İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın mərkəzində yanacaq qəzası: Novosibirskdə YDM-lərin böyük hissəsi bağlandı

999 04.07.2026 13:18 Dünya A A

Ukrayna ordusunun endirdiyi zərbələr nəticəsində Rusiyanın neft emalı sənayesində yaranan kəskin yanacaq qıtlığı Sibir regionunun ən böyük mərkəzlərindən sayılan Novosibirsk vilayətini tamamilə iflic edib. Novosibirsk vilayətində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin (YDM) böyük bir hissəsi yanacaq çatışmazlığı səbəbindən işini tamamilə dayandırıb, açıq qalan az sayda məntəqədə isə kilometrlərlə uzanan nəhəng avtomobil növbələri yaranıb.

Musavat.com
xəbər verir ki, Novosibirsk vilayətinin qubernatoru və regional hökumətin mətbuat xidməti regionda yanacaq təminatı ilə bağlı vəziyyətin kritik və son dərəcə gərgin olduğunu rəsmən etiraf edib. Hökumətin yaydığı rəsmi bəyanatda şəhərdə həyatın tamamilə dayanmaması üçün xüsusi qrafikin tətbiq edildiyi bildirilib:

"Regionda yanacaq təchizatı ilə bağlı vəziyyət gərgin olaraq qalır. Hazırda YDM-lərin əhəmiyyətli hissəsi işləmir, fəaliyyətini davam etdirən stansiyalarda isə ciddi növbələr müşahidə olunur. Yaranmış böhranla əlaqədar, gecə saat 03:00-dan 05:00-a qədər "Qazpromneft" şəbəkəsinə məxsus məntəqələrdə ictimai nəqliyyat, təcili tibbi yardım, xüsusi dövlət, kommunal və qəza xidmətlərinin avtomobillərinin növbədənkənar və prioritet qaydada yanacaqla təmin edilməsi məcburi olaraq təşkil edilib".

Yerli iqtisadi mənbələrin məlumatına görə, yanacaq qıtlığı fonunda Novosibirskdə benzinin qiyməti astronomik həddə çatıb, bəzi özəl YDM-lərdə Aİ-95 markalı benzinin bir litrinin qiyməti rekord vuraraq 170-190 rubla qədər yüksəlib. Böhranın miqyasını azaltmaq üçün Rusiya hökuməti hətta ekoloji standartları aşağı salaraq ölkədə "Avro-3" standartlı benzinin dövriyyəsinə müvəqqəti icazə vermək məcburiyyətində qalıb.

Regional hakimiyyət orqanları xüsusi xidmət və operativ nəqliyyat vasitələrinin ştat rejimində işlədiyini iddia etsə də, yanacaq növbələri səbəbindən şəhərdə tullantıların daşınması və logistika zəncirində ciddi gecikmələr yaşanır, müstəqil yanacaq şəbəkələri isə topdansatış neft treyderlərinin tədarükü kəsməsi səbəbindən bir-bir qapılarına qıfıl vururlar.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR