İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Avropaya ŞOK XƏBƏRDARLIQ - Müharibə riski

897 10.02.2026 13:50 Gündəm A A

“Rusiya Avropa silahlı qüvvələrinin hücumu halında əlində olan bütün hərbi vasitələrlə cavab verəcək”.

Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

“Əgər Avropa bizə qarşı müharibəyə hazırlaşmaqla bağlı təhdidlərini həyata keçirsə və Rusiya Federasiyasına hücuma başlasa, bu, xüsusi hərbi əməliyyat olmayacaq”, - deyə Lavrov NTV kanalına verdiyi müsahibədə deyib.

O vurğulayıb ki, Moskva tərəfdən bu, mövcud doktrinal sənədlərə uyğun olaraq, əldə olan bütün vasitələrlə tammiqyaslı hərbi cavab olacaq.

Eyni zamanda nazir qeyd edib ki, Rusiyanın Avropaya hücum etmək planları yoxdur, Moskva buna qətiyyən ehtiyac duymur.

Daha əvvəl “Politico” nəşri yazmışdı ki, Norveçin şimalında yerləşən “Camp Viking” bazasında dislokasiya olunmuş Britaniya dəniz piyadaları bölmələri NATO-nun nizamnaməsinin beşinci maddəsinin mümkün icrası çərçivəsində hərəkətlərə hazırlaşmaq məqsədilə təlimlər keçirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidovun fikrincə, Lavrov bu açıqlaması ilə Avropanı psixoloji təzyiq altında saxlamağa çalışır.

WhatsApp Image 2026-02-10 at 13.20.13.jpeg (289 KB)

Ekspert Musavat.com-a şərhində qeyd edib ki, Rusiya eyni zamanda çəkindirici güc formalaşdırmağa çalışır:

“Rusiya-Ukrayna müharibəsindən sonra Avropada intensiv şəkildə hərbiləşdirməyə start verilib. Avropa Birliyi ölkələri Avropa İttifaqını silahlandırma proqramını qəbul etdilər. Eyni zamanda ötən ilin may ayında Avropanın təhlükəsizliyi fəaliyyəti proqramı qəbul olundu ki, bu proqram çərçivəsində üzv ölkələr hərbi sənayenin inkişafı üçün 150 milyard dollar avro dəyərində kredit ala biləcəklər. Birgə təlimlər həyata keçirilir. Yanvar ayında “İstəklər koalisiyası”nın Paris toplantısından sonra sülh sazişi imzalanacağı təqdirdə Britaniya və Fransa qoşunlarının Ukraynada yerləşdirilməsi razılaşdırıldı. Hazırda Norveçdə NATO təlimləri keçirilir, sonra isə Almaniyada keçiriləcək. Rusiya bütün bunları təhlükə kimi görür. Bu baxımdan Avropanın mümkün hücumuna qarşı çəkindirici güc formalaşdırmağa və möhkəmləndirməyə çalışır. Bunun yollarından biri təhdidlərdir. Əlbəttə ki, Lavrov “bütün mövcud hərbi vasitələr” dedikdə nüvə silahlarını da nəzərdə tutur. 2024-cü ildə yenilənmiş nüvə doktrinasına əsasən, Rusiyaya hər hansı hücum olarsa, nüvə silahından istifadə edə bilər. Bu o deməkdir ki, Avropadan Rusiyaya hücum olarsa, Rusiya və Belarus qarşı tərəfə nüvə silahlarından zərbələr endirə bilər. Lavrov da açıqlamasında doktrinanı əsas gətirib”.

Sultan Zahidovun sözlərinə əsasən, Avropada Rusiyanın nüvə hücumundan çəkinənlər var:

“Bu isə həmin ölkələrin Rusiyaya qarşı sərt mövqedə olan ölkələrlə razılaşmamasına gətirib çıxaran amillər sırasındadır. Avropada vahid mövqe yoxdur. Bəzi ölkələr sanksiyalara qarşı çıxırlar. O ki qaldı hərbi müdaxilə mövzusuna, bu, gündəmdə deyil. Ancaq Ukraynaya hərbi qoşunların göndərilməsi fikir ayrılığı yaradan əsas məsələlərdən biridir. Bir çox Avropa ölkəsi bunu dəstəkləmir. Son həftələrdə Avropadan Rusiya ilə dialoqun bərpa edilməsi istiqamətində addımlar atıldığını görürük. Hətta Makronun diplomatiya üzrə müşaviri Emmanuel Bonn Moskvaya gizli səfər etdi. Səfər çərçivəsində o, prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla görüşdü. Makron bəyanat verdi ki, Rusiya ilə dialoqu bərpa etməyin mexanizmləri üzərində iş gedir, məsələnin texniki tərəfləri müzakirədədir. Çox güman ki, Rusiya buna müsbət yanaşacaq. Düşünürəm ki, Aİ sadəcə masadan kənarda qalmaq istəmir. Son bir ildə danışıqlar əsasən ABŞ, Rusiya və Ukrayna arasında baş tutur. Bu da Avropanın prosesdən kənarda qalmasına gətirib çıxarıb ki, xüsusilə, Fransa bundan narazıdır. Avropa üçün Ukrayna həssas məsələdir. Avropa düşünür ki, Ukrayna ələ keçirilərsə, Rusiya qarşısında xeyli zəif düşə bilər. Buna görə də yanaşma budur ki, heç bir halda Ukrayna məsələsində güzəştə getmək olmaz! Avropada “Çemberlen xofu” yaşanır. 1938-ci ildə nasist Almaniyasının lideri Adolf Hitler, Fransanın baş naziri Eduar Daladye, İtaliya lideri Benito Mussolini və İngiltərənin baş naziri Nevill Çemberlen arasında Çexoslovakiyanın Sudet əyalətinin Almaniyaya verilməsini nəzərdə tutan saziş imzalandı. Düşünüldü ki, Hitler Almaniyası bu razılaşmadan sonra heç bir ərazi ekspansionizmi həyata keçirməyəcək, amma əksi oldu, Polşaya hücum etdi və İkinci Dünya müharibəsi başladı. İndi də belə xof var ki, əgər Donbas Rusiyaya verilərsə, Rusiyanın iştahası daha da qabara bilər, daha çox ərazi işğal etməyə cəhd göstərə bilər”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR