İnsanlara hürriyət, millətlərə istiqlal!

Rejissor Kənan Mahmudov yazıçı Orxan Saffaridən ÜZR İSTƏDİ

1468 19.02.2026 20:25 Ölkə A A

Rejissor Kənan Mahmudov yazıçı Orxan Saffari ilə yaşadığı qalmaqala aydınlıq gətirib və ondan üzr istəyib.

Musavat.com xəbər verir ki, rejissor sosial media hesabında paylaşım edərək bildirib ki, hadisə "Qarabağ"ın oyununa baxmağa getdiyi gün baş verib. Onun sözlərinə görə, həmin vaxt səhhəti pis olub və təzyiqi normada olmayıb. Elə orada öyrənib ki, Orxan Saffari onun haqqında status paylaşıb.

Kənan Mahmudov qeyd edib ki, yazıda açıq təhqir olmasa da, illərlə sənətdə çəkdiyi zəhmətin kölgəyə salındığını düşünərək emosional reaksiya verib: “Türkiyədə məşhur olan 40 bölümlük "Savaşçı" serialında Azərbaycan zabitini canlandırmışam. Həmin serialda Qarabağ və Xocalı mövzularına toxunan səhnələri özüm qələmə almışam. "Qayıdış" filmi Alanya Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb və Ərzurum gözəl sənətlər fakültəsində dərs vəsaiti kimi tədris olunur. Bunları görməmək və ya görmək istəməmək onun seçimidir. Məndən müsahibə alsaydı, bütün bunları sakit şəkildə izah edərdim”.

Rejissor etiraf edib ki, özünü saxlaya bilməyərək yazıçının nömrəsini tapıb zəng edib, əsəbi danışıb və daha sonra sosial şəbəkədə status paylaşaraq ağır ifadələr işlədib. Həmin paylaşımda məsələyə aidiyyəti olmayan valideynlərin də təhqir edildiyini bildirib və bunun səhv olduğunu dərhal anlayaraq yazını sildiyini qeyd edib.

“Peşmanam və həmin ağsaqqal, ağbirçək insanlardan səmimi şəkildə üzr istəyirəm. Böyüyün qarşısında üzr istəmək insanı kiçiltmir, əksinə böyüdür. Emosional insanam, bunu danmıram. Allah şahiddir ki, gecəni çox ağır keçirmişəm. Mövzunu başqa yerə çəkmək istəmirəm. Orxan Saffari ilə görüşdük və barışığımızı bərpa etdik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Orxan Saffari rejissor haqqında tənqidi fikirlər səsləndirmiş, onun uzun illərki fəaliyyətini sual altına almışdı. Bu tənqidlərdən sonra Kənan Mahmudov sosial şəbəkədə sərt ifadələr işlətmiş, paylaşım isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdı. Daha sonra yazıçı onu məhkəməyə verdiyini açıqlamışdı.

Afaq Mirayiq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR