İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən Səudiyyə vətəndaşlarının məhkəməsi: “Biz bilməmişik…”

777 27.11.2025 17:05 Kriminal A A

Səbail Rayon Məhkəməsində Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək videogörüntülər çəkib sosial şəbəkələrdə yayan Səudiyyə Ərəbistanı vətəndaşları – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad barəsində cinayət işi üzrə proses keçirilib.

Musavat.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda ittiham olunan şəxslərin kimliyi, davranışları və peşmanlıqları bir daha üzə çıxıb. Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanında təhqiqatçı, Alzaman Mahdi Ali isə həmin nazirliklə əlaqəli şirkətdə mühafizəçi işləyib. Turist kimi Bakıya gələn əcnəbilər Salyan şosesində yerləşən “Panorama” hotelində qalıb və ölkəmizə səfərlərini sosial şəbəkələrdə paylaşmaq məqsədilə şəhəri gəzdikləri bildirilir.

“Biz bilmirdik, üzr istəyirik…”

Məhkəmədə elan olunub ki, hər üç təqsirləndirilən şəxs prosesdən əvvəl yazılı müraciət ünvanlayaraq törətdikləri hərəkətə görə peşman olduqlarını bildiriblər. Müraciətdə deyilir:

“Biz hesab edirik ki, Şəhidlər xiyabanında özümüzü daha məsuliyyətli aparmalı idik. Lakin oranın Şəhidlər Xiyabanı olduğunu bilməmişik. Çünki bizim ölkədə xiyabanlar bu formada deyil. Bütün şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bizi bağışlayarlar”.

Dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra əcnəbilərin hər biri özlərinə qarşı irəli sürülən ittihamda təqsirlərini qəbul etməsələr də, əməllərinə görə peşman olduqlarını qeyd ediblər.

Hadisə necə baş vermişdi?

Xatırladaq ki, bu ilin 17 avqustunda sosial şəbəkələrdə yayılan videogörüntülərdə üç əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etdiyi əks olunmuşdu.

DİN-in həyata keçirdiyi araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, həmin şəxslər 13 avqustda turist kimi Bakıya gəlib, ölkədə cəmi 5 gün qalmalı idilər. Onlar çəkdikləri görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra polis əməkdaşları tərəfindən yerləşdikləri hotel “Panorama”da saxlanılmışdılar.

Hər üç şəxs istintaqa cəlb edilmiş, onların ölkəmizdəki davranışları hüquqi qiymət almağa başlamışdı.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi – “Qəbir üzərində təhqiredici hərəkət” ilə cinayət işi başlanıb. Qanun bu maddə üzrə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məhkəmə prosesinin davamı zamanı tərəflərin əlavə izahatları, dövlət ittihamının mövqeyi və cəza təyini məsələsi növbəti iclaslarda aydınlaşacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR