İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian açıqladı: "İstanbulda Uitkof-Əraqçı görüşü..."

1215 03.02.2026 20:36 Siyasət A A

İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Paylaşımda o, bildirib ki, Tehran və Vaşinqton arasında danışıqlar İranın milli maraqları çərçivəsində aparılmalıdır.

"Regiondakı dost hökumətlərin ABŞ Prezidentinin (Donald Tramp - red.) danışıqlar təklifinə cavab vermək xahişi fonunda mən xarici işlər nazirinə (Abbas Əraqçi - red.) uyğun şərait olduğu təqdirdə təhdidlər və əsassız gözləntilər olmadan ədalətli, bərabərhüquqlu danışıqlar aparmağı tapşırdım” deyə, - o qeyd edib.

“Axios”un yaydığı məlumata görə isə Abbas Əraqçi ilə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof arasında İstanbulda görüşün keçirilməsi planlaşdırılır.

Regionda gərginliyin davam etdiyi zamanda Azərbaycan da öz mövqeyini qəti şəkildə ifadə edib. Rəsmi Bakı bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyini bildirib. Azərbaycan Respublikasının hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcəyini bəyan edib.

WhatsApp Image 2026-02-03 at 20.39.14.jpeg (159 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, region ətrafında olduqca mürəkkəb geosiyasi proseslər gedir: “Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi fonunda kəskin Rusiya-Qərb qarşıdurması baş verir. Digər tərəfdən İran-İsrail + ABŞ qarşıdurmasının daha da kəskinləşməsi ölkəmiz üçün müəyyən narahatlıqlar yaradır. Bu vəziyyətin nə qədər davam edəcəyi ən aktual suallardan biridir.

Görünən odur ki,vəziyyət bir müddət belə davam edəcək. Tərəflər arasında kəskin mövqe və maraq fərqləri, həmçinin, sərt geosiyasi qarşıdurma var. Hər iki istiqamətdə münaqişənin bir müddət davam edəcəyi görünür. Müəyyən razılaşmalar əldə olunarsa, Rusiya-Ukrayna müharibəsi dayanarsa, İran ətrafında vəziyyət nisbətən sakitləşsə belə, bu vəziyyətin də nə qədər davam edəcəyi ilə bağlı suallar var. Belə bir vəziyyətdə Azərbaycan təbii ki, milli və təhlükəsizlik maraqlarını düşünür, milli təhlükəsizliyin, milli maraqların yüksək səviyyədə qorunmasına çalışır. Ölkəmizin atdığı addımların təməlində də bu amil dayanır”.

M.Məmmədli vurğulayıb ki, Azərbaycan təkcə, özünün deyil, həm də regionun təhlükəsizliyini düşünür və sülhə töhfə verməyə çalışır: “Bir müddət əvvəl Azərbaycan Prezidentinin İran Prezidenti ilə telefon danışığında Bakının öz köməyini təklif etməsi ondan xəbər verir ki, Azərbaycan proseslərin passiv müşahidəçisi deyil, eyni zamanda regionda yaranmış mürəkkəb vəziyyətdə sülhə töhfə verməyə çalışır. Düşünürəm ki, Bakı sülhə xidmət edən addımlarını davam etdirəcək. Azərbaycan xarici siyasətinin təməl hədəflərindən biri regionda dayanıqlı sülhə nail olmaqdır. Odur ki, bu istiqamətdə davamlı iştirak gözləniləndir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR