Ötən gün baş tutan "Qarabağ" - "Ayntraxt" oyunundan sonra maraqlı anlar yaşanıb.
Musavat.com xəbər verir ki, "Qarabağ" klubunun prezidenti Tahir Gözəl oyun sonrası ona suallar ünvanlayan jurnalistlərə maraqlı jest edib.
Belə ki, o, mətbu orqanlardan birinin mikrofonunu əlinə alaraq, jurnalistlərin özünə sual verib və oyun haqda təəssüratlarını soruşub:
"Siz bu axşamkı oyuna necə baxırsınız? Bu, möcüzə deyilmi? Dünən xalqımız 20 Yanvar faciəsinin matəmini yaşadı. Bu gün isə klubumuz oyunu ilə bu xalqı sevindirir.
Cənab Prezident Avropadadır və Azərbaycan futbol tarixində ilk dəfədir ki, Almaniya klubuna qalib gəlirik. Bu, möcüzədir və pul gücü ilə olmayıb. Qarabağın müqəddəs adının bizə verdiyi İlhamdır. Bu, mənəviyyatdır, ailə duyğusudur. Biz buralara milli dəyərlərimizdən ötəri gəldik".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Çaibi (80-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+3-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb. Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıblar.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, yanvarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.
Şahanə Rəhimli
Musavat.com






