Bayram günlərində Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı, Vətən müharibəsi qazisi Süleyman Heydərov ictimaiyyətə həssas və düşündürücü müraciət edib. Vətən uğrunda iki gözünü və bir qolunu itirmiş qazi bayram sevinci adı altında istifadə olunan pirotexniki vasitələrin bir çox qazilər üçün ciddi psixoloji travmaları yenidən alovlandırdığını bildirib.
Musavat.com xəbər verir ki, Süleyman Heydərov vurğulayıb ki, bir çox insan üçün əyləncə hesab edilən yüksək səslər müharibə görmüş qazilər üçün keçmişin ağrılı xatirələrini canlandırır və onların sağlamlığına mənfi təsir göstərir. O, bayram günlərində vətəndaşları daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
Qazi müraciətində qeyd edib ki, sevinc başqalarının ağrısına səbəb olmamalıdır:
“Gəlin qazilərimizi nəzərə alaq, bu günləri daha mədəni və daha təhlükəsiz keçirək. Sevincimiz Vətən oğullarına hörmət və ehtiram, səsimiz dua, niyyətimiz mərhəmət olsun.”
Süleyman Heydərov hər kəsi həmrəyliyə, bir-birinə qarşı anlayışlı olmağa çağıraraq, bayramların təhlükəsiz və humanist şəkildə qeyd edilməsinin vacibliyini önə çəkib.
Müraciətin sonunda qazi bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib və Yeni ilin birlik, sağlamlıq və sülh gətirməsini arzulayıb.

Musavat.com






