Rusiyada məhkəmələrin verdiyi cəzalar arasında ciddi uyğunsuzluq müşahidə olunur: insanları qəsdən öldürən və ya döyərək öldürən şəxslər 6–8 il həbs cəzası alır, eyni müddətə sosial şəbəkələrdə anti-müharibə paylaşımları edən blogerlər də məhkum edilir.
Musavat.com xəbər verir ki, Dolqoprudnı şəhər məhkəməsi həyat yoldaşını öldürüb hissələrə bölən S. Qusevi 9 il həbsə məhkum edib.
Bu, Rusiyada bu cür ağır cinayətlər üçün standart sayılan müddətdir. “MO” saytının araşdırdığı məhkəmə statistikasına əsasən, 2025-ci ilin ilk yarısında “qətl” maddəsi ilə 1731 nəfər məhkum edilib və onların təxminən yarısı (786 nəfər) 5 ildən 8 ilə qədər cəza alıb.
Eyni dövrdə “ordu haqqında feyklər” ittihamı ilə 34 nəfər məhkum edilib və onların 26-sı da eyni – 5–8 il arası cəza alıb.
Qatillərə qarşı yumşaq münasibət nümunələri
İçkili mübahisədə qardaşını bıçaqlayıb öldürdü – 8 il. Məhkəmə qeyd edib ki, təqsirləndirilən şəxs “Xüsusi Hərbi Əməliyyat” iştirakçısıdır.
Qadını döyərək öldürdü – 7 il. Şübhəli içki yoldaşını telefonu oğurlamaqda ittiham edərək onu döyüb öldürüb.
Taksi sürücüsü sərnişini bıçaqladı – 9 il. Mübahisə itlə səfər etmək istəməməsi səbəbindən yaranıb.
Kar və nitq qabiliyyəti olmayan əlili döyərək öldürdü – 1 il şərti cəza. İttiham olunan “təhqir edildiyini” iddia etsə də, zərərçəkənin danışmaq qabiliyyəti yox idi. Cəsəd meşəyə atılıb. Cinayətdə iştirak edən digər şəxs tam bəraət alıb.
Eyni müddətdə cəzalandırılan “təhlükəli blogerlər”
“Ukrayna hərbçilərini çaya qonaq edəcəyini” yazdı və tankçıya hədələyici mesaj göndərdi – 7 il.
Ordunu tənqid edən video paylaşdı – 9 il. Nikolay Artamonov “diskreditasiya”, “terrorçuluğa çağırış” və “terror təşkilatına qoşulmağa cəhd” ittihamları ilə məhkum edilib; əsas dəlil messencerdə bir naməlum şəxslə yazışma olub.
Ukrayna PUA hücumlarını və rus hərbçilərinin öldürülməsini “bəyəndi” – 8 il.
Mağazada qiymət etiketlərinin üzərinə anti-müharibə çağırışları yazdı – 7 il. Rəssam Saşa Skoçilenko sonradan mübadilə yolu ilə azad edilib.
Hazırda Rusiyada ən azı 1755 siyasi məhbus cəza çəkməyə davam edir.
Musavat.com






