İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya-Polşa gərginliyi müharibəyə qədər inkişaf edə bilər”-Politoloq

434 27.11.2025 17:33 Dünya A A

Rusiya ilə Polşa arasında siyasi-diplomatik gərginlik sürətlə böyüyür. Xəbər verildiyi kimi, artıq Rusiya Xarici İşlər Nazirliyi İrkutskda fəaliyyət göstərən Polşa konsulluğunun icazəsini ləğv etdiyini açıqlayıb. Bununla da Rusiya ərazisindəki son Polşa konsulluğu da fəaliyyətini dayandırmalı olacaq.

Bu addım Polşanın Qdanskdakı Rusiya konsulluğunu bağlamasına qarşı “tam qarşılıqlılıq prinsipi” əsasında atılıb.

Polşa səfiri Kşiştof Krayevski Rusiya XİN-ə çağırılıb və ona rəsmi nota təqdim edilib. Açıqlamada Qdansk konsulluğunun “əsassız səbəblər və qeyri-dost addımlar” fonunda bağlandığı vurğulanıb. Varşava isə Qdanskdakı Rusiya konsulluğunu 19 noyabrda ölkədəki dəmir yolu təxribatı ilə bağlı atılmış cavab addımı kimi bağlamışdı.
Beləliklə, Rusiya ilə Polşa arasında diplomatik əlaqələr qırılır.

Politoloq Qabil Hüseynli Musavat.com-a şərhində bildirib ki, proses bu istiqamətdə davam edərsə Polşanın Rusiyadakı səfirliyinin fəaliyyətinin dayandırılması da istisna deyil: “Bunun qarşılığında isə Rusiyanın Polşadakı səfirliyinin cavab olaraq qapadılması baş verə bilər. Belə bir tablonun meydana çıxması halında isə iki ölkə arasında diplomatik münasibətlər faktiki olaraq dayanar. Nəticədə qırılan diplomatik münasibətlərin yerini müharibə tuta bilər. Bir çoxları hesab edir ki, Polşa NATO dövləti olduğu üçün Rusiya oraya hərbi hücum etməz. Lakin nəzərə almırlar ki, bu, sağ-solu bəlli olmayan, heç bir beynəlxalq hüquq tanımayan Rusiyadır. Ona görə də günün birində Rusiyanın Polşaya zərbə endirdiyi, Polşaya qarşı hərbi əməliyyata başladığı xəbərini eşidəndə təəccübləməyin. Ukrayna müharibəsi fonunda başlanan Rusiya-Polşa gərginliyi Rusiya-Polşa müharibəsinə qədər inkişaf edə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR