İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin pulu qurtarır – Ukrayna üçün ŞANS pəncərəsi?

655 16.01.2026 14:05 Dünya A A

Rusiya hökumətinin sabitlik haqda bəyanatlarına rəğmən, Ukraynadakı müharibə fonunda ölkə iqtisadiyyatı getdikcə daha çox resurs çatışmazlığı hiss edir. Bu barədə “Financial Times” qəzeti Qərb beyin mərkəzlərinə istinadən xəbər verir.

Onların məlumatlarına görə, Rusiya büdcəsində neft və qaz gəlirlərinin payı 2024-cü ildəki təxminən 30%-dən 2025-ci ildə 25%-dək aşağı düşüb. Bu itkilər vergi artımları ilə kompensasiya olunur. Belə ki, korporativ gəlir vergisi, fərdi gəlir vergisi və aksiz vergisi dərəcələri artırılıb və ƏDV-nin 2026-cı ildən başlayaraq 22%-ə qədər artırılması planlaşdırılır. Nəşrə görə, eyni zamanda, hərbi xərclər artır ki, bu da mülki proqramların azaldılmasına və real gəlirlərin azalmasına səbəb olur. Ekspertlər hesablamasına əsasən, Milli Rifah Fondunun likvid hissəsi artıq bir illik büdcə kəsirini ödəmək üçün kifayət deyil.

Rusiya müharibəyə nə qədər pul xərclədi? | KONKRET

Analitiklər, həmçinin, qeyd edirlər ki, real inflyasiya rəsmi inflyasiyadan iki dəfə çox ola bilər və Rusiya iqtisadiyyatı hazırda tammiqyaslı müharibə başlayandan təxminən 1,5% kiçikdir. Əksər ruslar real əmək haqqının azalması ilə üzləşib, əhalinin yalnız təxminən 20%-i isə müharibə iqtisadiyyatından faydalanıb.

Bu arada ABŞ Prezidenti Donald Tramp sülhə Putinlə müqayisədə Zelenskinin daha az hazır olduğunu söyləyib.

Bəs yeni ilin ilk ayında döyüş bölgəsində qüvvələr nisbəti necədir və getdikcə hansı tərəfin xeyrinə dəyişməyə meyllidir? Putin pul qıtlığın dəf edə biləcəkmi? Tramp niyə indi də Zelenskini sülh əleyhdarı kimi təqdim edir, Putini yox?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Rusiya hökumətinin sabitlik barədə açıqlamalarına baxmayaraq, Ukraynadakı müharibə fonunda ölkə iqtisadiyyatının ciddi maliyyə təzyiqi altında qaldığı danılmaz faktdır.

Onun sözlərinə görə, bu mənada “Financial Times” qəzetinin Qərb beyin mərkəzlərinə istinadən verdiyi xəbərlər tamamilə real görünür:

“Maliyyə problemləri təbii ki, istər-istəməz döyüş qabiliyyətinə də təsir edir. Odur ki, döyüş bölgəsində qüvvələr nisbəti qısa müddətli taktiki üstünlüklər baxımından dəyişkən olsa da, uzunmüddətli perspektivdə Ukrayna daha dayanıqlı görünür. Bu, əsasən Qərb tərəfdaşlarının hərbi və maliyyə dəstəyi sayəsində mümkün olur. Rusiya isə maliyyə qıtlığı, personal çatışmazlığı və logistik çətinliklər səbəbindən resurslarını optimallaşdırmaq məcburiyyətindədir. Hərbi xərclərin artırılması mülki sektorun maliyyələşməsinə mənfi təsir göstərir və uzunmüddətli davamlılığı şübhə altına qoyur. Rusiya iqtisadiyyatı artıq müharibənin maliyyə yükünü tam daşıya bilmir, uzunmüddətli perspektivdə resurs çatışmazlığı hərbi əməliyyatların davamlılığına mənfi təsir göstərəcək”.

Bakıda Düşənbə söhbəti - Kreml üçün niyə indi?

Politoloq qeyd edib ki, Trampın Zelenskini sülh əleyhdarı kimi təqdim etməsi isə onun Ukrayna böhranına yanaşmasının strateji elementini əks etdirir. Ekspertə görə, Trampın bu ritorikası həm də xarici siyasət prioritetlərini göstərir:

“Tramp ABŞ-ın resurslarının istifadəsində daha ehtiyatlı olmaq, müharibənin davamında ABŞ-ın birbaşa məsuliyyətini Zelenskiyə yönəltmək istəyir. Tramp başa düşür ki, Rusiyanın heç nə əldə etmədən müharibəni dayandırması faktiki olaraq mümkün deyil. Çünki bu, ölkə daxilində Putin hakimiyyəti üçün olduqca ağır nəticələrə səbəb ola bilər. Dörd illik müharibə, insan və maliyyə rüsursları itkisi, beynəlxaq təcriddən sonra Putinin heç nə əldə etmədən çəkilməsi mümkünsüz görünür. Rusiya tərəfi müəyyən ərazi güzəştləri əldə edərək müharibəni dayandıra bilər və Zelenskinin ABŞ tərəfindən hədəfə alınması da məhz bununla bağlıdır. Yəni belə demək mümkünsə, Trampın Zelenskini sülh əleyhdarı kimi təqdim etməsi strateji və siyasi səbəblərlə bağlıdır. Tramp bununla ABŞ-ın Ukraynaya verdiyi hərbi və maliyyə dəstəyin məsuliyyətini Zelenskidə göstərir və resursların istifadəsini onun qərarlarına bağlayır. Eyni zamanda, Putini birbaşa hədəf göstərməməsi diplomatik gərginliyi idarə etmək və Rusiya ilə mümkün danışıqlar üçün çevik manevr imkanını qorumaq məqsədi daşıyır. Bu yanaşma həm də Trampın daxili siyasət strategiyasına uyğundur. Yəni o, seçicilərə ABŞ resurslarının həddən artıq istifadəsi barədə mesaj verir və narazılığı Zelenskidə cəmləşdirir”.

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR