İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Məmmədov atası qədər istədiyi Ramiz Mehdiyevdən şikayət yazdı

1668 03.02.2026 17:57 Kriminal A A

“Mən Ramiz Mehdiyevi həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm”.

Bu sözlər 4 il öncə Bakı Ağır Cinayətlər Məhkəməsində deyilib. Müəllifi bir vaxtlar Ramiz Mehdiyevə güvənib ölkə sahibkarlarına qan udduran, bizneslərərini əllərindən alan “Baku Steel Company”nin psevdosahibi Rasim Məmmədovdur.

İndi məlum olur ki, Rasim Məmmədov artıq atası qədər istədiyi, hazırda həbsdə olan Ramiz Mehdiyevdən üz döndərib, ondan şikayət yazır.

Musavat.com xəbər verir ki, Rasim Məmmədovun Ramiz Mehdiyevdən şikayət yazması xəbərini Gununsesi.info yayıb.

Sayt yazır ki, Rasim Məmmədov Prezident İlham Əliyevə və DTX rəisi Əli Nağıyevə müraciətində Ramiz Mehdiyevin onun başına gətirdiyi hadisələrdən bəhs edib. O bildirib ki, məhz Ramiz Mehdiyevin mövqeyinin güclü olduğu zamanlarda təzyiqlərə məruz qalıb və bu gün yaşadıqları da bunun nəticəsidir. Rasim Məmmədov ölkə başçısından və DTX rəisindən onunla bağlı məsələnin yenidən araşdırılmasını, o cümlədən azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.

Xatırladaq ki, Rasim Məmmədovun həbsinə səbəb olan şikayəti Dövlət Təhlükəsizliyi Xidmətinə Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əlifəstər oğlu Əliyev təqdim ediblər. Teymur Mehdiyev 7 milyon, İlham Əliyev isə 6 milyon manat pulunun dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Rasim Məmmədov tərəfindən mənimsənildiyini iddia ediblər.

Bu şikayət məktubları “Baku Steel Company”nin Ramiz Mehdiyevə məxsusluğunu təsdiqləmiş olub. Mehdiyevin metallurgiya sahəsinə Rasim Məmmədov üzərindən “əl qoyması” Azərbaycanın metallurgiya sahəsinə çox baha başa gəlib. Rasim Məmmədovun əli ilə ölkənin metallurgiya sənayesi iflic duruma salınmaqla bir əldə cəm edilib, tənəzzül nöqtəsinə gətirilib.

Rasim Məmmədovun özbaşınalıqları, ara-sıra dövlət qurumlarına belə meydan oxuması Ramiz Mehdiyevin adına bağlanıb. İlkin olaraq Paolo Pərviz “Baku Steel Company”dən qovuldu, ardından metallurgiya sənayesinin əsasını təşkil edən digər zavodlara hücumlar başladı. Rasim Məmmədovun başçılıq etdiyi reyder hücumları Zülfüqarlı qardaşlarına məxsus “Bakıelektroştamp”, “Bakıpoladtökmə” və “Xəzər Boru” zavodlarının ələ keçirilməsi ilə nəticələndi.

Zavodları Lerik dağlarında çobanlıq edən Gəray Məmmədovun adına rəsmiləşdirmişdilər. Bu, cinayətin izini itirmək üçün atılan addım idi. O zaman Gəray Məmmədovu Bakıya gətirib Keşlə qəsəbəsinin kənarında yerləşən, əsasən gecəqondu daxmalardan ibarət “Şanxay” massivində məskunlaşdırmışdılar. Başında yanmış papaq, əynində nimdaş paltar, ayağında qaloş gəzən Gəray Məmmədov ayda 350 manat məvacibə imza atmaqla rəsmi dəftər-kitabda zavod direktoru olduğundan bixəbər idi.

Yeri gəlmişkən, Zülfüqarlılara qarşı cinayətlər araşdırılmamış qalıb. İş adamı Nazim Məmmədovun da metal istehsal edən zavodu Rasim Məmmədovun təzyiqləri nəticəsində bağlanıb. Rasim Məmmədovun bu cür oyunları metallurgiya sənayesini dirçəltmək potensialına malik iş adamlarını ölkədən didərgin salmışdı. Zülfüqarlılar 2000-ci illərin əvvəllərində Azərbaycanda metaləritmə sənayesinə və metallurgiya biznesinin bir hissəsinə nəzarət edirdilər. Lakin Zülfüqarlı qardaşları – Nurəddin və Loğman Zülfüqarlılar 2005-ci ildə həbs ediliblər. Bundan sonra onlar Azərbaycandakı bizneslərinin böyük hissəsini itirib. Nurəddin Zülfüqarlı Türkiyəyə köçmək məcburiyyətində qalıb.

Rasim Məmmədov bununla da sakitləşmədi, ölkə ərazisində olan metaləritmə sexlərinə başının dəstəsi ilə hücum edib metal qırıntılarını talan edir, domna sobalarını dağıtmaqla bir daha sexin fəaliyyətinin bərpa edilməsinin qarşısını alırdı. Mafiya üsulları ilə ölkənin metallurgiya sənayesi ələ keçirildi, inhisara alındı. Rasim Məmmədov yerli bazara məhsul çıxaran xırda istehsal müəssisələrini hədəf aldı. Dağıdıb, talan edə bilmədiklərini də bu gün onun həbsinə səbəb olanların dəstəyi ilə məhkəmə qərarı olmadan bağlamağa müvəffəq oldu.

Rasim Məmmədovun rəhbərliyi dövründə BSC bir neçə iri dövlət müəssisəsini özəlləşdirib. “Azərboru” ASC real qiymətindən qat-qat aşağı qiymətə ələ keçirilib. Daşkəsəndə yerləşən “Filizsaflaşdırma” ASC-ni də eyni üsullarla ələ keçirmək üçün Rasim Məmmədov bir neçə il ərzində çabalar göstərib, müəssisəni dövlətin müəyyənləşdirdiyi qiymətdən ikiqat ucuza əldə etməyə çalışıb. Daşkəsən yataqlarının idarəedicisi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-ni ələ keçirmək üçün Rasim Məmmədov dövlət orqanlarına belə təpki göstərməkdən çəkinmirdi. Həmin yataqlarda 270 milyon ton dəmir filizi ehtiyatı var.

Polad İstehsalı Kompleksinin 2013-cü ilin aprelində yaradılması məsələsi boş yerdən ortaya çıxmadı. O zaman Daşkəsəndəki kombinatın rəhbərliyinin “Baku Steel Company” tərəfindən zorla uzaqlaşdırılması haqda məlumatlar yayılırdı. Həmin kombinat rəsmi mənbələrdə Britaniya şirkəti kimi təqdim olunan “Det.Al Holding” şirkətlər qrupunun Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə investisiya müsabiqəsinin nəticəsi olaraq bağlanmış müqavilə əsasında idarəsi altında idi. Amma 2013-cü il aprelin 8-də “Baku Steel Company” Bakıda keçirilən mötəbər iqtisadi forum çərçivəsində Almaniyanın “SMS Siemag” şirkəti ilə Gəncədə metallurgiya istehsalı layihəsinin öyrənilməsi və “Siemens” VAI şirkəti ilə Daşkəsəndə yeni müəssisənin tikilməsi barədə sənədlər imzaladı.

“Baku Steel Company” Rasim Məmmədovun sifətində nümayişkaranə şəkildə ortaya “əlcək ataraq” qanunlara meydan oxumuş, özgə əmlakı üzərində qərar verməyə cəsarət etmişdi. Əslində bu cür hərəkətlər Rasim Məmmədov üçün adi idi. Çünki buna qədər metallurgiya sənayesində inqilabi sıçrayışa nail ola bilmiş Zülfüqarlı qardaşlarına qarşı etdiklərinə görə ona hamisinin sayəsində toxunan olmamışdı. Odur ki, Rasim Məmmədovda dövlətə də meydan oxuyub cəzalanmayacağına arxayınlıq yaranmışdı. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi o zaman şirkətin buna səlahiyyəti olmadığını bəyan etdi.

Rasim Məmmədov bir tərəfdən Daşkəsəndə və Gəncədə öz metallurgiya kompleksini qurmaq iddiasını ortaya qoyur, digər tərəfdən, bazara tələbatdan artıq metal məmulatı çıxarmağın lüzumsuz olduğunu deməklə bu sahədə fəaliyyətdə olan dövlət şirkətinin gərəksiz işlə məşğul olduğunu söyləyirdi. Rasim Məmmədov milyardlarla investisiyadan danışır, amma zavodlarında fəhlələrin maaşlarını da vermirdi. Zavodların səhmdarlarına isə dividend vermək isə Rasim Məmmədova ümumiyyətlə yad bir əməl idi. Onun hamisinin sayəsində 20 ilə yaxın metallurgiya sənayesini inhisarda saxlamasından dövlət də, bu sahəyə vaxtilə böyük sərmayə yatırmış iş adamları da böyük ziyan görüblər.

2021-ci ildə Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR