Rusiyanın dövlət başçısı Vladimir Putinin Ağ Ev sahibi Donald Trampın komandası ilə apardığı danışıqlar nəticəsiz başa çatdı. Görüş ətrafında ən müxtəlif qənaətlər formalaşıb. Bunlardan ən başda gələni Rusiya-Ukrayna savaşının hələ bir müddət də davam edəcəyi yönündədir. Çünki Trampın 28 bəndlik sülh planı ilə bağlı yekun qərar verilmədi. Eyni zamanda, yaxın vaxtlarda Putin-Tramp görüşünün planlaşdırılmadığı da gələn xəbərlər sırasındadır.
Danışıqların nəticələri barədə ictimaiyyətə məlumat belə verilmədi. Bu görüşün ardınca Trampın komandasının Zelenski ilə görüşü planlaşdırıldı, o görüş belə baş tutmadı. Bu isə ciddi suallara yol açır.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında Trampın bundan sonra danışıq ritorikasını dəyişə biləcəyini vurğulayıb:
“Moskvada baş tutan və razılaşma əldə edilməyən görüşdən sonra Rusiya-Ukrayna savaşında Qərbin taktikası tədricən dəyişəcək. Rusiya ilə əməkdaşlıq etdiyinə görə Çin və İran sanksiyalarla hədələnəcək. Üstəlik, ABŞ Ukraynaya üçüncü ölkələrin vasitəsi ilə öldürücü silahlar göndərəcək. Hətta muzdlu ordu birliklərinin də Rusiya-Ukrayna savaşına göndəriləcəyi istisna olunmur. Artıq mühacirətdəki çeçen hökumətinin üzvlərinin də Ukrayna cəbhəsində ruslara qarşı döyüşəcəyi ilə bağlı ehtimallar irəli sürülür.
Bir sözlə, Tramp və komandası rusiyalı həmkarı ilə ünsiyyət və təhrik dilini dəyişəcək. Amma görüşün yekunlarına aid Putinin fikirlərindən də aydın görünür ki, diplomatik kanallar açıq saxlanılacaq. Hətta iş o yerə gələ bilər ki, Qərb-Kreml münasibətləri yeni mərhələdə bir-biri ilə “nüvə dili” vasitəsilə ünsiyyət qurar. Bu ehtimallar da istisna deyil.
Hadisələrin gedişatı göstərir ki, Ukrayna və Rusiya arasındakı savaş hələ altı ay da davam edəcək. Səssiz qış kampaniyasından sonra döyüşlər daha da şiddətlənəcək. Çünki Rusiya imperiya maraqlarından çıxış edir və geri çəkilməyəcək. Ukrayna isə ərazi bütövlüyünün bərpasını ön planda tutur. İndi kollektiv Qərb Ukraynanın əli ilə Rusiyanın enerji strukturlarına öldürücü zərbələr endirməklə Rusiyanı sülhə təhrik etməyə çalışacaq”.
Cavanşir ABBASLI
Musavat.com






