Rusiya keniyalıları sürücü işi vədi ilə ölkəyə aparır, daha sonra isə onları Ukraynadakı müharibəyə göndərir.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, keniyalı Martin Mburu sürücü kimi işləmək bəhanəsi ilə Rusiyaya aparıldıqdan sonra müharibəyə cəlb edilib və Ukraynada gedən döyüşlərdə həlak olub.
Ona ayda təxminən 2 min dollar maaş vəd edilsə də, Rusiyaya çatdıqdan sonra cəmi bir neçə gün hərbi hazırlıq keçib və Donbas cəbhəsinə göndərilib.
Keniya Xarici İşlər Nazirliyinin məlumatına görə, son aylarda azı 200 keniyalı oxşar üsulla Rusiya tərəfindən ələ alınıb. Onlar Keniyada və Rusiyada fəaliyyət göstərən vasitəçi agentliklər vasitəsilə cəlb olunub, sənədləri rəsmiləşdirilib, daha sonra isə rus dilində hərbi müqavilələr imzalamağa məcbur edilərək Rusiya ordusuna qoşulublar.
Hüquq müdafiəçiləri bildirirlər ki, Afrikanın kasıb regionlarından olan insanlar “top yemi” kimi istifadə olunur. Həlak olanların bir çoxunun yaxınları cəsədləri geri ala bilmir, bəziləri ilə isə aylarla əlaqə kəsilib.
Musavat.com






