Görünür Avropa İttifaqı bu missiyanı bəziləri üçün iş yeri hesab edir və heç bir iş görmədən ümumi büdcədən müftə maaş yeri sayırlar.
Ermənişünas alim, professor Qafar Çaxmaqlı bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbərliyi ilə bağlı verdiyi qərar barədə Musavat.com-a açıqlamasında bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Satu Koyvunu Ermənistandakı Aİ Monitorinq Missiyasının rəhbəri təyin edib. Bu barədə Avropa Şurasının bəyanatında bildirilib. Beləliklə, Satu Koyvu vəzifəsinin icrasına sabahdan, fevralın 20-dən başlayacaq və əvvəlki missiya rəhbəri Markus Ritteri əvəz edəcək. Missiya rəhbəri təyin olunmazdan əvvəl Koyvu Finlandiya Milli Polis Şurasında Espoo Şəhər Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
Satu Koyvu milli və beynəlxalq səviyyələrdə 35 ildən çox təcrübəsi olan yüksək rütbəli Finlandiya polis zabitidir. O, Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə fəaliyyət göstərən BMT və Aİ missiyalarında yüksək vəzifələr tutub. Avropa Şurasının yaydığı bəyanatda deyilir:
“Mülki missiya Aİ-nin Cənubi Qafqaz regionunda sülh və sabitliyi dəstəkləmək səylərinin vacib tərkib hissəsidir. Onun məqsədi Ermənistan və Azərbaycan arasındakı sərhədin Ermənistan tərəfindəki vəziyyəti izləmək və hesabat vermək, eləcə də bu ərazilərdə təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir”.
Qeyd edək ki, Aİ Mülki Monitorinq Missiyası 2023-cü ildə Ermənistana iki il müddətinə göndərilib. 2025-ci ilin yanvar ayında Aİ Şurası missiyanın müddətini daha iki il uzatmaq qərarına gəlib. Beləliklə, hələ 2027-ci ilin fevralınadək bölgədə qalmağı hədəfləyən kəşfiyyatçılardan ibarət missiya Ermənistan-Azərbaycan sərhədini patrul edir, yerində təhlükəsizlik vəziyyətini izləyir və hesabat verir. Aİ Monitorinq Missiyasının məqsədi Ermənistanın münaqişədən təsirlənən bölgələrində əhalinin təhlükəsizliyinin təmin edilməsinə və yerində etimadın yaradılmasına töhfə verməkdir. Əvvəlcə 40 nəfərlik heyətdən ibarət olan missiyanın heyət üzvləri də 209 nəfərə çatdırılıb. Aİ üzvü olan 25 ölkənin və Kanadanın təmsilçilərindən ibarət olan missiya artıq yarım hərbi fəaliyyət göstərir. Ancaq şərti sərhədlər boyunca daimi postları olan missiyanın indiki, Bakı ilə İrəvan arasında sülh razılaşmalarının olduğu dövrdə Ermənistanda qalmaqda hansı məram-məqsəd güddüyü qaranlıqdır.
Q.Çaxmaqlının sözlərinə görə, artıq Ermənistanın özündə də anlayırlar ki, bu missiya heç bir işə yaramır, faktiki olaraq Ermənistanla Azərbaycan arasın sülh var, sülh sənədi paraflanıb, imzanacağı da zaman işidir: “Bu müşahiçilərin nəyə görə burada olmasının səbəbi indi məlum olur. Bir vaxtlar ifadə edirdik ki bu müşahidəçi missiya adı ilə casusçuluq fəaliyyətidir və indi bu təsdiqini tapır. Onlar getmir. Niyə? Çünki onların ayrı “missiyası” var. Yeni gələn şəxsin keçmişinə nəzər yetirilsə, görəcəyik ki, o, hansısa şəbəkənin təmsilçisidir”.
E.Paşasoy,
Musavat.com






