Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-nədək Donetskin tamamilə ələ keçirilməsi əmrini verib. Bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.
Sitat: “Putin Donetsklə bağlı gecikmələrdən bezib. O, düşmən qoşunlarının payıza qədər oradan tamamilə çıxarılmasını tələb edib. Əgər bu baş verməsə, ciddi kadr dəyişiklikləri olacaq”.
Mənbə hesab edir ki, belə qərarlardan biri müdafiə naziri Andrey Belousovun istefası ola bilər. Çünki o, Donetskin 2027-ci ilin fevral və ya mart aylarından tez ələ keçirilməyəcəyini israr edir. Putin isə bu müddətin çox uzaq olduğunu düşünür.
Qeyd edək ki, söhbət cəmi 5-6 min kv km-lik ərazidən gedir...
Putinin bu gözləntisi nə dərəcədə reallaşa biləndi? Axı, ən yaxşı halda 1 sentyabra hələ 7 ay var. Bu müddətdə Rusiyanın maliyyə-iqtisadi durumu yəqin ki, indikindən də ağır kökə düşəcək. Bu fonda kadr dəyişiklikləri nəyi dəyişə bilər? Putin möcüzəyəmi ümid edir? Üstəgəl, cəbhə üçün “top əti” problemi ciddiləşib. Gələn xəbərlərə görə, Moskva müharibədəki canlı itkilərin yerini doldurmaqda çətinlik çəkir. Ümumi səfərbərliyə də risk eləmir...

Siyasi şərhçi Kamran Məmmədov Musavat.com-a deyib ki, “Teleqram” kanallarının yaydığı məlumatın doğruluq dərəcəsini ayrıca müzakirə etmək olar: “Amma belə bir göstərişin verilməsi ehtimalı belə, Rusiyanın Ukrayna müharibəsində düşdüyü strateji və psixoloji vəziyyəti anlamaq üçün kifayətdir. Əgər doğrudan da sentyabrın 1-nədək Donetskin tam ələ keçirilməsi tapşırılıbsa, bu, hərbi plan deyil, siyasi ultimatumdur”.
Ekspertə görə, Donetsk xəritədə kiçik, siyasi baxımdan nəhəng məsələdir: “Söhbət cəmi 5-6 min kvadrat kilometrdən gedir. Kağız üzərində bu, böyük ərazi deyil. Amma müharibələr coğrafiya ilə deyil, müqavimət, logistika, texnologiya və siyasi iradə ilə ölçülür. Donetsk vilayətinin tam ələ keçirilməsi Kreml üçün bir neçə səbəbə görə prinsipialdır. Rusiya artıq Donetsk və Luqanskı “öz ərazisi” elan edib. Amma beynəlxalq hüquq baxımından deyil, hətta faktiki nəzarət baxımından belə, bu iddia yarımçıqdır. 2022-ci ildən bəri “xüsusi əməliyyat”ın əsas məqsədlərindən biri kimi Donbasın “azad edilməsi” təqdim olunur. 4 il tamamlanmaq üzrədir, amma nəticə yoxdur. Moskva mümkün danışıqlara əlində “tamamlanmış fakt”la getmək istəyir.
Amma hərbi reallıq siyasi tələbi daşıya bilərmi? Sentyabra 7 ay var. Müasir müharibədə bu, həm çox, həm də çox azdır. Əgər tərəflərdən biri strateji təşəbbüsü ələ alıbsa, 7 ay ərzində böyük dəyişiklik mümkündür. Amma Ukrayna cəbhəsində vəziyyət statik və aşındırıcı müharibə mərhələsindədir. Rusiya ordusu irəliləyir, amma santimetr-santimetr. Hər kilometr yüzlərlə canlı qüvvə, texnika və sursat hesabına başa gəlir. Bu isə artıq klassik artilleriya müharibəsi deyil – dronlar, yüksək dəqiqlikli silahlar və kəşfiyyat üstünlüyü müharibənin xarakterini dəyişib. Donetsk istiqamətində sürətli əməliyyat üçün Rusiyaya böyük canlı qüvvə, üstün hava dəstəyi, logistika sabitliyi, müdafiə xəttini yaracaq zərbə qrupları lazımdır”.
Siyasi şərhçi hesab edir ki, Putin rəsmi olaraq ümumi səfərbərlik elan etməkdən çəkinir, çünki bu, artıq “xüsusi əməliyyat” mifinin sonu deməkdir: “Səfərbərlik müharibənin rəsmi etirafıdır. Bu isə daxili sosial sabitlik üçün risklidir. Rusiya itkiləri kompensasiya etmək üçün müqaviləli hərbçilərin maaşını artırır. Regionlara plan tapşırıqları verir. Həbsxanalardan cəlbetməni davam etdirir, miqrantları vətəndaşlıq müqabilində cəbhəyə yönləndirir. Amma bu modelin də limiti var. Keyfiyyətli, təlimli canlı qüvvə çatışmazlığı artıq hiss olunur. Say var, amma effektiv döyüş qabiliyyəti sual altındadır”.
Müsahibimizin fikrincə, 7 ay təkcə cəbhə üçün deyil, iqtisadiyyat üçün də həlledici dövrdür:
“Rusiyaya qarşı sanksiyalar daha da ağırlaşır, büdcə hərbi xərclərlə yüklənir. Neft-qaz gəlirləri əvvəlki kimi deyil, texnoloji təcrid davam edir. Amma Rusiya iqtisadiyyatı hələ çökməyib. Belə model uzunmüddətli müharibəni “qidalandıra” bilər, amma sürətli, intensiv hücum əməliyyatları üçün əlavə resurs tələb edir. Müharibə artıq resursların idarə olunması mərhələsinə keçib. Əgər sentyabra qədər nəticə olmazsa və müdafiə naziri dəyişdirilərsə, bu ordunun taktiki vəziyyətini dərhal dəyişməyəcək.
Putin anlayır ki, müharibə uzandıqca Qərbin Ukraynaya dəstəyi institusionallaşır, Rusiya iqtisadiyyatı isə daha çox hərbiləşir. Ona görə də müəyyən tarixlər qoyulur. Tarix psixoloji təzyiq alətidir. 1 sentyabr həm də simvolik tarixdir - yeni siyasi mövsüm, yeni mərhələ. Amma reallıq budur ki, Donetskin tam ələ keçirilməsi üçün Rusiya kəskin hərbi üstünlük yaratmalıdır. Ya da Ukraynanın müdafiəsində ciddi çökmə baş verməlidir. Hazırkı dinamikada isə cəbhə aşındırıcı müharibə xəttindədir. Möcüzə resursu tükənən tərəfin son ümididir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






