İran Natanzdakı nüvə obyektinə zərbələr endirildiyini açıqlayıb. Bu barədə “Tayms of İndia” məlumat yayıb. “Beynəlxalq Atom Enerjisi Agentliyi radiasiya sızması riski barədə xəbərdarlıq edib”, - məlumatda qeyd olunub.
Mümkün zərərin təfərrüat və miqyası açıqlanmayıb. Radiasiya sızması İran və ətraf ölkələr üçün hansı risklər yarada bilər?
Mütəxəssislər bildirir ki, İranın Natanz obyektində əsas fəaliyyət uranın zənginləşdirilməsidir. Bu obyekt klassik atom elektrik stansiyası deyil (yəni enerji istehsal edən reaktor deyil), əsasən sentrifuqalar vasitəsilə uranın izotop tərkibi dəyişdirilir. Bu fərq radiasiya riskinin miqyasını qiymətləndirmək baxımından çox önəmlidir.
Radiasiya sızması hansı hallarda mümkündür?

Radiasiya riski əsasən üç ssenaridə yarana bilər:
Əgər zərbə nəticəsində sentrifuqa zalları dağılıb, uran qazı atmosferə çıxıbsa bu zaman kimyəvi və radioloji risk yarana bilər. Uran qazı havada rütubətlə reaksiyaya girərək zəhərli maddələr əmələ gətirə bilər.Əgər obyekt daxilində yanğın və ya partlayış baş verərsə, radioaktiv hissəciklər havaya qarışa bilər.
Bildirilir ki, Natanz obyektinin bir hissəsi yeraltındadır. Bu, zərbələr zamanı radioaktiv materialın kütləvi şəkildə yayılma ehtimalını azaldır.
Risklərin miqyasına gəlincə, Natanz reaktor deyil. Bu səbəbdən Çernobıl tipli fəlakət ehtimalı çox aşağı qiymətləndirilir. Fukusima səviyyəsində nüvə əriməsi riski yoxdur.
Müqayisə üçün deyək ki, Çernobl AES-də enerji reaktoru partlamışdı. Fukusima AES-də isə reaktor əriməsi baş vermişdi. Natanzda isə enerji istehsal edən aktiv reaktorun olmadığı bildirilir. Əgər real sızma baş veribsə obyektə yaxın ərazilərdə- ilk növbədə İsfahan vilayətində hava və torpaq çirklənməsi mümkündür. Bu zaman həm də obyektdə işləyən işçilər üçün radiasiya dozası arta bilər. Bölgədə kimyəvi zəhərlənmə riski (xüsusilə UF6 qazı səbəbilə) daha realdır.
Çirklənmənin qonşu ölkələr üçün gətirə biləcəyi risklərə gəlincə, ekspertlər hesab edir ki, radiasiyanın yayılması üçün üç faktor vacibdir: Sızmanın həcmi. Partlayışın gücü. Küləyin istiqaməti.
Əgər sızma məhduddursa və yeraltı obyekt çərçivəsində qalıbsa Azərbaycan, Türkiyə, İraq və Körfəz ölkələri üçün ciddi risk minimaldır.
Böyük regional radioloji çirklənmə yalnız genişmiqyaslı partlayış və atmosferə açıq yayılma halında mümkündür.
Hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinin xəbərdarlığı “risk mümkündür” xarakterlidir, bu, faktiki böyük sızma təsdiqi demək deyil.
Əgər məlumat doğrudursa, daha çox ehtimal olunan lokal texniki zədələnmə, müvəqqəti radioloji risklərin meydana gəlməsidir.
Etibar Seyidağa,
Musavat.com






