İranın sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ-dən İran xalqını 8 və 9 yanvar tarixlərində yerli vaxtla saat 20:00-da küçələrə çıxmağa çağırıb.
Pəhləvi bildirib ki, onun bundan sonrakı addımları və açıqlamaları məhz iranlıların bu çağırışa necə cavab verməsindən asılı olacaq. O, çıxışının məqsədinin “keçid prosesinə liderlik etmək” olduğunu vurğulayıb.

Pəhləvinin sözlərinə görə, əsas hədəf sülh yolu ilə dəyişikliklərə nail olmaqdır. Bu dəyişikliklər milli referendum və konstitusiya məclisi vasitəsilə həyata keçirilməlidir. O həmçinin qeyd edib ki, “İranda həlledici mübarizə” üçün əvvəlkindən daha çox hazırdır.
Bəs İran xalqı Pəhləvinin çağırışına necə reaksiya verə bilər? Bir zamanlar atası və babasının şahlıq etdiyi İran xalqı indi onun çağırışı ilə küçələrə axın edəcək?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Musavat.com-a bildirib ki, böyük xalq kütlələrinin Pəhləvinin çağırışı ilə küçələrə axışacağı ehtimalı zəifdir və hətta belə bir ehtimal yoxdur:
“Pəhləvinin çağırışı olmadan onsuz da artıq günlərdir İranın bir çox şəhərlərində etiraz aksiyaları, yürüşlər, mitinqlər keçirilir. Yanvarın 8-9-da da bu tipli kütləvi aksiyaların olacağını söyləyə bilərik. Amma bu, heç də o demək olmayacaq ki, həmin aksiyalara qatılanlar məhz Pəhləvi çağırış etdiyi üçün qatılıblar. Pəhləvinin müraciəti ilə az sayda insan küçəyə çıxa bilər. Yəni əgər o hesab edirsə ki, bir çağırışı ilə bütün İran xalqı küçələrə çıxıb hakimiyyəti dəyişəcək, yanılır. Rza Pəhləvinin ölkə daxilində real təşkilati gücü yoxdur. O, İran daxilində struktur, şəbəkə və təşkilatlanmaya malik deyil. İranda isə etirazlar spontan yox, yerli şəbəkələr üzərindən baş tutanda effektli olur.
Digər tərəfdən, cəmiyyət ciddi repressiya təcrübəsindən keçib. 2019, 2022–2023-cü il etirazları onlarla şəhərdə minlərlə həbslə, yüzlərlə ölümlə nəticələndi. Ona görə də insanların bir qismi düşünür ki, küçəyə çıxsam, məni kim qoruyacaq. Pəhləvinin onları qoruyacaq imkanları yoxdur. İran cəmiyyəti Pəhləvi ətrafında konsolidasiya olunmayıb. Bəzi fars mərkəzli orta təbəqə və diasporadan dəstək var, amma bu, xalqın dəstəyi hesab edilmir”.
Ekspert onu da deyib ki, İran əhalisinin əhəmiyyətli hissəsini təşkil edən güney azərbaycanlıların, kürdlərin, bəlucların və digər qeyri-farsların da böyük əksəriyyəti Pəhləvini özlərinin lideri kimi qəbul etmirlər. Ona görə də Pəhləvinin bu çağırışı inqilaba çevrilə bilməz:
“Rza Pəhləvi hazırda lidersiz olan prosesdəki boşluğu öz şəxsində doldurmaq istəyir. Lakin Pəhləvi olmasa da, proses gedir və gedəcək. Hər bir etiraz dalğası İrandakı rejimi daha da laxladır və sonunu yaxınlaşdırır. Belə görünür ki, Pəhləvi ayrı-ayrı güc mərkəzləri tərəfindən idarə olunur. Ancaq onun çağırışının təsirli olması suallar doğurur”.
Etibar Seyidağa,
Musavat.com






