Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rus silahları ilə təchiz oluna bilər. Bu barədə Rusiya prezidenti Vladimir Putin Bişkekdə keçirilən KTMT sammitində çıxışı zamanı məlumat verib.
Kremlin sahibi Rusiyanın KTMT-nin yeni terrorizmə qarşı mübarizə strategiyasının hazırlanmasına başlamağı təklif etdiyini də vurğulayıb.
Rusiya rəhbəri deyib ki, KTMT-nin sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək. O, Rusiyanın KTMT-yə sədrliyinin “çoxqütblü dünyada kollektiv təhlükəsizlik” devizi altında keçiriləcəyini qeyd edib.
Putin “rus NATO”su adlanan KTMT-ini də öz siyasətinə qatır? NATO-nun Ukrayna müharibəsi bitəndən sonra nüfuzunu itirəcəyini proqnozlaşdırıb, Putin dünyanın ən böyük hərbi-siyasi blokuna qarşı alternativ olaraq öz nəzarətində olan birliyi gücləndirir, silahları ilə təchiz edir?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirdi ki, Rusiya Prezidenti Vladimir Putinin KTMT sammitindəki çıxışı təkcə təşkilatın gələcəyi üçün deyil, eyni zamanda Rusiyanın regiondakı təsirini qorumaq və gücləndirmək üçün yeni mərhələnin başladığını göstərir:
“Putin KTMT ölkələrinin Rusiya istehsalı olan, döyüşlərdə sınaqdan keçmiş silahlarla təchiz olunması və terrorizmə qarşı yeni strateji yanaşmanın hazırlanmasını təklif edib. Putinin təklifləri bir neçə əsas məqsədə xidmət edir. Bunlardan birincisi Rusiyanın silah bazarında mövqeyini qorumaqdır. Rusiya silahları Ukrayna müharibəsində geniş istifadə olundu və bu, onların effektivliyini göstərmək üçün fürsətə çevrilib. KTMT üzvlərinə bu silahların satılması həm iqtisadi gəlir gətirəcək, həm də Rusiyanın texnoloji nüfuzunu artıracaq. Rusiya özü birbaşa müharibədə olduğu üçün silah bazarında ixracı xeyli zəifləmişdi. Hətta reytinqdə geriləmə də var idi. Hazırda baş verən danışıqlar onu göstərir ki, müharibə yekunlaşa bilər. Əgər belə olduğu təqdirdə Rusiya yenindən silah ixracatçısı kimi bazara qayıtmaq istəyir. Ona görə də, Putin öncə KTMT-dən başlayır. Yeri gəlmişkən Rusiya iqtisadiyyatını hərbi yönə dəyişib. Bu da o anlama gəlir ki, Rusiya itirdiklərini bərpa etmək üçün addımlar atacaq. Hətta bəzi ölkələrə təzyiq göstərəcək ki, onun istehsal etdiyi silahları alsınlar.
Bundan əlavə Rusiya KTMT ölkələrinin özündən hərbi asılılığını dərinləşdirməyə çalışır. Bu silahlar eyni zamanda Rusiya təlimləri, texniki dəstəyi və ehtiyat hissələri ilə birlikdə gələcək. Bu da Moskvanın bölgədəki hərbi dominantlığını qorumağa xidmət edir”.
Hərbi ekspert əlavə etdi ki, Putinin irəli sürdüyü yeni “terrorizmə qarşı mübarizə strategiyası” ideyası, Rusiya üçün KTMT-nin daxili və xarici siyasətinə yön vermək imkanını artırır: “Bu strategiya adı altında üzv ölkələrin daxili məsələlərinə qarışmaq, sərhədyanı bölgələrdə əməliyyatlar aparmaq və Rusiya təhlükəsizlik doktrinasını bölgəyə ixrac etmək planları görünür. Rusiyanın hazırda aparmağa çalışdığı siyasət ABŞ və NATO-nun dominant olduğu beynəlxalq sistemə qarşı bir cavabdır. Rusiya KTMT vasitəsilə alternativ bir təhlükəsizlik bloku qurmaq və beynəlxalq arenada özünü Qərbdən asılı olmayan güc mərkəzi kimi təqdim etmək istəyir. Bunu nə qədər bacaracaq, indidən demək asan deyil.
Rusiya istədiklərini reallaşdıra bilsə, silah tədarükü, ortaq təlimlər, informasiya mübadiləsi və hüquqi mexanizmlərlə KTMT daxilində Rusiyanın rolu daha da artacaq. Rusiya KTMT-nin vasitəçiliyi ilə həm iqtisadi, həm siyasi, həm də hərbi gücünün xəritəsini müəyyənləşdirir. Putinin son çıxışına, sadəcə bir təkliflər paketi kimi yox, Rusiya üçün strateji yol xəritəsi kimi baxmaq lazımdır”.
Cavanşir ABBASLI
Musavat.com






