Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin bütün üzvlərinin, o cümlədən Volodimir Zelenskinin Ermənistanda keçiriləcək sammitdə iştirakını gözləyir.
Musavat.com-un məlumatına görə, baş nazir bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə məlumat verib.
Paşinyan yerli medianın Zelenskiyə İrəvanda keçiriləcək sammitdə iştirak etmək üçün dəvət göndərib-getməməsi ilə bağlı sualına cavabında belə deyib.
Ukrayna liderinin Ermənistana səfəri həm İrəvandakı revanşistlər, həm də Rusiyadakı ayrı-ayrı çevrələr tərəfindən birmənalı qarşılanmayıb və böyük rezonans doğurub. Belə bir situasiya seçkiöncəsi hansı perspektivlər vəd edir?
“Mayın 4-də İrəvanda, 50 dövlətin nümayəndəsinin iştirakı ilə Avropa Siyasi Şurasının sammiti keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri İrəvandakı toplantıya qatılmayacaqlar. Çünki, Ermənistanla Azərbaycan arasında sülh sazişi hələ imzalanmayıb. Buna baxmayaraq, Avropa Siyasi Şurasının toplantılarının Cənubi Qafqaz ölkələrində keçirilməsi Azərbaycan və Ermənistan üçün faydalıdır. Politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan Avropa İttifaqının tərəfdaşlarıdır. O, İtaliyanın baş naziri Corciya Meloninin İrəvandakı toplantıdan sonra Bakıya səfər edəcəyini də xatırladaraq, bu səfərin önəminə toxunub.
Güman olunur ki, prezident Volodimir Zelenskinin Ermənistana səfərinə Rusiyanın aqressiv reaksiyası fonunda baş nazir Nikol Paşinyanın Ukrayna prezidentini gözlədikləri barədə açıqlama verməsi Kremlin qəzəbini artıracaq. E.Şahinoğlu qeyd etdi ki, bir neçə gün əvvəl Zelenski Azərbaycana səfər etmişdi: “Zelenski bu dəfə Avropa Siyasi Şurasının İrəvandakı toplantısında iştirak etməyi planlaşdırır. Kremlin nəzarətindəki saytların yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi bu xəbəri gizli saxlamağa çalışır. Bu iddianın məntiqi yoxdur. İrəvandakı toplantıya Avropanın İttifaqının və birliyə tərəfdaş olan dövlətlərin liderləri qatılacaqlar. Zelenski Avropa Siyasi Şurasının bundan əvvəlki bütün sammitlərində iştirak edibsə, İrəvandakı toplantıdan niyə imtina etməlidir? Ermənistan toplantının sadəcə ev yiyəsidir, tədbirə çağrılacaq qonaqları Brüssel müəyyələşdirib”.
Politoloq bildirdi ki, Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsiri barədə açıqlamalar veriblər: “Bu açıqlamaların özü göstərir ki, erməni radikallar Rusiyanın təlimatı ilə hərəkət edirlər. Zelenski Ermənistandakı toplantıda iştirak etməklə Moskvaya mesaj göndərəcək ki, Cənubi Qafqaz, o cümlədən Ermənistan artıq Rusiyanın təsirindən çıxıblar”.
E.Şahinoğlu bir məqamı da vurğuladı: “Avropa Siyasi Şurasının İrəvandakı toplantısı baş nazir Nikol Paşinyana da lazımdır. O, parlament seçkisi öncəsi Avropa İttifaqı liderlərindən hərtərəfli dəstəyə ümid edir. Avropa liderləri parlament seçkisində Paşinyanın qələbə qazanmasını istəyirlər. Çünki, radikallar qələbə qazanarsa, Ermənistanın yenidən Rusiyanın təsiri altına keçəcək”.
E.Paşasoy,
Musavat.com






