Nikol Paşinyanın tezliklə yeni mətbuat katibi olacaq, çünki hazırkı Nazeli Bağdasaryan “Mülki müqavilə” partiyasının deputatlığa namizədləri arasındadır və deputat kimi parlamentə keçir.
Bu barədə “Hraparak” qəzeti xəbər verir.
Məlumata görə, Bağdasaryan 2023-cü ildə Şirak vilayətinin qubernatoru postunu tərk etdikdən sonra Paşinyanın mətbuat katibi vəzifəsinə təyin edilib.

“Bəzi məlumatlara görə, yeni mətbuat katibi 26 yaşlı Melanya Arutyunyan olacaq - “Vətəndaş Müqaviləsi” partiyasının gənclər şurasının katibi - o, yeri gəlmişkən, bütün seçki kampaniyası boyunca Paşinyanı müşayiət edib və hökumətin son brifinqində jurnalistlərin arxasında arxa sırada dayanıb”, - “Hraparak” qəzeti yazıb.
Beləliklə, Avropanın sevimli “demokrat”ı Nikol Paşinyan katibinin mandat qazanmasına da nail olub. Lakin qəribəsi budur ki, beynəlxalq təşkilatlar Ermənistandakı parlament seçkilərinə hər hansı irad bildirmədilər.
Üstəlik, İrəvana Avropadan səfərlər də intensiv xarakter alır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn həftə Ermənistana səfər edəcək.

Bu barədə “Politico” üç mənbəyə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Aİ nümayəndə heyətinin tərkibinə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos da daxil olacaq. Nəşrin həmsöhbətləri qeyd edib ki, səfər Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının iyun ayında keçirilən parlament seçkilərində qələbə qazanmasından sonra ona dəstək nümayiş etdirmək məqsədi daşıyır:
“Biz görürük ki, ölkə Rusiya tərəfindən güclü və daimi təzyiq altındadır. Bu səfər artıq göstərilmiş konkret yardımı tamamlayan güclü bir dəstək siqnalı olacaq”.
Ursula fon der Lyayen Ermənistana sonuncu dəfə 2026-cı ilin may ayında səfər edib.
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos isə iyulun 5-də Ermənistana səfər edəcək. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra “X” sosial şəbəkəsində yazıb. Kos bildirib ki, Rusiya Ermənistanın son seçkilərdə xalq tərəfindən müəyyən edilmiş demokratik seçimini dəyişdirmək üçün ölkəyə təzyiqləri artırmaqda davam edir.
“Biz maliyyə dəstəyi göstərəcəyik və Ermənistan üçün qonşuları və Avropa ilə ticarəti daha da asanlaşdıracağıq. İyulun 5-də İrəvana səfər edəcəyəm ki, konkret addımların irəlilədilməsini müzakirə edək”, - deyə Marta Kos əlavə edib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Aİ Xarici İşlər Şurasının iclası formatında keçirilən müzakirələrdə iştirak edir. XİN rəhbəri müzakirələrə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın dəvəti ilə qatılıb.
Göründüyü kimi, Qərbdən Ermənistandakı seçki saxtakarlıqları və kütləvi repressiyalara hər hansı irad tutulmur, əksinə, Paşinyanın mövqeyi təqdir olunur.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a beynəlxalq qurumların Ermənistandakı saxtakarlıqları görməzdən gəlməsinin səbəbləri barədə açıqlama verib:
“Beynəlxalq təşkilatlar Ermənistanda keçirilən parlament seçkilərinə ona görə münasibət bildirmirlər, açıqlama və rəy vermirlər ki, baş nazir Nikol Paşinyanın, onun hökumətinin vəziyyəti daha da ağırlaşmasın. Çünki seçkilərdə müəyyən çatışmazlıqlar olubsa, hardasa hansısa mərhələdə saxtakarlıqlara yol verilibsə, onların qeyd edilməsi, vurğulanması, açıqlanması Paşinyanın mövqelərinə zərbə kimi qiymətləndirilər və rusiyapərəst erməni müxalifətinin əlini gücləndirər. O zaman deyərlər ki, görürsünüz, seçkilərdə saxtakarlıq olduğunu Qərbdəki beynəlxalq təşkilatlar da bildirir. Ona görə də beynəlxalq təşkilatlar susmağa üstünlük verirlər. Tam əksinə, bu saat Paşinyana dəstək də artır”.
E.Şahinoğlu qeyd edib ki, bunun nümunəsi kimi, bu günlərdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistana səfərini göstərmək olar:
“Səfərin əsas məqsədi radikal müxalifətin, həmçinin Rusiyanın Paşinyana və Ermənistan hökumətinə təzyiqləri fonunda Ermənistan hökumətinə, baş nazirə dəstəkdir. Ursula fon der Lyayen qısa müddətdə ikinci səfəri ilə Ermənistana gəlir. Birinci səfər mayın əvvəlində Avropa Siyasi Birliyinin İrəvandakı toplantısı ilə bağlı idi. Növbəti dəfə bu ölkəyə qısa səfər etməklə Paşinyana dəstəyini ifadə edəcək və Rusiyanın təzyiqlərini neytrallaşdırmağa çalışacaq. Çünki İrəvanda müzakirə olunan mövzulardan biri də Ermənistana maliyyə yardımı və Ermənistanın Rusiya bazarlarında sata bilmədiyi kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışının təmin edilməsidir. Bu mövzular müzakirə olunacaq. Bu mənada beynəlxalq təşkilatlar, Qərb Paşinyana problem yaradacaq heç bir açıqlama vermir və verməyəcək”.
E.Paşasoy,
Musavat.com






