Cənubi Asiya bölgəsində iki qonşu dövlət – Əfqanıstan və Pakistan arasında uzun müddətdir davam edən sərhəd gərginliyi rəsmi hərbi qarşıdurma müstəvisinə keçib. Əfqanıstan silahlı qüvvələri Pakistan ərazisinə irimiqyaslı hava zərbələri endirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı rəsmi bəyanata əsasən, ölkə ordusuna məxsus döyüş dronları Pakistanın sərhədyanı Bəlucistan əyalətinin Saranan şəhərində yerləşən İŞİD terror qruplaşmasının mərkəzi qərargahına, həmçinin Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətinin digər strateji rayonlarına kütləvi zərbələr endirib. Kabil bu əməliyyatın birbaşa terror təhlükəsinin neytrallaşdırılması məqsədilə həyata keçirildiyini vurğulayıb.
Əfqanıstanın bu addımına rəsmi İslamabadın cavabı gecikməyib. Pakistan tərəfi hərbi hava hücumundan müdafiə sistemlərinin tam hazır vəziyyətə gətirildiyini və Əfqanıstan tərəfindən buraxılan bütün pilotsuz uçuş aparatlarının (PUA) səmada vaxtında müəyyən edilərək uğurla neytrallaşdırıldığını bəyan edib. Pakistan rəsmilərinin verdiyi ilkin məlumata görə, qonşu ölkənin hava hücumu və qəlpələrin düşməsi nəticəsində yerli əhali arasında azı iki nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Regional ekspertlər bu birbaşa hərbi zərbələri iki ölkə arasındakı kövrək münasibətləri tamamilə qopara biləcək və bölgədə yeni bir genişmiqyaslı silahlı münaqişəyə yol açacaq təhlükəli eskalasiya kimi qiymətləndirirlər.
Musavat.com






