İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ramiz Mehdiyevə niyə cəmi 4 ay verdilər” sualının cavabı bu yazıda!

2276 26.01.2026 17:04 Kriminal A A

Elə belə də deyirlər - “Ramiz Mehdiyevə niyə cəmi 4 ay verdilər?”, “Bu qədər səs-küyə bu qədər cəza olar?”, “Deməli, böyük adamlar üçün qanun başqa cür işləyir?”

Musavat.com xəbər verir ki, son dövrlər məhkəmə qərarları ilə bağlı cəmiyyətdə ən çox səslənən suallar bunlardır.

Sosial şəbəkələrdə, ictimai müzakirələrdə, hətta gündəlik söhbətlərdə belə bu cür yanaşmalar üstünlük təşkil edir. Bir çox hallarda isə bu suallar hüquqi mahiyyətdən yox, emosional qavrayışdan qaynaqlanır. Məhz bu nöqtədə “niyə həbs etmirlər?”, “niyə azadlıqdadır?”, “niyə cəza azdır?” sualları hüquqi müstəvidən çıxaraq populist mühakiməyə çevrilir. Halbuki hüquq emosiyalarla deyil, dəqiq anlayışlar, terminlər və prosedurlarla işləyir.

Bu yazı hüquqi terminologiyanın dəqiqliyinə əsaslanaraq həbs tədbirinin mahiyyətini, mərhələlərini və məqsədlərini izah edir, ibtidai istintaq zamanı tətbiq edilən həbs ilə məhkəmə hökmünün icrası üçün tətbiq edilən həbs arasındakı prinsipial fərqləri aydınlaşdırır.

İnsan fəaliyyətinin neqativ nəticələrinə cəmiyyətin emosional, dövlətin isə hüquqi reaksiyası labüd və qaçılmazdır. Yalnız hadisələrin doğru və peşəkar təhlili ədalətin bərqərar olmasını təmin edir. Bu isə başadüşülən ilkin emosional dərketmədən sonra soyuqqanlı peşəkar qiymətləndirməni tələb edir. Hüquq sahəsi söz, ifadə, termin dəqiqliyi üzərində qurulmuş bir sahədir. Buna görə hüquqşünasların fəaliyyətində istifadə edilən bir-birinə oxşar müxtəlif ifadələrin və ya bir terminin müxtəlif izahlarının olması bəzən rezonansla qəbul edilir, yanlış təsəvvürlər və çaşqınlıq yaradır.

Cinayət hüquq sahəsində isə terminoloji qeyri-dəqiqliyinin insan taleyini həll edə biləcək qədər rolu var. Bu sahədə aktiv müzakirələrə səbəb olan, özündə fərqli məqsədlər daşıyan hüquqi anlayışlardan biri də həbsidir. Həbsin mahiyyəti azadlığın məhdudlaşdırılmasından ibarət olmaqla başlanmış araşdırmanın müxtəlif mərhələlərində qəbul edilə bilər. Bu zaman qəbul edildiyi mərhələdən asılı olaraq belə qərarın qəbul edilməsinin əsasları, məqsədləri, müddətləri, dəyişdirilməsi imkanları fərqlənir.

Hər bir halda həbs qərarı yalnız məhkəmə tərəfindən qəbul edilir, bu isə tədbirin insanın azadlığının məhdudlaşdırılması ilə bağlı olmasıdır. Baş vermiş hadisəyə hüquqi reaksiya müvafiq qaydada onun qeydə alınmasından və qanun çərçivəsində ardıcıl qərarların qəbul edilməsindən ibarətdir.

Vacib olan məsələ isə hadisəni törətmiş və ya törədilməsinə səbəb olmuş şəxsin müəyyən edilməsidir. Belə şəxs müəyyən olunduğu təqdirdə onun törədilən hadisəyə və aparılan araşdırmaya münasibətini, araşdırmaya təsir etmək və ya daha ciddi təhlükə törətmək, qaçıb-gizlənmək, sübutları məhv etmək və sair qanunsuz hərəkətlər etmək imkanlarını nəzərə alaraq həmin şəxsin nəzarət altına götürülməsi məqsədi ilə fəaliyyətinin müəyyən müddətə müvəqqəti məhdudlaşdırılması üçün həbs edilir. Bu zaman nəzərə almaq lazımdır ki, müvəqqəti olaraq cəmiyyətdən kənarlaşdırma tədbiri kimi həbs cəza məqsədi daşımır. Şəxs barəsində araşdırma yekunlaşdıqdan sonra hadisəni onun törətməsinə dair sübutlarla iş məhkəməyə verilib, həmin sübutların mötəbər, qanuni, əsaslı olması araşdırılaraq şəxsin təqsirinin dərəcəsindən asılı olaraq ona cəza təyin edilir. Təyin edilmiş cəza azadlıqdan məhrum edilməsi barədə olduqda həbs edilməklə cəmiyyətdən kənarlaşdırılmış şəxs bu dəfə çıxarılmış hökmün icra edilməsi üçün həbs olunur.

Bu zaman həbs edilmənin məqsədi cəzanı icra etmək məqsədi daşıyır və artıq şəxsi cəmiyyətdən kənarlaşdırmaq deyil, cəmiyyətdən təcrid etmək üçün seçilir. Beləliklə, həbs tədbiri ibtidai istintaq və məhkəmə araşdırması mərhələsində məhkəmə tərəfindən qəbul edilir. Qəbul edilmə mərhələsinə görə məqsədi - şəxsi ibtidai araşdırma mərhələsində - cəmiyyətdən müvəqqəti kənarlaşdırmaq, məhkəmə mərhələsində isə məhkəmənin təyin etdiyi cəzanın icrasını təmin etmək, cəmiyyətdən təcrid etməkdir.

Qeyd olunmalıdır ki, həbsin qəbul edilmə mərhələləri və məqsədləri arasında fərqlərin olması ibtidai araşdırma zamanı qəbul edilmiş həbslə məhkəmə araşdırılmasının yekununda cəzanın icrası üçün qəbul edilmiş həbsin arasında heç bir əlaqə mövcud deyil. Yəni ibtidai araşdırma mərhələsində şəxsin həbs edilməməsi məhkəmə araşdırması nəticəsində təqsiri sübuta yetirilməklə barəsində azadlıqdan məhrum edilmə cəzası təyin edilmiş şəxsin həbs edilməyəcəyinə səbəb ola bilməz.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR