Ötən il Azərbaycan dövlət büdcəsinin neft-qaz daxilolmaları 18 milyard 828,4 milyon manat təşkil edib.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1 milyard 266,9 milyon manat və ya 7,2 faiz çoxdur.
Neft-qaz sektoru üzrə daxilolmaların 23,1 faizi və ya 4 milyard 347,4 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 faizi və ya 14 milyard 481,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52,0 faizi və ya 2 milyard 260,3 milyon manatı “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi, 41,3 faizi və ya 1 milyard 795,4 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.
Musavat.com-un apardığı hesablamaya əsasən 2025-ci ildə neft-qaz sektorundan büdcəyə daxilmolmalarda artım bütünlüklə Dövlət Neft Fondundan transfertin hesabına baş verib. Belə ki, vergi orqanlarının xətti ilə daxilolmalarda 433,1 milyon manat azalma, Dövlət Neft Fondundan transfertdə isə 1 milyard 700 milyon manat artım qeydə alınıb.
Neft-qaz sektorundan vergi daxilolmalarında “Şahdəniz”dən ödənilən mənfəət vergisində 80,7 milyon manat, AÇG-dən ödənilən vergidə 373,3 milyon manat və ya 2,3 dəfə azalma, SOCAR-ın ödənişlərində isə 20,9 milyon manat artım baş verib.
Musavat.com






