Kreml lideri “o halda Rusiyanın etnik və dini tərkibi kökündən dəyişəcək” sözləri ilə nəyə işarə edir?
“SSRİ-nin bərpasından söhbət gedə bilməz, Rusiyanın belə bir məqsədi yoxdur”. Bunu Rusiya Prezidenti Vladimir Putin “İndia Today” telekanalına müsahibəsi zamanı müvafiq suala cavabında deyib. “Xeyr, əlbəttə ki, yox. Bundan söhbət gedə bilməz. Bunun, sadəcə, mənası yoxdur. Orada rasionallıq məsələsi də var. Hazırkı şəraitdə bunun heç bir mənası yoxdur, çünki bu, Rusiya Federasiyasının etnik və dini tərkibini kökündən dəyişdirəcək”, - Putin qeyd edib.
Kreml rəhbəri onu da bildirib ki, guya Qərbdə Rusiyanın Sovet İttifaqını bərpa etmək arzusunda olduğunu deyənlər öz əhalisini qorxutmağa çalışırlar. Əslində son illərdə, xüsusilə də 2014-cü ildən sonra Krımın ilhaqı və 2022-ci ildən etibarən isə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilə fonunda, Rusiyanın postsovet məkanı ilə bağlı artan ambisiyaları ciddi narahatlıq doğurmaqdaydı. Və bu, yaxın gələcəkdə Rusiyanın postsovet ölkələrini yenidən öz patronajlığı altına salmaq planlarını büruzə verirdi.
Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələrinin hazırda keçmiş SSRİ-nin dağılmasını “tarixi səhv” və “qeyri-qanuni proses” kimi təqdim etməsi Kremlin postsovet məkanına yönəlik aqressiv ssenarilərinin mövcudluğunu təsdiqləyir.
Putinin “SSRİ-2" ilə bağlı sözlərini necə oxuyaq? Arxayınçılığa əsas varmı? Ona inanmaq olarmı? Ukraynanın başına gətirilənlər necə olsun bəs? Axı vaxtilə Putinin özü Krımın Rusiyaya birləşdirilməsini ağılsızlıq adlandırmışdı. Nəhayət, Kreml rəhbəri o halda ”Rusiyanın etnik və dini tərkibini kökündən dəyişəcək" sözləri ilə nəyə işarə edir?

Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli SSRİ-nin eskalasiya ilə bərpasını mümkün saymır. Onun fikrincə, Ukraynada blitzkriq baş tutmadı və uzunmüddətli münaqişəyə çevrildi: “Qərb Krımın ilhaqına göz yumduğu kimi bütün Ukraynanın götürülməsinə razılaşmadı. Ona görə genişmiqyaslı hərbi əməliyyatlara qarşı müdafiə bloku yaratdı. Bu da Ukraynanı böyük ölçüdə işğaldan qorudu, amma ərazisinin Krım daxil olmaqla, 20 faizi nəzarətindən çıxıb. Əgər Kiyevdə hərbi yolla çevriliş olsaydı, Ukrayna ittifaq dövlətinə daxil olacaqdı. Bax, bu zaman SSRİ - 2 adlanan modelin yaranması istisna deyildi. Söhbət ondan getmir ki, sovet ideologiyasının yaşadılması, pioner qalstuku taxılması, hər yerdə Leninin heykəli, kommunizmin təbliği olacaqdı. Qətiyyən! Sadəcə, Ukraynanın ardınca digər keçmiş sovet respublikaları da Rusiyanın orbitinə daha da yaxınlaşacaqdı. Yəni Putin postsovet məkanına tam nəzarət edəcək və Qərbin təsirlərini sıfıra endirəcəkdi. İndi isə vəziyyət fərqlidir və Rusiya geosiyasi bir qarşıdurmanın içərisindədir, o baxımdan Kreml lideri SSRİ-nin bərpasını real görmür”.
Siyasi təhlilçi Alim Nəsirov hesab edir ki, hadisələrin gedişatı Rusiyanın Ukrayna müharibəsindən necə çıxmasından asılı olacaq. Onun fikrincə, zəifləməkdə olan Rusiyanın Cənubi Qafqaz və Orta Asiyada mövqeyi əvvəlki qədər möhkəm deyil: “Hazırda ABŞ 5C+1 platforması qurur. Eynilə Türk Dövlətləri Təşkilatı var. Bu təsisatlar Rusiyanın regionda təsir imkanlarını azaldır. Odur ki, Rusiyanın SSRİ planları dəfn olunmuş sayıla bilər. Rusiya Ukraynada qalib gəlsəydi, bu gün başqa reallığın şahidi ola bilərdik. Hətta bu, Qarabağ məsələsində də özünü göstərəcəkdi. Rusiyanın strateji mövqelərinin əlindən çıxması onun imperiya planlarını alt-üst edib. Ona görə də Rusiya lideri bu bəyanatlarla çıxış edib. Kreml başçısı deyə bilməzdi ki, Rusiya SSRİ-ni bərpa etmək arzusundadır. Belə də danışmalıydı. Amma özü də vaxtında deyib ki, SSRİ-ni dağılmasına sevinənlərin ürəyi, bərpasını arzulayanların ağlı yoxdur”.
![]()
Azər Hüseynov
Siyasi şərhçi Azər Hüseynov Nocomment.az-a qeyd edib ki, Putinin açıqlamalarında SSRİ-yə dair zidd görünən mesajlar iki fərqli nüansı ifadə edir: “Bir tərəfdən o, SSRİ-nin siyasi-coğrafi mənada - yəni 15 respublikanın yenidən vahid dövlət kimi birləşməsi anlamında bərpasının mümkün olmadığını dəfələrlə vurğulayır. Bu, həm beynəlxalq hüququn mövcud arxitekturası, həm də postsovet respublikalarının 30 ildən artıqdır öz dövlətçiliyini formalaşdırması fonunda real olmayan bir ssenaridir. Putin də bu reallığı qəbul edir. Lakin digər tərəfdən Kremlin ritorikasında ”SSRİ 2" kimi ifadələrin işlənməsi tamamilə başqa bir hədəfə işarə edir: təsir dairəsinin bərpası. Bu anlayış postsovet məkanında nəzarətin, koordinasiyanın və Rusiyanın “strateji dominasiya”sının mümkün qədər gücləndirilməsi deməkdir. Yəni burada söhbət formal və hüquqi birləşmədən yox, geosiyasi təsir zonasından gedir".
Siyasi şərhçinin sözlərinə görə, bu yanaşma yalnız Rusiyaya xas deyil - bütün böyük güclər oxşar məntiqlə hərəkət edir: “ABŞ, Çin, Türkiyə, Hindistan, hətta Fransa belə öz coğrafi ətrafını strateji təsir sahəsi kimi qəbul edir. Böyük güc konsepsiyası tələb edir ki, sərhədin kənarında yaranan hər bir siyasi, iqtisadi və ya təhlükəsizlik prosesi həmin gücün maraqları ilə ziddiyyət təşkil etməsin. Rusiya da özünə məhz bu çərçivədən baxır. Bu kontekstdə Putin "SSRİ-nin bərpası mümkün deyil" dedikdə hüquqi və inzibati birliyi nəzərdə tutur, “SSRİ 2" ifadəsini işlədəndə isə daha çox tarixi nüfuzun, təhlükəsizlik tampon zonalarının, iqtisadi-informasiya nəzarətinin və regional yönləndiricilik imkanlarının bərpası nəzərdə tutulur”.
A.Hüseynov qeyd edib ki, Moskvaya görə postsovet məkanı Rusiyanın “yaxın xaric”idir və burada boşluq yarandıqda başqa güclərin - ABŞ, Aİ, Çin, Türkiyə - təsiri artır: “Bu isə Kreml üçün təhlükəsizlik baxımından riskdir. Xüsusilə Ukrayna müharibəsi göstərdi ki, Rusiya üçün bu məsələ, sadəcə, ”təsir dairəsi" məsələsi deyil, birbaşa milli təhlükəsizlik amilidir. Bununla belə, Azərbaycan öz ehtiyatını görməli, təhlükəsizlik şəbəkəsini geniş şəkildə qurmalı, Türkiyə ilə müttəfiq əlaqələri daha dərin etməlidir".
Yada salaq ki, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov və Dövlət Dumasının deputatı Nina Ostanina SSRİ-nin hələ də hüquqi baxımdan mövcud olduğunu iddia edib. Ekspertlər və müşahidəçilər sözügedən fikirləri heç də təsadüfi hesab etmir. Çünki Rusiya kimi ölkədə dövlətə yaxın şəxslərin Kremlin razılığı olmadan bu cür bəyanatlar verməsi mümkün deyil. Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edən Anton Kobyakov açıq şəkildə bildirib ki, SSRİ-nin dağılması zamanı hüquqi prosedurlar pozulub və bu səbəbdən Sovet İttifaqı hüquqi baxımdan hələ də mövcuddur. Onun sözlərinə görə, SSRİ Xalq Deputatları Konqresinin qərarı ilə yaradılıb və yalnız həmin qurumun qərarı ilə buraxıla bilərdi. Lakin 1991-ci ildə belə bir qərar verilməyib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






