İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Rusiyanın “göz yaşları”na inanmır

1063 07.01.2026 09:00 Siyasət A A

Moskva hesab edir ki, Kiyevin tərəfdaşları mülki şəxslərin həlak olduğu hadisələrdə onları ittiham edir, Ukrayna adekvat zərbə endirəndə isə…

Xersona və Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına PUA hücumu ilə bağlı Rusiyanın iddialarına Qərbin reaksiya verməməsi Kremli qəzəbləndirib. Moskvanın mövqeyinə görə, Qərb mülki şəxslərin həlak olduğu hadisələrdə yalnız Rusiyanı ittiham edir, lakin analoji hallarda susqunluq nümayiş etdirir.

Rusiya iddia edir ki, Xersonda mülki əhaliyə və prezidentin iqamətgahına PUA hücumları terror xarakterlidir, amma buna baxmayaraq, Qərb bu hadisələri ya görməzdən gəlir, ya da açıq şəkildə pisləmir.

Rəsmi Moskva Qərbin susmasını Ukraynaya dolayı siyasi və hərbi dəstək kimi qiymətləndirir və bildirir ki, bu yanaşma hücumların davam etməsinə şərait yaradır. Rusiya rəsmilərinin fikrincə, Qərb beynəlxalq hüquqdan yalnız öz maraqlarına uyğun hallarda istifadə edir, Rusiyaya münasibətdə isə eyni prinsipləri tətbiq etmir.

Kremlin mövqeyində vurğulanır ki, bu cür səssizlik regional və qlobal təhlükəsizliyi zəiflədir və münaqişənin daha da dərinləşməsinə səbəb olur. Amma ABŞ lideri Tramp Putinə inanmadığını deyərək iqamətgaha hücumu yalan adlandırıb. Yəni kollektiv Qərb bunu Rusiyanın “təbliğat maşını”nın bir hissəsi və hibrid müharibə kimi qiymətləndirir.

Bəs Qərb Rusiyanın “göz yaşlarına” niyə inanmır?

Hərbi ekspert Ramil Məmmədli: “Hər birimizin səsi ölkəmizin gələcəyi üçün  önəmlidir”

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hədəflərin Ukrayna tərəfindən vurulması legitim hesab olunur, bu səbəbdən də mülki infrastruktura zərər dəyəndə Kiyevin tərəfdaşları buna reaksiya vermir: “Qərb Rusiyanın dərinliklərində olan enerji sektoruna zərbələri də pisləmir. Halbuki beynəlxalq konvensiyalara görə, tərəflər döyüşlər zamanı kritik infrastrukturu hədəf almamalıdır. Lakin Rusiya Kiyev və digər şəhərlərdə yaşayış binalarını bombalayır, strateji obyektləri vurur, şəhərlərdə elektrik enerjisi kəsilir və bunu Ukrayna edəndə adekvat cavab kimi dəyərləndirilir. Bu nöqteyi-nəzərdən Qərb Rusiyanın hərbi cinayətlərini pisləyir, amma Ukrayna Xersonda, yaxud Luqanskda hansısa ərazini vuranda buna göz yumur. Bu da məhz onun ərazilərinin işğal altında olmasından irəli gəlir”.

Hərbi təhlilçi hesab edir ki, müharibə davam edəcək və mülki şəxslərin zərər çəkməməsi üçün Moskva ilə Kiyev anlaşma əldə etməlidir: “Əks halda, dinc əhalinin öldürülməsi halları davam edəcək. Bu da günahsız insanların müharibənin qurbanına çevrilməsinə səbəb olur. Əslində, hər iki tərəf mülki əhalini və obyektləri hədəf almamalıdır. Ukrayna işğal olunan ərazilərində rus hərbçilərinə zərbə endirməlidir, yəni oradakı mülki insanlar bundan əziyyət çəkməməlidir. İstənilən halda, həmin Ukrayna vətəndaşları öz ölkəsinin ordusundan narazı qalırlar”. 

R.Məmmədli Qərbin Rusiya ilə bütün körpüləri yandırdığını düşünür: “Beynəlxalq Cinayət Məhkəməsi Putin haqda həbs orderi çıxarıb. Belə bir halda Ukraynanı hərbi cinayətlər törətməkdə ittiham etmək gözlənilmir. Yəni Kiyevi günahlandırmaqla həm Rusiyaya arqument qazandırar, həm də Ukrayna ilə münasibətlərdə soyuqluq yaratmış olarlar. Eyni zamanda, Rusiya Putinin iqamətgahına hücumu sübuta yetirə bilməyib. Əgər belə isbat olsaydı, Rusiya çoxdan faktlar təqdim edərdi, Tramp isə Zelenskini günahlandırardı. Hazırki hibrid savaş döyüş meydanından daha qızğındır. Burada tərəflərin informasiya cəbhəsində müxtəlif manipulyasiyaları müşahidə olunur. Ona görə də Kremlin binası vurulsa belə Qərb bu məsələyə soyuqqanlı yanaşacaq. Ümumiyyətlə, rus ordusu torpaqları işğal edirsə, müharibəni özü başladıbsa, ona qarşı hücumlardan narazı qalmamalıdır. Heç zaman işğalçı tərəf müdafiə olunmur, hətta onun dinc əhalisi qətlə yetirilsə belə...”

Bildirək ki, yanvarın 6-da da Rusiya qüvvələrinin hücumları nəticəsində Ukrayna şəhərlərində partlayışlar, raket və dron zərbələri qeydə alınıb. Bu hücumlar arasında şəhərlərdə insan itkisi və infrastruktur zədələnməsi də var. Cəbhə boyunca müxtəlif istiqamətlərdə ağır döyüşlər və mərmi atəşləri davam edib. Rusiya raket və dron hücumları səbəbindən Ukraynanın enerji infrastrukturu zədələnib. Bu səbəbdən elektrik enerjisi şəxsən məhdudlaşdırılıb və əhali üçün saatlıq kəsintilər tətbiq edilib. Ukrayna tərəfindən isə dron hücumları Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Rusiya daxilində yerləşən obyektlərə zərbələr qeydə alınıb. 

Müharibə başlayandan bəri cəbhədə ümumi hərbi itkilərin 1,3–1,5 milyon nəfər olduğu ehtimal edilir. ABŞ rəsmilərinin bəyanatlarında isə bu göstəricinin “artıq 2 milyona yaxınlaşdığı” bildirilir. Mülki əhali arasında da itkilər böyükdür. BMT-nin məlumatına görə, indiyədək 14 mindən çox mülki şəxs həlak olub, on minlərlə insan yaralanıb. Təşkilat real rəqəmlərin daha yüksək ola biləcəyini istisna etmir.

Mütəxəssislər Ukrayna müharibəsinin miqyasını digər müasir müharibələrlə müqayisə edərkən qeyd edirlər ki, bu qarşıdurma artıq İran–İraq və Sovet–Əfqanıstan müharibələrindəki itkilərə yaxınlaşır. Koreya və Vyetnam müharibələrində ölüm sayı 3 milyona qədər yüksəlmişdi. Ukrayna müharibəsi hələ bu həddə çatmasa da, üç il kimi qısa müddət üçün insan itkisi baxımından son dərəcə ağır qiymətləndirilir. Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub, daha 6-sı isə yaralanıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri yaradıldığı vaxtdan etibarən 7 ay ərzində Rusiyanın təxmini dəyəri 20 milyard dollar olan 168 mindən çox hədəfini məhv edib. Bu barədə Pilotsuz Sistem Qüvvələrinin “Facebook” səhifəsində məlumat yayılıb. Məlumata görə, göstərilən müddət ərzində dron zərbələrinin sayı 832 mindən çox olub. Məhv edilən hədəflər arasında 532 tank, təxminən 2500 top və haubitsa, 7700-ə yaxın avtomobil texnikası və 5500-dən çox motosiklet var. Həmçinin dron operatorları Rusiya ordusunun 50 mindən çox canlı qüvvəsini zərərsizləşdiriblər. Əlavə edilib ki, Rusiyanın birbaşa öz ərazisində 350-dən çox hədəf vurulub.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR