ABŞ prezidentinin siyasəti transatlantik münasibətləri ciddi sınaq qarşısında qoyur.
Musavat.com xəbər verir ki, nüfuzlu "Politico" saytının yazdığına görə, ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinə qarşı sərt mövqeyi Avropa ölkələrini ilk dəfə olaraq ona qarşı daha sıx birləşdirir.
Məqalə müəllifləri Tim Ross və Eva Hartoq qeyd edir ki, Avropa liderləri artıq ABŞ-ın NATO-dan çıxmaq ehtimalını real risk kimi müzakirə etməyə başlayıblar .
Bildirilir ki, Brüssel və digər şəhərlərdə keçirilən qapalı görüşlərdə Avropa rəsmiləri Trampın hədələrinə necə cavab veriləcəyini və ABŞ-ın alyansı tərk edəcəyi halda hansı addımların atılacağını müzakirə edir.
Avropa diplomatlarından biri vəziyyəti belə təsvir edib: “NATO iflic vəziyyətdədir... artıq dağılmağa başlayıb”.
"Politico" yazır ki, böhranın əsas səbəbi Avropa ölkələrinin – xüsusilə İspaniya, Böyük Britaniya və Fransanın – ABŞ və İsrailin İrana qarşı əməliyyatlarına qoşulmaqdan imtina etməsidir.
Tramp isə buna cavab olaraq NATO-nu “kağız pələng” adlandırıb və müttəfiqlərə qarşı tənqidlərini daha da sərtləşdirib.
Helsinkidə keçirilən qapalı görüşdə Böyük Britaniya, İsveç, Finlandiya və Norveç liderləri açıq şəkildə bəyan ediblər ki, onlar ABŞ-ın İrana qarşı müharibəsinə qoşulmayacaqlar.
Fransa ABŞ hərbi təyyarələrinin öz hava məkanından istifadəsini məhdudlaşdırıb, İspaniya isə ümumiyyətlə hava məkanını bağlayıb.
NATO-nun keçmiş planlaşdırma rəhbəri olmuş Fabriz Potye bildirib ki, Trampın birtərəfli siyasəti Avropa ilə münasibətləri ciddi şəkildə zədələyib:
"Tramp indi öz siyasətinin nəticələri ilə üzləşir".
Böyük Britaniyanın baş naziri Kir Starmer isə Trampın təzyiqlərinə baxmayaraq milli maraqlara uyğun qərar verəcəyini açıqlayıb. Maliyyə naziri Reyçel Rivz isə emosional mövqeyini gizlətməyib:
“Tramp bu müharibəni başlatdı və mən çox qəzəbliyəm. İndi onun çıxış yolu görünmür”.
NATO daxilində də narahatlıq artır. Alyansın baş katibi Mark Rütte ABŞ-ı açıq tənqid etməməyə çalışsa da, bu mövqe bəzi müttəfiqləri narazı salır.
Eyni zamanda, Avropa ölkələri artıq alternativ təhlükəsizlik mexanizmləri üzərində işləyir. Bunlara Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələri (JEF) və Skandinaviya ölkələrinin əməkdaşlıq platforması daxildir.
Finlandiyanın müdafiə naziri Antti Hekkanen bildirib ki, bu strukturlar NATO zəifləyəcəyi halda alternativ rol oynaya bilər.
Avropa İttifaqı da müdafiə sahəsində fəallaşır və üzv ölkələrin hərbi xərclərini artırması üçün 150 milyard avroluq fond ayırmağı planlaşdırır.
Estoniyanın müdafiə naziri Hanno Pevkur müttəfiqləri bu sözlərlə xəbərdarlıq edib:“Qərbin bölünməsi Putinin istədiyi ssenaridir”.
Beləliklə, "Politico"-nun təhlilinə görə, Trampın siyasəti təkcə NATO-nu zəiflətmir, həm də Avropanı ABŞ-dan daha müstəqil təhlükəsizlik strategiyası qurmağa məcbur edir.
Musavat.com






