradan qaldırılmalı idi. Təəssüf ki, bu, bu il baş tutmadı. Paşinyan bilməlidir ki, bu məsələ 2026-cı ildə mütləq gerçəkləşməlidir. Onu daha da uzatmağın heç bir mənası yoxdur. Hesab edirəm ki, 2026-cı il seçkilərindən sonra Paşinyan bu dəyişikliyi həyata keçirmək üçün daha geniş imkanlara sahib olacaq”.
M.Göyüşlünün sözlərinə görə, əgər Paşinyan Azərbaycanın bu tələbini nəzərə almasa və yerinə yetirməkdən imtina etsə, bu onun üçün heç də yaxşı nəticələr verməyəcək: “Paşinyan həm də diqqət etməlidir ki, hələ sülh sazişi imzalanmasa da, Azərbaycanın jestləri-taxıl tranzitinə icazə verilməsi və digər müsbət addımlar Ermənistan üçün nə qədər böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi açıldıqdan sonra isə Ermənistanın nə qədər fayda əldə edəcəyi göz önündədir, baxmayaraq ki, hazırda onu açmaq istəmir. Paşinyanın bir yolu var - Azərbaycanın tələblərini yerinə yetirmək və normal qonşuluq münasibətlərinə əməl etmək. Gələcək perspektivdə onun bunu mütləq nəzərə alacağına inanmaq istərdim”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






