Bu gün Şabran Rayon Məhkəməsində hakim Könül Mirzəfərovanın sədrliyi ilə iddiaçı Vüsalə Nadir qızı Balayevanın Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəis əvəzi Asif Nəsibova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, iddia işçinin qanunsuz olaraq işdən azad edilməsi ilə bağlıdır. Ötən proses zamanı iş üzrə sənədlərin tədqiqi aparılıb. Hakim cavabdeh tərəfə müraciət edərək soruşub ki, işçinin əvvəlcədən xəbərdar edilmədən, ona intizam tənbehi – töhmət və ya digər tədbirlər tətbiq olunmadan birbaşa işdən azad edilməsi hansı hüquqi əsaslara söykənir.
Cavabında GEM-in rəis əvəzi Asif Nəsibov bildirib ki, məsələ həmkarların iclasında müzakirə olunub və müvafiq qərar qəbul edilib. Hakim həmin iclasın rəsmi protokolunun məhkəməyə təqdim edilməsini tələb edib. Lakin cavabdeh tərəf belə bir sənədi təqdim edə bilməyib.

Bundan əlavə, məhkəmə tabel sənədlərində olan imzaların surətlərinin də təqdim edilməsini tələb edib. 13 il dezinfeksiya-sanitar xidmətində çalışmış Vüsalə Balayeva iddia edir ki, xəstəliyi ilə bağlı rəsmi arayışı və açılmış bülleten vərəqi ola-ola işdən azad edilib. Onun sözlərinə görə, səhhətində yaranmış problemlərlə bağlı həkimə müraciət edib və rəsmi xəstəlik vərəqi açılıb. Bu barədə rəhbərliyə yazılı izahat da təqdim edib: “Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Asif müəllim izahatı qəbul etdi. Amma bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib”.

İddiaçı bildirir ki, o, qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib və bu addımın məqsədi onun gələcəkdə başqa iş tapmasına mane olmaqdır. Vüsalə Balayeva daha ciddi iddia səsləndirib. Bildirib ki, işdən çıxarılmamışdan əvvəl ondan maaş kartı tələb olunub. O, bu tələbi qanunsuz hesab edərək imtina edib. Bundan sonra isə təzyiqlərlə üzləşdiyini bildirir.
İddiaçı məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etdiyini və rəis əvəzinin hərəkətlərinin araşdırılmasını istədiyini açıqlayıb.
E. Məmmədəliyev,
Musavat.com






