İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı “üç badam, bir qoz...”

436 18.02.2026 12:27 Siyasət A A

Ermənistanda seçkilərə 5 ay qalmış güclü bloklaşma başlayıb - kritik iqtidar dəyişikliyi gözləntisi

Ermənistanda kritik parlament seçkilərinə 5 ay qalıb və indidən baş nazir Nikol Paşinyana qarşı güclü bloklaşma başlayıb.

Erməni mediası yazır ki, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının rəsmi şəkildə elan olunması “siyasi konfiqurasiya üçün dönüş nöqtəsi” hesab edilir. Arman Tatoyan ətrafında yaranmış blok Paşinyanın məxməri inqilabından məyus olan, ənənəvi müxalifətlə əlaqələndirmək istəməyən elektoratı öz ətrafında birləşdirməyə iddialıdır. Bu blokun Paşinyanın elektoratından müəyyən hissəni qopara biləcəyi deyilir. Qaqik Tsarukyan və onun partiyası ətrafında isə üçüncü blok formalaşır. Tsarukyan bloku Paşinyanın sosial rifahı sürətlə azalan orta statistik vətəndaşdan səs almağa iddia edəcək.

Nəhayət, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ətrafında yaranmış siyasi blok Paşinyana qarşı mübarizə aparacaq. Ermənistanda seçkilər öncəsi yaranan bu çoxqütblü siyasi mənzərə Paşinyan üçün ciddi siqnal sayıla bilər. Baxmayaraq ki, bu namizədlər içərisində ən “çərt qoz” Rusiyanın da müdafiə etdiyi Karapetyandır. Digər iddialı namizədlər Paşinyan üçün “asan qırılan badam” kimi də qiymətləndirilə bilər. Amma daha ciddi nəticələr üçün qarşıdakı ayları gözləmək lazım gələcək.

İndiyədək müxalifətin parçalanmış olması onun əsas üstünlüklərindən idi, lakin indi həm biznes dairələrini təmsil edən Samvel Karapetyan, həm hüquq müdafiəçisi imici olan Arman Tatoyan, həm də sosial elektorata oynayan Qaqik Tsarukyan kimi fiqurların ayrı-ayrı bloklar yaratması siyasi səhnəni parçalayaraq hakimiyyətin səs bazasını daralda bilər.

Üstəlik, sabiq prezident Robert Köçəryan ətrafında formalaşan düşərgə klassik revanşist elektoratı konsolidasiya etmək potensialına malikdir. Bu isə o deməkdir ki, Paşinyan ilk dəfə olaraq təkcə köhnə elita ilə deyil, müxtəlif sosial və ideoloji seqmentlərdən gələn paralel rəqiblərlə üz-üzə qalır.

Siyasi dinamika göstərir ki, əsas mübarizə artıq hakimiyyət-müxalifət xəttindən çox müxalifət daxilində liderlik uğrunda gedəcək.

Əgər bu bloklar seçkiyə qədər vahid taktiki əməkdaşlıq modeli qura bilməsə, bu parçalanma yenə də Paşinyanın xeyrinə işləyə bilər. Amma koordinasiya baş tutarsa, bu seçkilər son illərin ən gərgin siyasi yarışına çevrilə bilər.

Yeri gəlmişkən,  Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası 2026-cı il parlament seçkiləri üçün namizədlər siyahısını müəyyənləşdirir. Partiya daxilində namizədləri seçmək üçün səsvermənin birinci turu keçirilib. Səsvermədə ümumilikdə 1028 nəfər iştirak edib və 932 etibarlı bülleten istifadə olunub. Birinci turda 38 nəfərin Nikol Paşinyana səs vermədiyi bəlli olub.

Qeyd edək ki, üç günlük səsvermənin nəticələrinə görə, Nikol Paşinyan 894, Suren Papikyan 780, Gevorq Papoyan 765 və Ararat Mirzoyan 743 səs toplayıb.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

 Natiq Cəfərli

Ermənistanda seçki atmosferini şərh edən REAL Partiyasının sədri Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, hakim partiyanın məğlubiyyəti riski var və gözlənilməz nəticələr ola bilər: “Yəni seçicinin son anda fikrini dəyişməyə səbəb olan hadisələr baş verə bilər. Ona görə də indidən Paşinyanın partiyasının parlament seçkilərində qalib gələcəyini əminliklə söyləmək çətindir”.

Bununla belə, N.Cəfərlinin fikrincə, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri, onun Paşinyana siyasi dəstəyi və Vaşinqtonun Ermənistanda 9 milyardlıq layihə nəzərdə tutması baş nazirin partiyasının qələbəsinə təminat kimi dəyərləndirilə bilər: “Eyni zamanda Azərbaycanla yaxşılaşan münasibətlər, ticarət, taxıl daşınması və benzin göndərilməsi erməni baş nazirin daxili siyasətdə əlini gücləndirən faktorlardır. Ona görə də gedişat onun seçkilərdə qalib gələcəyini göstərir. Xüsusən də Eçmiədzin kimi kilsənin təsirinin güclü olduğu, Paşinyanın partiyasının səs ala bilmədiyi bir yerdə onun ən son seçkidə qalib gəlməsini yada salmaq lazımdır”.

N.Cəfərli hakim “Mülki Müqavilə” Partiyasına qarşı seçki bloklarının yaranmasının səbəbləri olduğunu da düşünür: “Məncə, gələcəkdə onlardan biri Paşinyanın partiyası ilə əməkdaşlıq edə bilər. Ancaq Rusiya ilə bağlantısı olan partiyaların qələbə şansı həddən azdır, hətta yoxdur. Çünki erməni cəmiyyətinin Rusiyaya münasibəti kökündən dəyişib. Ermənistanda "Rusiya bizi aldatdı", “Moskva bizi qorumadı” fikirləri yayğındır. Xüsusən də müharibədən sonra baş verənlər cəmiyyətdə bu əhval-ruhiyyəni gücləndirib".

Qeyd edək ki, Paşinyan siyasi arenada Ter-Petrosyandan ayrılaraq “Mülki Müqavilə” Partiyasını qurub. Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası 2026-cı il parlament seçkiləri üçün artıq namizəd seçimi prosesinə başlayıb. Ən çox səs toplayan 50 namizəd Ermənistan Seçki Məcəlləsi ilə müəyyən edilmiş gender kvotaları nəzərə alınmaqla ikinci mərhələyə keçəcək. 50-ci yerdə səslər bərabər olarsa, eyni nəticəyə malik bütün namizədlər növbəti mərhələyə keçəcəklər. “Vətəndaş Müqaviləsi” Şurası parlamentin sədri Alen Simonyanla fikir ayrılığına görə deputat Hayk Sarkisyanı seçki siyahısından çıxarıb. Seçki siyahısından həmçinin deputatlar Karen Sarukhanyan, Hayk Tsirunyan və Cülyetta Azaryan da çıxarılıb. Xaçatur Sukiasyan, Paşinyanın qayını Hraçya Akopyan, Lena Nazaryan və Kristine Poqosyan da partiya siyahısından çıxarılıb. Parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR