Paytaxtın Suraxanı rayonunda illərdir baxımsız qalan bir işıq dirəyi artıq ciddi təhlükə mənbəyinə çevrilib. Uzun müddət istismar olunmasına baxmayaraq, texniki baxışdan kənarda qalan bu obyekt hər an faciəyə səbəb ola bilər. Yerli sakinlərin narahatlığına rəğmən, problem hələ də həllini tapmayıb.
Qəsəbə sakinlərinin Musavat.com-a verdiyi məlumata görə, Suraxanı rayonu, 28-ci Qaraçuxur küçəsi ilə 29-cu Qaraçuxur küçəsinin kəsişməsində yerləşən işıq dirəyi 1980-ci ildən bəri dəyişdirilməyib və hazırda qəzalı vəziyyətdədir. Dirəyin aşağı hissəsi paslanıb, ona söykənən fundament demək olar ki, tamamilə dağılmaq üzrədir. Daşlar ovulub tökülür, dirəyi bərkidən iri mismarlar isə çürüyərək paslı hala düşüb.
Mövcud vəziyyət göstərir ki, cüzi silkələnmə, güclü külək və ya təsadüfi zərbə nəticəsində dirək aşacaq. Bu isə ərazidə yaşayan və hər gün həmin yoldan istifadə edən insanlar üçün birbaşa risk deməkdir. Qeyd edək ki, dirəyin hündürlüyü təxminən 50 metrə yaxındır və ətrafda yaşayış evləri, intensiv gediş-gəliş olan yol mövcuddur.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, məsələ ilə bağlı indiyədək aidiyyəti qurumlar tərəfindən heç bir ciddi tədbir görülməyib. Halbuki söhbət insanların həyat və sağlamlığından gedir, potensial fəlakətin qarşısını vaxtında almaq mümkündür.
Sakinlər onu da qeyd edir ki, ərazidə kanalizasiya sistemi 80-ci illərdə çəkilib: “O zaman əhali sayı, tikililərin, məktəblərin, marketlərin, fərdi evlərin sayı indiki qədər çox deyildi. İndi isə əhali də artıb, yeni tikililər də çoxalıb. Bütün kanalizasiya və Günəşli də daxil olmaqla ətraf ərazilərin yağış suları bura axır. Ən bərbad vəziyyət də məhz bu işıq dirəyinin yanındadır. Artıq borular yağış sularını saxlaya bilmir, burada əməlli-başlı göl yaranır. Biz qonşular yığışıb bu suların qarşısını almaq üçün müəyyən tədbirlər görmüşük, amma bu, yetərli deyil. Bütün suların buradan keçməsi, gölməçə yaratması və üstəlik elektrik xətlərinin burada olması olduqca təhlükəli vəziyyətdir”.
Musavat.com olaraq məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət etmişik. Müraciət cavablandırıldığı təqdirdə, mövqeni təqdim edəcəyik. Ərazidən görüntüləri təqdim edirik:
Afaq Mirayiq,
Musavat.com






